22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Heydər Əliyevin azərbaycançılıq ideyası Azərbaycanda milli həmrəyliyin, birliyin möhkəmlənməsinə xidmət edir

Heydər Əliyevin azərbaycançılıq ideyası Azərbaycanda milli həmrəyliyin, birliyin möhkəmlənməsinə xidmət edir

Heydər Əliyevin azərbaycançılıq ideyası dövlətimizin ideya, məfkurə əsasını təşkil etməklə Azərbaycanda milli həmrəyliyin, birliyin möhkəmlənməsinə xidmət edir

Ümummilli lider Heydər Əliyev bir azərbaycanlı kimi azərbaycançılığı öz xalqına dərindən bağlı olmaqda görürdü. O, Azərbaycan dilini, Azərbaycan mədəniyyətini, tarixini sevirdi, sözün həqiqi mənasında, fədakar vətənpərvər, Azərbaycan üçün əlindən gələni etməyə hazır olan böyük dövlət xadimi idi. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyevin “Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edirəm” sözləri qəlbinin dərinliklərindən gəlirdi. O, 1990-cı illərin əvvəlində – Azərbaycan üçün çox mürəkkəb bir dövrdə bu sözləri deməklə Vətən naminə canından da keçməyə hazır olduğunu vurğulayırdı.

Vətən sevgisi, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə, Vətənin tarixinə məhəbbət Ümummilli lider Heydər Əliyevdə elə keyfiyyətlər formalaşdırmışdı ki, bu məziyyətlər Onu sözün həqiqi mənasında, vətəndaşlıq etalonu adlandırmağa imkan verir.

Heydər Əliyevin azərbaycançılıq konsepsiyası, ilk növbədə, Onun özünü azərbaycanlı kimi dərk etməsindən, Azərbaycanın mənafeyi naminə hər şeyə hazır olmasından irəli gəlirdi. Bundan əlavə, həmin konsepsiya müstəqil Azərbaycanın bütövlüyü, birliyi ideyası, onun hərtərəfli inkişafı və tərəqqisi strategiyası kimi qəbul edilirdi.

Azərbaycan qədim tarixə, qədim mədəniyyətə, özünəməxsus koloritə və spesifikaya malik olan ölkədir. Bütün bunları bir anlayış şəklində birləşdirsək, azərbaycançılıq məfhumu alınar. Azərbaycançılıq hər bir vətənpərvər azərbaycanlı üçün Azərbaycan dövlətçiliyi, Azərbaycan millətçiliyi, vətənpərvərlik və Azərbaycan naminə özünü qurban verməyə hazır olmaq deməkdir. Bu mənada, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən etməklə Azərbaycanın daxili vəhdətinin, onun monolitliyinin təmin edilməsi üçün ideoloji zəmin hazırlamışdır.

Eyni zamanda, azərbaycançılıq ideyası təkcə daxili milli parametrlərdən ibarət deyildir. Bütövlükdə, azərbaycançılıq dedikdə, Heydər Əliyev kimin harada yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəsin Azərbaycanın birliyi və mənafeyi naminə fədakarlığını nəzərdə tuturdu.

Azərbaycançılıq ideologiyasının əsas konturlarını müəyyən edərkən, Heydər Əliyev həm də Azərbaycan diasporunun formalaşmasını, bütün dünyada pərakəndə şəkildə mövcud olan Azərbaycan icmalarının Vətənin mənafeyinin qorunması naminə birləşməsini arzu edirdi. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu ideya əsasında Onun təşəbbüsü ilə görülmüş tədbirlər sayəsində güclü diaspor formalaşmışdır. Bütün dünyada pərakəndə şəkildə səpələnmiş azərbaycanlılar bu ideya ətrafında birləşir, harada yaşamasından asılı olmayaraq özlərini Azərbaycan xalqının bir hissəsi, Azərbaycanı isə özlərinin tarixi vətəni hesab edirlər. Beləliklə, Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq konsepsiyası bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilmişdir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın