9 noyabr- Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram
9 noyabr- Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram.
Ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın göstəricisidir ki, 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir.
Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Bu qanunla Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmiş, onun rəsmi tədbirlər, matəm günləri və matəm mərasimləri zamanı istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi qaydaları təsbit olunmuş, Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər, habelə Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilmişdir.
Bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır, milli ideallara bağlılıq özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir.
Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Kəmalə Əliyeva – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin direktoru