Özəlləşdirmə çekləri: hüquqşünaslardan hökumətə çağırış
Tarixi ədalət pozulub, bir milyon insanın haqqı əlindən alınıb
Bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, hüquqşünaslar, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.
Özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, izahatlar verilib, fikirlər bəyan edilib, fakt-sübutlar ortaya qoyulub. Mütləq şəkildə isbat edilib ki, özəlləşdirmə çekləri mülkiyyətdir, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur – nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz!
Dövlət özəlləşdirmə çekləri, bu çeklərin qanunsuz şəkildə tədavüldən çıxarılması, əhalinin halal haqqının əlindən alınması və yüzminlərlə vətəndaşın dövlətdən ƏDALƏT tələb etməsi haqda, yuxarıda da qeyd olunduğu kimi, illərlə danışılır, yazılır, ifadə olunur. Ən müxtəlif sahələri təmsil edən aydın insanlar, düşüncə sahibləri, mütəxəssislər, dövlətini və xalqını sevən ziyalılar, millət vəkilləri səviyyəsində illər uzunu problem hökumətin diqqətinə çatdırılıb, ədalət çağırışı edilib, milli birlik və bərabərlik naminə bu problemin çözümünün vacibliyi vurğulanıb.
Problemi faktlarla əsaslandıran, onun həlli üçün hökumətə çağırışlar edən, çıxış yolları göstərən hüquqşünas və hüquq müdafiəçilərinin illər boyu AYNA-ya verdikləri açıqlamalardan yığcam xülasələrin ikinci hissəsini ictimaiyyətin və hökumətin diqqətinə çatdırırıq.
(Birinci hissə BURADA)
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Adəm Məmmədov:
“Vətəndaşların mülkiyyət hüquqları pozulub. Hansı ki, mülkiyyət hüququ bir insanın doğulandan dünyasını dəyişənə qədər, bundan sonra isə vərəsəlik yolu ilə varislərinə keçən bir hüquqdur. Bunu heç bir halda pozmaq olmaz! Amma nə etdilər? Yüzminlərlə vətəndaşın hüquqları pozuldu. Dövlətin onlara ayırdığı pay dəyərsiz kağız parçasına çevrildi. Sovetlər dövründə əmanət banklarında vətəndaşların pulları batdı. Sonradan Azərbaycan hökuməti onu qismən kompensasiya etdi. Özəlləşdirmə çekləri ilə bağlı isə heç bir addım atılmır. Payı əlində qalan insanlar daha neçə il gözləməlidirlər ki, problemləri öz həllini tapsın?!”.
Hüquqşünas Xəyal Bəşirov:
“Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. Bu baxımdan mütləqdir ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların taleyinə aydınlıq gətirilsin. Bununla bağlı yeni qərarların qəbuluna və vətəndaşlara dəymiş zərərin ödənilməsinə ehtiyac var. Bir halda ki, qanun vətəndaşın tərəfindədir, ona riayət etmək lazımdır”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov:
“Özəlləşdirmə çeklərinin paylanması tam şəffaf formada həyata keçirilsə də, proses uğurla başa çatmadı. Bu, çox ciddi bir fərman idi. Ölkə vətəndaşlarının da qarşısında geniş imkanlar açırdı. Lakin maariflənmə səviyyəsinin aşağı olması, işbazların müdaxiləsi nəticə etibarilə prosesin uğurla yekunlaşmasına mane oldu. Bu gün yüzminlərlə vətəndaş çekləri əllərində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Azərbaycan hökuməti bu istiqamətdə araşdırmalara başlamalıdır. Bu məsələyə məntiqi yekun vurmaq istəyiriksə, araşdırmalar vətəndaşların maraqları nəzərə alınaraq aparılmalıdır. Bütün hallarda vətəndaşların hüquqları qorunmalıdır. Onları Allahın ümidinə buraxmaq olmaz. Ya tədavül müddəti artırırlmalı, ya da dəyən zərər hansısa formada kompensasiya edilməlidir”.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mübariz Yolçiyev:
“Özəlləşdirmə çekləri tədavüldə olmasa da, qiymətli kağız olaraq əhəmiyyətini qoruyur. Özəlləşdirmə payı üzərində vətəndaşın hüququ mövcuddur. Vətəndaş yalnız öz istəyi ilə öz payını digərinə sata və ya bağışlaya bilər. Bunun üçün hüquqi sənədləşməyə də ehtiyac yoxdur. Əgər bu çek tədavüldən çıxarılırsa, bu halda özəlləşdirmə payının dəyəri sahibinə ödənilməlidir. Çünki burada mülkiyyət hüququ var və bu hüquq ortadan qaldırılırsa, bu halda mülkiyyət hüququnun ödənilməsi vacibdir”.
Hüquqşünas Namizəd Səfərov:
“Özəlləşdirmə prosesi vətəndaşlara SSRİ-dən miras qalan dövlət mülkiyyətinin məmurlar tərəfindən oğurlaması ilə başa çatıb. Bu fərmanda qeyd olunurdu ki, özəlləşdirmə prosesində əsas payçılar vətəndaşlar olacaq. Lakin nəticədə nə baş verdi? Müəllimlər, həkimlər, kəndlilər, sadə vətəndaşlar bu prosesdən kənarda qaldılar. Ümumiyyətlə, hökumət açıqlama veribmi ki, özəlləşdirməyə çıxarılan müəssisələr hansılar idi və sonradan onların aqibəti necə oldu? Heç kimin heç nədən xəbəri olmadı. Bir də onda ayıldıq ki, “lələ köçüb, yurdu qalıb”. Milyonlarla insan hüquqsuz duruma düşdü. Müəyyən bir qismi əllərində olan çekləri dəyər-dəyməzinə satışa çıxarsa da, bəzi vətəndaşlarımız sona qədər prinsipiallıq nümayiş etdirdilər və oğru işbazların oyununda alət olmadılar. Bu gün də həmin vətəndaşlar vauçerləri əllərində gözləyirlər. Əvvəla, bir məsələyə aydınlıq gətirilməlidir: əgər vətəndaşlar bu hüquqdan istifadə edə bilməyəcəkdilərsə, o zaman bu boyda həngaməyə nə ehtiyac vardı?! Bir halda ki, elan etmisiniz, yüzminlərlə insan bu gün də çekləri əllərində gözləyir, buyurun, onların hüquqlarını bərpa edin. Daha neçə il keçməlidir ki, bu məsələyə ədalətli şəkildə yekun vurulsun?”.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı:
“Bu məsələdə qanun vətəndaşdan yanadır. Çünki fərmanda və qanunda nəzərdə tutulan müddəalar yerinə yetirilməyib. Günün birində, heç bir əsas olmadan elan ediblər ki, tədavül müddəti başa çatıb. Heç hesabat verən oldumu ki, nə qədər müəssisə özəlləşdirməyə çıxarılıb, proses necə yekunlaşıb?! Tələm-tələsik prosesi bitirdilər. Bu gün yüzminlərlə vətəndaş hüquqsuz durumda qalıb. Onların əlində olan özəlləşdirmə çekləri dəyərsiz kağız parçasına çevrilib. Nəhayət, bu məsələyə məntiqi yekun vurulmalıdır. Müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməli və qəti addımlar atmalıdır”.
Müstəqil Ekspertiza İnstitutunun direktoru, hüquqşünas Şükür Hüseynov:
“Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir. Faktiki olaraq onlar dövlətin ayırmış olduğu imtiyazdan istifadə hüququndan məhrum olublar. Düzdür, iddia oluna bilər ki, bunun üçün zamanları olub. Amma bu proses obyektiv şəkildə aparılmayıbsa və vauçer sahibləri də bunun fonunda nəyəsə ümid ediblərsə, buna görə onları ittiham etməyə dəyməz. Bu adamları Allahın ümidinə buraxmaq olmaz. Hökumət öz vətəndaşlarına sahib çıxmalıdır. Nəhayət, bu məsələyə məntiqi yekun vurulmalı və vauerləri əlində qalan vətəndaşlarla bağlı tarixi qərar elan olunmalıdır”.
Hüquqşünas Fərid Rüstəmov:
“Özəlləşdirmə çekləri ilə bağlı ciddi ədalətsizlik baş verib. O zaman əhaliyə bu çeklərin paylanması zamanın tələbi idi. Ulu öndər Heydər Əliyev o dövr üçün ən doğru qərarlarından birini verdi. Çünki ölkəmiz yenicə müstəqillik əldə edirdi və SSRİ-dən qalmış dövlət əmlakı vətəndaşlar arasında bərabər bölünməliydi. Sonradan isə proses düzgün aparılmadı. Əslində, prosesin böyük qüsurlarla aparıldığını əsas götürsək, ümumiyyətlə, hər şeyi yenidən başlamağı da tələb etmək olar. Lakin bu, böyük məbləğdə vəsait deməkdir. Heç olmasa, özəlləşdirmə payları əlində qalan vətəndaşlara sahib çıxmaq lazımdır… Ya dəymiş zərəri kompensasiya etsinlər, ya da növbəti özəlləşdirmə prosesində pay sahiblərinin iştirakının anonsunu versinlər. Bu proses uzansa da, yekunda öz həllini tapacaq. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Nəzərə alsaq ki, sosial problemlər mövcuddur, belə bir qərarın qəbul edilməsi pay sahiblərinə bayram sevinci yaşadar. Elə insanlar var ki, ömürlərinin ahıl çağlarını yaşayırlar. Onları da düşünmək lazımdır”.
Hüquqşünas Vaqif Hacıbəyli:
“Özəlləşdirmə prosesi böyük qüsurlarla müşayiət olunub. Açıq şəkildə söyləmək olar ki, proses eybəcər şəkildə həyata keçirilib. Hansı ki, bununla bağlı fərmanda və qanunvericilikdə mütərəqqi məqamlar yer alırdı. Bu müddəaların heç biri həyata keçirilmədi. Mafioz qruplar vətəndaşlara məxsus səhmləri ələ keçirdilər. Bununla bağlı bir hüquqşünas olaraq mən də vaxtilə bir qrup səhmdarın hüquqlarını müdafiə etmişəm. Gördüyüm mənzərə dəhşətə gətirirdi. Təsəvvür edin ki, səhmdarlar halal pulla aldıqları müəssisələri itirdilər. Buna görə onlara heç bir kompensasiya ödənilmədi. Prosesi çox biabırçı və rüsvayçı formada təşkil etdilər”.
Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev:
“Özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqları bərpa olunmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan vətəndaşlarına əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması barədə qərarı keçid dövrü üçün ən mühüm qərarlardan biri idi. Bu qərar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratmışdı. Sonradan bu proses yarımçıq aparıldı. Halbuki, yüzminlərlə vətəndaş onlara məxsus özəlləşdirmə çeklərini qoruyub saxlayırdı. 2011-ci ildə isə tədavül müddətinin başa çatdığı bəyan edildi. Hansı ki, qanunvericilikdə tədavül müddəti ilə bağlı məqam nəzərdə tutulmurdu. Bu, yolverilməz və əsassız bir addım idi. Hazırda pay sahibləri birləşərək öz hüquqlarını tələb edirlər. Ölkə ziyalıları da onlara dəstək göstərirlər”.
Qarabağ müharibəsi veteranı, hüquqşünas Yavər Hüseyn:
“Özəlləşdirmə çekləri ilə bağlı problemə yekun vurulmalıdır. Bununla bağlı fərmanın icrasına başlamasından 25 ildən artıq zaman ötür. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Dövlət əmlakı vətəndaşlar arasında paylanılmalı idi və bu yöndə qanun qəbul olundu, fərman imzalandı. Amma imkan vermədilər ki, əhali bundan bəhrələnə bilsin. Məsələyə məsul olan məmurlar çalışırdılar ki, prosesi alayarımçıq başa vursunlar. Buna nail oldular da. Bütün bu oyunlara alət olmayan yüzminlərlə vətəndaş hələ də özəlləşdirmə paylarını qoruyur. Hansı qanunda yazılıb ki, tədavül müddəti başa çata bilər?! Bu, qanunsuz qərardır və təcili şəkildə aradan qaldırılmalıdır”.
Bakı İnsan Hüquqları Klubunun həmtəsisçisi Rəsul Cəfərov:
“Hüququnun pozulduğunu iddia edən vətəndaşları dövlətin aidiyyəti qurumları dinləməlidir, problemlə dərindən maraqlanmalıdır. Əgər hüquq pozuntusu varsa, o zaman bunun yoluna qoyulması üçün addım atılmalıdır. Dövlət məsələni yoluna qoya bilər – ya kompensasiya şəkilində, ya da qiymətli kağızları yenidən dövriyyəyə buraxmaqla, tədavül müddətini artırmaqla. Yəni ki, ortaq bir yol tapılmalıdır. Söhbət yüz minlərlə vətəndaşın şikayətindən gedirsə, buna qeyri-ciddi yanaşmaq olmaz, tədbir görülməlidir”.
Hüquq elmləri doktoru, “Sirius” Vəkil Bürosunun təsisçisi və müdiri Sübhan Əliyev:
“Çeklər məsələsi dövlət səviyyəsində həllini tapmalıdır. Qəti qərar verilməlidir və pozulan haqlar bərpa edilməlidir. Özəlləşdirmə payları ilə bağlı problemi hansısa formada həll etmək lazımdır. Bunu kompensasiya formasında da yoluna qoymaq olar ki, bu zaman da xarici təcrübəyə baxılmalıdır. Ümumiyyətlə, bizdə özəlləşdirmə prosesi, bu prosesdə çeklərdən səmərəli istifadə düzgün aparılmadı. Bundan sonra da çeklərin tədavüldən çıxarılması ilə prosesə sanki yekun vuruldu. Bu isə nə hüquqla doğru idi, nə də iqtisadi qanunlara uyğun idi. Hesab edirəm ki, bu qədər müraciətlər havada qalmamalıdır. Lazımi qiymət verilməli, qərar qəbul olunmalıdır”.
Vəkil Asif Məmmədov:
“Uzun müddətdir müzakirə olunan bu problemin həllinə ehtiyac var. Normativ hüquqi aktlara da, nəzəriyyəyə də əsasən, verilmiş bir hüquq ləğv olunduqda, həmin hüququ tənzimləyən normativ hüquqi aktlarda bundan sonra hansısa dəyişiklik edilməz. Ona görə ki, bu, hüququn qüvvədən düşməsi hesab olunur. Məsələ burasındadır ki, “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə” 14 may 1997-ci il tarixli 579 saylı fərmanla təsdiq olunub. Həmin çeklər başqa bir fərmanla 2011-ci il 1 yanvar tarixindən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli 426 saylı fərmanla isə “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə”də dəyişiklik edilib. İndi burada sual olunur: çeklər hələ də qüvvədə deyilsə, onda nə üçün çeklərə aid olan əsasnamədə dövriyyədən çıxarılandan sonra, yəni 2014-cü ildə dəyişiklik edilib?! Buradan görünür ki, ziddiyyət mövcuddur. Hesab edirəm ki, qanunla özəlləşdirmə çekləri hələ də qüvvədədir və müəyyən hüquqlar bunu təsdiq edir. Hüquqa əməl edərək məsələnin həlli vacibdir. Əlində çeki qalan və bundan istifadə etməyən vətəndaşların hüquqlarının bərpası üçün addım atılmalıdır. Dövlət vətəndaşların çağırışına səs verməlidir və məncə, bu, diqqətə alınacaq, çeklərlə bağlı müvafiq qərar veriləcək. Yenə deyirəm, qanun bunu tələb edir”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.