Bölgələrimizin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir
Bölgələrimizin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir
Azərbaycanda regionların inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, investorların regionlara cəlb olunması, yeni iş yerlərinin açılması, əhalinin həyat tərzinin yaxşılaşdırılması ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amillərdir. Bölgələrimizin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin regionlara hər bir səfəri yeni müəssisələrin istifadəyə verilməsi və ya təməlinin qoyulması ilə əlamətdar olub. Bu səfərlərin nəticəsi kimi ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə imzalanan sərəncamlar regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olur. Həmçinin, xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması regionlarımızın sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişib, davamlı yüksəliş üçün möhkəm əsas yaradıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.
12 avqust 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı, Ağsu rayonlarına səfəri həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb etmiş oldu. Səfər çərçivəsində ölkə başçısı Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olub. İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib. İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub. Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Qeyd edək ki, Ağsu və İsmayıllıda dövlət proqramı ilə icrası nəzərdə tutulan infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilib. Ağsu və İsmayıllı şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Həmçinin bu rayonlarda yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addımlar atılıb.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru