Zərdabda “Fərdi inkişaf və motivasiya” mövzusunda təlim və “Bir gecənin qərarı” adlı kitabın təqdimatı keçirildi-FOTO
Zərdabda “Fərdi inkişaf və motivasiya” mövzusunda təlim və “Bir gecənin qərarı” adlı kitabın təqdimatı keçirildi.
Aprelin 15-də Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə gənc psixoloq Hüseyin Kərimov tərəfindən yeniyetmə və gənclər arasında “Fərdi inkişaf və motivasiya” mövzusunda təlim, eyni zamanda onun müəllifi olduğu və motivasiya mövzusunda qələmə aldığı “Bir gecənin qərarı” adlı kitabın təqdimatı keçirildi.
”Xəbəraz” xəbər verir ki, Zərdab Gənclər evi Sosial Xidmət Müəssisəsində təşkil edilmiş təlim və təqdimat mərasimində çıxış edən Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov iştirakçıları salamlayaraq bu gün ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şərait və imkanlardan bəhs etdi, yeniyetmə və gənclər arasında fərdi inkişaf və motivasiyanın əhəmiyyətini diqqətə çatdıraraq “Bir gecənin qərarı” adlı kitabın onlara qeyd olunan istiqamətlərdə yeni biliklər aşılayacağını vurğuladı.
Daha sonra çıxış edən Zərdab Gənclər evi SXM-nin direktoru Jalə Kərimli, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Zərdab şəhər 1 saylı məktəb liseyin direktor müavini Səliqə İsmayılova, Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Maisə Xəlilova gənclərin öz potensiallarını reallaşdırmaq və maksimum dərəcədə hədəflərinə çatmaları üçün fərdi inkişaf və motivasiyanın mühüm amil olduğunu diqqətə çatdıraraq, gənc psixoloq Hüseyin Kərimova fəaliyyətində uğurlar arzu etdilər.
Təlimdə fərdi inkişafın insanın formalaşması üçün əsas məqamlardan biri olduğu, effektiv ünsiyyət, ondan yararlanmağın üsulları, motivasiya, onun faydası, gündəlik həyatda tətbiqi, motivasiyanın insanın performansı, işi və hədəfləri baxımından istəkli və qərarlı olduğunu əks etdirən əsas anlayış olması barədə məlumatlar iştirakçıların diqqətinə çatdırıldı, sonra gənclər arasında psixoloji teslər aparıldı.
Sonda müəllif tərəfindən iştirakçılara “Bir gecənin qərarı” kitabı təqdim olundu, mövzu ilə əlaqədar qarşılıqlı müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, gənc psixoloq Hüseyin Kərimov Vətən müharibəsi iştirakçısıdır, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.