22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı.

Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!

Dil hər bir millətin, xalqın milli kimliyi, varlığı və ən böyük mənəvi sərvətidir. Ana dilimiz qədimliyi, zənginliyi, ahəngdarlığı, acılığı, rəngarəngliyi və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir.

Tarixi minilliklərin sərt, amansız sınaqları ilə üzləşən, bu çətin sınaqlardan şərəflə və üzüağ çıxan dilimiz zamanla cilalanaraq daha da zənginləşmiş, saflaşmış və uzun inkişaf yolu keçmişdir.

Azərbaycan xalqının xilaskarı olan Ümummilli lider Heydər Əliyev keçən əsrin 60-cı illərin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilimizə çox böyük diqqət və qayğı göstərmişdir.

Heydər Əliyevin qətiyyəti, şəxsi təşəbbüsü və sarsılmaz iradəsi, ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib

Ana dilimizin həm ümumxalq dili, həm də dövlət dili kimi hərtərəfli inkişafında , işlək dilə çevrilməsində, beynəlxalq sistemə yol tapmasında və dilimizin siyasi hüquqi statusunun möhkəmlənməsində çox mühüm rolu olmuşdur.

Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir.

Ulu öndərin dil haqqında fikirləri onun fəaliyyətinin əsas istiqamətlərindən olmuş, daim prioritet kimi diqqətində saxlamışdır. Heydər  Əliyevin  “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz  Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında şox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük önəm verildiyi bir dönəmdə dilçi alimlərimiz, elmimizin cəfakeşləri bu şərəfli missiyanın da öhdəsindən ləyaqətlə gələcək, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.

 

Həqiqət Həziyeva

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru v.m.i.e.  

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın