“Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”
“Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”
Başqa xalqlara, mədəniyyətlərə hörmət Ümummilli Lider Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana xəttini təşkil edir. Ulu Öndər xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirdi. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. Buna görə də mədəniyyətinin kökündə ümum-şərq faktoru xüsusi yer tutan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir.
Çıxışlarının birində Heydər Əliyev demişdir: “İslam dini bizim doğma dinimzdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir… Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Məlumdur ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdiyi ilk dövrdə ölkədə dövlət-din münasibətlərində ciddi ziddiyyətlər vardı. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədəki uçurumu aradan qaldırmaq mümkün oldu.
Ulu Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edirdi. Eyni zamanda onun Prezident kimi fəaliyyət göstərdiyi dövrdə multikultural və tolerant dəyərlərə yüksək qiymət verilir, bütün dinlərin, konfessiyaların nümayəndələrinə öz dini adət-ənənələrini sərbəst olaraq yerinə yetirmək üçün imkan yaradılırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin İslam dünyası ilə əlaqələri xüsusilə möhkəmlənmiş-dir. 12 dekabr 1994-cü ildə İslam Konfransı Təşkilatının Mərakeşdə keçirilən VII zirvə görüşündəki nitqində Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib: “Bütün məscidlər dağıdılmış, müsəlman məzarları təhqir olunmuş, Qurani – Kərimin nüsxələri yandırılmışdır. Ən qədim müsəlman sivilizasiyasının bütün iz-ləri yer üzündən silinir… “1996- cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının 8-ci Zirvə görüşündə siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haq-qında” başlığı ilə ilk dəfə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb.
Ulu Öndər daim qeyd edirdi ki, İslam aləminin, müsəlman dövlətlərinin birliyə böyük ehtiyacı var. Bu fikir indi də olduqca aktualdır. Çünki hazırda İslam dünyasında, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranlar yaşanır. Bir sıra müsəlman dövlətlərində müharibələr, terror aktları, digər hərbi toqquşmalar baş verir. Bunun nəticəsində onların bir qisminin iqtisadiyyatı zəifləyib. Qərb ölkələrində isə bu vəziyyətdən istifadə edərək məqsədyönlü şəkildə İslamı terrorla əlaqələndirməyə cəhd göstərirlər. Belə bir şəraitdə Azərbaycan yenə də İslam sivilizasiyasının və mədəniyyətinin qorunmasına öz töhfəsini verir. Bunu ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatında fəal iştirakı da təsdiqləyir. Avrasiya regionun üç böyük müsəlman ölkəsi – Türkiyə, İran və Pakistan arasında regional iqtisadi əməkdaşlıq təşkilatı kimi yaranıb. 1992-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikstan da təşkilata daxil olub.
Azərbaycan 2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə evsahibliyi edib. Cari ilin mart ayının 1-də Pakistanın paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində 2012-ci ildən sonra görülən işlər yüksək qiymətləndirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür elan olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan olunması ölkəmizin sülhsevər və humanist siyasətinin təzahürüdür. Bu, həm də İslam dünyasına olan həssas münasibətin göstəricisidir. Bu təşəbbüs müsəlman ölkələri arasında əməkdaşlıq əla-qələrinin daha da güclənməsinə öz töhfəsini verəcək, İslam dünyasında sülhün və əmin-amanlığın bərqərar olmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyev İƏT-in XIII Sammitində bununla bağlı deyib: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi fikir verir. Azərbaycan 2017-ci ili “İslam həmrəyliyi ili” elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcəkdir. Bu gün islamafobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqə-ləndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”.
Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə böyük qiymət verən Ulu Öndər Heydər Əliyev kimi, Prezident İlham Əliyev də azərbaycançılıq məfkurəsinin təməlində milli birlik, dünyəviçilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik görür. Möhtərəm Prezidentin İslam həmrəyliyi istiqamətində apardığı böyük işlər bu gün dünya səviyyəsində nümunə kimi dəyərləndirilir. Bu baxımdan çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müstəqil ölkəmizin müsəlman dünyasındakı nüfuzundan xəbər verir.
Beləliklə də, ölkəmiz İslam dünyasına qarşı aparılan çirkin kampaniyaya bütün müsəlman ölkələri ilə sıx birlik və həmrəyliyini nümayiş etdirməklə cavab verir.
Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru