“Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir”
“Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir”
Ulu Öndər deyirdi: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar – mən azərbaycanlılar haqqında danışıram – gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqedər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.Dünya azərbaycanlılarının hamısını bir ideya – vahid Azərbaycan ideyası birləşdirməlidir. Elmi-nəzəri ədəbiyyatda bu anlayış azərbaycançılıq termini ilə ifadə olunur. Bunun qayəsi ondan ibarətdir ki, azərbaycanlı hansı ölkədə məskunlaşmasından asılı olmayaraq Azərbaycanı özünə vətən bilməli, onun çiçəklənməsi naminə əlindən gələni etməlidir.
Hidayət Orucov yazır ki, bir sıra ölkələrdə, xüsusən də Rusiyanın bəzi şəhərlərində azsaylı üzvlərdən ibarət və yumşaq deyilsə, bir-biri ilə yola getməyən ayrı-ayrı cəmiyyətlər həmin ölkələrdə və şəhərlərdə yaşayan çoxsaylı soydaşlarımızı mənəvi cəhətdən birləşdirərək təşkilandırmaq iqtidarında deyillər. Çox vaxt belə cəmiyyətlər arasında hansısa nüfuz və şəxsi maraqlar uğrunda rəqabət gedir ki, bu da onsuz da, pərakəndə şəkildə mövcud olan azərbaycanlı icmasının parçalanmasına səbəb olur. Nəticədə, şəxsi-qərəzlik, regionçuluq əsasında qurulmuş bu cür təşkilatlar məişət zəminli intriqalar yuvasına çevrilir.
Xaricdəki azərbaycanlı icmaların təşkilatlanması işinə mane olan zərərli və ənənəvi bir təmayülü də xatırlatmaq yerinə düşərdi. Bu, soydaşlarımızın milli-siyasi fəallığının zəifliyi, daha çox onların iqtisadi maraqlarla əməkdaşlığa meyilli olmaları ilə bağlıdır. Adətən, iqtisadi-maliyyə baxımından imkanlı həmvətənlərimiz icmanın təşkilatlanması məsələsinə biganədirlər. Təsis edilən cəmiyyətlərdə isə çox vaxt şəxsi və iqtisadi maraqlar önə çəkilir ki, bu da həmin cəmiyyətlərə əlaqələndirici və birləşdirici missiya rolunu oynamağa imkan vermir.
Xaricdə Azərbaycan diasporunun birləşməsi və koordinasiyasına əngəl olan regionçuluq kimi zəruri bir amil də özünü aydın büruzə verməkdədir. Məlumdur ki, Qərbdə İrandan köçən soydaşlarımız sayca böyük üstünlüyə malikdirlər. Lakin Azərbaycan Respublikasına, Azərbaycan milli dövlətçiliyinə münasibətdə, eyni zamanda, soydaşlarımızın milli özgürlüyünün qorunub saxlanılması, dil və mədəniyyətlərinin inkişafı, mənəvi birliyə nail olunması və sair məsələlərdə onların arasında ciddi siyasi-məfkurəvi ziddiyyətlər mövcuddur. Bu vəziyyət istər Qərbdə məskunlaşmış Azərbaycan Respublikasından olanlarla, istərsə də Türkiyə türkləri ilə (onların arasında Azərbaycan əslli soydaşlarımız da çoxdur) münasibətlərə ciddi soyuqluq gətirməkdədir. Məsələn, azərbaycanlı-türk icmasının sayca üstün olduğu Almaniyada türklər Azərbaycanın müstəqilliyini və dövlətçiliyini birmənalı şəkildə dəstəkləyir və icmanın fəaliyyətini bu istiqamətdə qurmağa çalışır. İranlı soydaşlarımızı isə şərti olaraq iki qrup ayırmaq olar: müstəqil Azərbaycan Respublikasını dəstəkləyənlər və “siyasətə qarışmamaq” adı altında müstəqilliyimizə, mənəvi birliyimizə biganə, hətta qarşı mövqedə duranlar. Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyinə “biganələr” Almaniyada və ümumən Qərbdə yaşayan türklərlə azərbaycanlıların milli-mənəvi və əməl birliyinə mane olmağa, onları müxtəlif vasitələrlə qarşı-qarşıya qoymağa yönəlmiş ziyankar fəaliyyət göstərirlər. Bu işdə digər arzuolunmaz hallar da mövcuddur.
Buna görə əbədiyaşar Prezidentimiz Heydər Əliyevin 1996-cı ilin iyul ayında Almaniyaya səfəri zamanı Bonnda soydaşlarımızla görüşdə söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqində müdrik tövsiyələrindən biri məhz fikir, əməl birliyinə aid idi: “… Mən demirəm ki, 40 miylon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi-fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər… Mən Azərbaycanın Prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir”.
Bütün həyatı, şəxsi keyfiyyətləri, siyasi fəaliyytəti ilə daim Azərbaycan adının müqəddəsliyinə xidmət etmiş dahi şəxsiyyətin həmin görüşdəki bir tövsiyəni və haqlı tələbini də xatırlamaq yerinə düşərdi: “Lazımdır ki, Amerikada da, Almaniyada da, Fransada da, İngiltərədə də, Belçikada da, Hollandiyada da – hər yerdə azərbaycanlılar olsun. Amma azərbaycanlı sadə bir vətəndaş kimi yox, elə olsun ki, onun şəxsində Azərbaycan səslənsin, ölkəmizin bayrağı qalxsın, xalqımızın milli mədəniyyəti, dili, ədəbiyyatı, incəsənəti səslənsin”.
O ki qaldı yuxarıda qeyd etdiyimiz “biganələrə”, xarici ölkələrdə məskunlaşmış İran azərbaycanlıları ilə türklər arasında müəyyən xoşagəlməz hallara və ziddiyyətlərə, sözügedən görüşdə Heydər Əliyev özünəməxsus ustalıq və həssaslıqla həmin zərərli tendensiyaya öz münasibətini bildirərək demişdir: “Almaniyada nə qədər azərbaycanlı yaşayır? 150 min. Nə qədər türk yaşayır? İki milyon. Bilirsinizmi, bir millətik. Hamımız bir kökdənik. Ona görə azərbaycanlılar da, türkiyəlilər də bir-birinə dayaq olsun, əl-ələ versinlər. Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir. Yenə də deyirəm: biz hamımız bir kökdənik”.
Göründüyü kimi, Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək təşkilatlanması, ümummilli qayəmiz ətrafında sıx birliyin yaranması, müstəqil ölkəmizə ictimai, mənəvi, mədəni, iqtisadi əlaqələrin möhkəmlənməsi, bir sözlə, ümum-Azərbaycan lobbisinin hüdudlarının müəyyənləşməsini haqlı olaraq ümumtürk dünyasından təcrid olunmuş şəkildə təsəvvür etmir, əksinə, türk xalqlarının birgə lobbisinin yaranması və formalaşması üçün dəyərli tövsiyələr verir. Yuxarıdakı sətirlər ölkə rəhbərimizin bu mövzuda ilk və son fikri deyil, bu tezis Onun həmin mövzudakı əksər çıxışlarında öz əksini tapmışdır.
Hüseynov Sədafər
Saatlı rayon Ağsaqqallar Şurasının sədri