21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib.

Dövlət başçısı cənab İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi  bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Dövlət başçısı cənab İlham Əliyev hələ  bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində  Azərbaycanın uğurları fonunda qarşıdakı dövrün əsas vəzifələrini açıqlayarkən bu fikri xüsusi qeyd etdi ki,  bugünkü reallıqları  2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımlarındandır. Belə ki, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə ölkəmizin uğurla həyata keçirilən enerji layihələrində önəmini aydın şəkildə görmək mümkündür. Bu günlərdə imzalanmasının 30 iliyini qeyd etdiyimiz “Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı uğurların aydın ifadəsini məhz hazırda  işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində aydın görmək mümkündür.

Öncə iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi, sonra əldə olunan gəlirlər təyinatı üzrə xərclənərək qeyri-neft sektorunun inkişafına, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldildi. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması  Azərbaycanın hazırda dünyaya təkmil iqtisadi inkişaf, həmçinin dirçəliş modelini təqdim etməsini şərtləndirir.

Dövlət başçısının qeyd etdiyi kimi,  Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar  Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Bu gün Azərbaycan enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib. Həmçinin Azərbaycan durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov  

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın