22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Azərbaycanlıların soyqırımı haqqında” Fərman

“Azərbaycanlıların soyqırımı haqqında” Fərman

“Azərbaycanlıların soyqırımı haqqında” Fərman.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı XX əsrdə dörd dəfə böyük soyqırımı aktları törədilib və deportasiya həyata keçirilib. Bunlar 1905-1907, 1917-1920, 1948-1953 və 1988-1994-cü illəri əhatə edir. Sonuncunun ağır nəticələri isə göz qabağındadır. Erməni millətçiləri müxtəlif böhranlı dövrlərdə uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Törədilən qırğınların coğrafiyasının xeyli geniş olub. Ermənilər Cənubi Qafqazda, Şərqi Anadoluda və digər yerlərdə dəhşətli soyqırımları törədiblər. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin göstərişi ilə erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlıqla qırğın törədilib. 1918-ci il ilin 31 mart tarixi Bakıda həyata keçirilən türk-müsəlman soyqırımının başlanma tarixi kimi simvolik olaraq götürülür. Bu hadisələr zamanı təkcə Bakıda 12 min, Şamaxıda 23 min, Zəngəzurda 10 mindən çox, Şərur-Sədərək bölgəsində 18 mindən çox, Dərələyəz bölgəsində 50 mindən çox türk-müsəlman ermənilər tərəfindən qətlə yetirilib. Bu gün özlərinə qarşı soyqırımı törədildiyi iddiası ilə çıxış edən ermənilərin əlində istinad edəcəkləri ciddi sənəd olmadığı halda, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları təhqiqat və istintaq materialları ilə hələ 1918-ci ildə tam sübuta yetirilib. Bakı şəhərində, digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi, mədəni abidələri, məscidlər dağıdılıb. Kütləvi qırğınlar Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər yerlərdə də qəddarlıqla törədilib. Ermənilərin xalqımıza qarşı törətdiyi bu cür faciələrin araşdırılması və dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başladılıb. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında 1918-ci il martın 31-də baş verənlər “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Quba qırğınları.

Quba sakinləri, təbii ki, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların şəhər və kəndlərinin müsəlman əhalisi üzərində erməni əsgərləri tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda yaşayan bir çox qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul etdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin  silahlı hücumu başlanır. Üç gün davam edən şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar.  Gelovaninin dəstəsi ilə ləzgilər arasında silahlı toqquşmanı mahiyyətcə Qubada “Sovet hakimiyyətinin qurulması” uğrunda birinci və sonuncu mübarizə adlandırmaq olar. Bolşeviklərn məğlubiyyəti ilə nəticələnmiş bu mübarizədə hər iki tərəf itkilərə məruz qalır, ləzgilərdən 200 nəfər öldürülür, həmçinin dinc sakinlərdən 70 nəfər həlak olur.“Vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə baxmayaraq, ermənilərin həmin döyüşdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona “milli” çalar verir. Qubanı tərk edərkən Ağacanyanın əmri ilə onun əsgərləri  xristian əhalisini, əsasən erməniləri  Qubadan çıxarmaq məqsədilə  ev-ev gəzərək onları bir yerə  toplayır, lakin atışma zamanı yarı yolda ataraq qaçırlar. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla “aparılan” dinc xristian əhalisindən onlarla rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri  həlak olur. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirmişdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəqələrdən ibarət olan kişilər qətlə yetirilirlər. Hamazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə – yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi şəhər sakinlərində heç bir şübhə doğurmurdu: Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar küçələrdə və meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, onlar evləri və mağazaları yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalmışdı və çürüyürdü. Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər başçısı Əliabbas bəy Əlibəyov dəfələrlə Hamazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız dördüncü gün erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə gəlməyə və meyitləri basdırmağa çağırdılar. Basdırılmayan meyitləri ermənilər gedənə qədər, yəni 9 gün küçələrdə qaldı. Hamazaspın 3 minlik dəstəsinin Quba qəzasına “cəza yürüşü” boyu etdiyi bütün əməllər bir daha sübut edir ki, bu dəstə heç də 3 günlük döyüşlər zamanı öldürülmüş cəmi bir neçə Quba ermənisinin və yaxud “türklər və kürdlər tərəfindən öldürülən Türkiyə ermənilərinin” qisasını almaq üçün gəlməmişdi. Qubanın şəhər əhalisi həmin döyüşlərdə iştirak belə etməmişdi, lakin minlərlə günahsız qubalılar guya məhz bu səbəbdən Hamazasp tərəfindən “cəzalandırılırdı”. Əslində, “Şaumyanın başçılıq etdiyi mərkəz” tərəfindən Hamazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın müsəlman əhalisinin kütləvi şəkildə məhv edilməsi və onun öz əzəli torpaqlarından sıxışdırılaraq çıxarılması idi. Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki, silahlı erməni quldur dəstələri hələ Bakıdan Qubaya və əksinə hərəkət edərkən, bütün dəmir yolu xətti boyunca, yolun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, onları talan etdikdən sonra odlayır, məscidləri və müqəddəs Quran kitablarını yandırır, kəndlilərin əmlakını talayır, rastlarına çıxan hər kəsi isə dərhal, qadın, qoca və uşaqlara rəhm etmədən öldürürdülər . 1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla 540  kənd var idi və bu kəndlərin 171 248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək–cəmi iki həftə ərzində Hamazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Hamazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qubalılar, digər kəndlərin sakinləri, eləcə də  qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. alır. Hamazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra, əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında ölüm halları  minlərlə ölçülürdü. 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə  yalnız  Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın