22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar siyasəti demokratik azadlıqların təminatı, siyasi dialoq üçün yeni imkanlar yaratmaq, qanunvericilik sahəsində təkminləşdirmələrin aparılması baxımından hər zaman böyük əhəmiyyət daşımışdır. Aparılan bütün islahatlar Azərbaycan xalqının əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamasına xidmət edir.

2018-ci il Prezident seçkilərindən sonra ölkədə aparılan sistemli islahatların dərinləşdirilməsi və Milli Məclisin fəaliyyətini tam şəkildə təşkil etmək sistemli islahatların davamı idi. Qeyd edək ki, başlanan islahatlarda qanunverici orqan dövrün tələbləri ilə ayaqlaşmırdı. Bunu nəzərə alan hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası bəyanatla çıxış etdi və Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini təklif etdi. Bundan sonra Milli Məclis parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini yekdilliklə qəbul etdi. 2020-ci il martın 5-də keçirilən növbədənkənar seçkilərin keçirilməsi haqqında Avropa İttifaqı tərəfindən verilmiş obyektiv bəyanat və yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olması seçkilərin tanınması demək idi.

Seçkilərin keçirilməsindən sonra ölkəmizdə yeni siyasi konfiqurasiya yarandı. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşdı. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirdi. VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğuladı: “Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.”

Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirildi, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilməyə başladı. Qanun yaradıcılığı işində deputatlar daha da fəal iştirak edirlər. Belə ki, Milli Məclisin iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, o cümlədən müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olundular. Eyni zamanda, demokratik mühitin göstəricisi olaraq plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının fəal iştirakçılığı təmin edildi.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Parlamentin əsas işi qanunvericilikdir

Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qərarlara imza atan Azərbaycan Parlamenti fəaliyyətini uğurla davam etdirir. Dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələri bu gün Prezident cənab İlham Əliyevin proqram xarakterli tövsiyələri ilə zamanın tələbinə uyğun müstəqil Azərbaycanın tərəqqisinə, inkişafına xidmət edir.

İlk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır.

Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür.

“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”. Prezident cənab İlham Əliyevin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında tarixi, proqram xarakterli çıxışında səsləndirdiyi bu fikirlər bu gün tam təsdiqini tapıb. Qanunvericilik bazasını yeniləyən, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən Milli Məclis zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir.

Şübhə yoxdur ki, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsiplərini, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrini davam etdirən Azərbaycan Parlamenti qarşıdakı müddətdə də ölkənin hərtərəfli tərəqqi yolunda bütün səy və imkanlarını səfərbər edəcəkdir.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Sosial dövlət

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.

Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilək, sosial   rifah dövləti mərtəbəsinə yüksəlməkdir. Sosial dövlət dedikdə  inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür.

Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”

Ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyyulmuş bu uğurlu yol  Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət ərzində Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev öz fəaliyyəti ilə Ümummilli lider ideyalarının layiqli davamçısı olduğunu bir daha təsdiq etmişdir.          Prezident cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Ölkə Prezidenti cənab İlham Əliyev əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atır.

Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu Prezident cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş siyasi dövlət strategiyası təşkil edir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir.

Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə gənclərə dövlət qayğısının artırılmasını təmin edilmişdir. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.

Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olmuşdur. Bu tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstəriblər: Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş ediblər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri 

 

 

 Yeni siyasi konfiqurasiya

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafın təminatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı cənab İlham Əliyev daim bu müqayisəli təhlili aparır ki, elə ölkələr var, iqtisadi inkişafı ilə diqqət çəkir, amma orada demokratik islahatlar aşağı səviyyədədir. Elə ölkələr də var ki, onlarda demokratik inkişaf geniş vüsət alsa da, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Həmin ölkələrdən fərqli olaraq Azərbaycanın bu vəhdəti qoruması beynəlxalq səviyyədə də təqdir olunur. Bu gün böyük inamla qeyd etdiyimiz “Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür” fikri də ölkəmizin bu sahədə qazandığı təcrübədən irəli gəlir. Uğurlarımıza söykənərək bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Hakimiyyətin hər üç qolunda – qanunvericilik, icra və məhkəmə-hüquq sistemlərində islahatlar yeni hədəflərin gerçəkləşməsini şərtləndirir.    Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə kadr islahatlarının həyata keçirilməsində, həmçinin bir sıra şöbələrin birləşdirilməsində, eyni zamanda, yenilərinin yaradılmasında məqsəd qarşıya qoyulan hədəflərə çatmaq, yeni prioritetlər müəyyənləşdirməkdir. Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində son dərəcə maraqlı olmasından xəbər verir.

Bütün bunlar göstərir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar mahiyyət etibarilə vətəndaşın məmnunluğuna və ölkəmizin daha da güclü şəkildə beynəlxalq aləmdə təmsil olunmasına imkan vermişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”-fikrinin təsdiqi olan islahatlar bir daha göstərir ki, siyasi iradə, qətiyyət və milli maraqlara xidmət hakimiyyətin əsas qayəsini təşkil edir və edəcəkdir. Nəticə etibarilə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilməlidir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın