22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Özəlləşdirmə çeki sahiblərinin artan ÜMİDİ: Yeni qanunda nələr gözlənilir?

Özəlləşdirmə çeki sahiblərinin artan ÜMİDİ: Yeni qanunda nələr gözlənilir?

Mübariz Yolçiyev: “Mövcud sosial narazılıqların həll olunması üçün özəlləşdirmə ilə bağlı yeni qəbul olunacaq qanunda bu məsələ aydınlaşdırılacaq”.

Anar Əsədli: “Əlində çeki qalan şəxslərlə bağlı konkret addımların atılması artıq gecikir, təcili tədbirlər görülməlidir, insanların haqqı yeyilib, hüquqları tapdanıb”.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

BEYNƏLXALQ HÜQUQA, KONSTİTUSİYA VƏ QANUNLARA, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏ DÖVLƏTİN  TARİXİ SOSİAL ƏDALƏT SİYASƏTİ PRİNSİPLƏRİNƏ ƏSASLANARAQ HÜQUQ EKSPERTLƏRİNİN YEKDİL QƏRARINA ƏSASƏN, qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla  dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% əmlak payını -mülkiyyət  hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan HEC KİMƏ SATA BİLMƏZ! İSTƏR XARİCİ və ya YERLİ  investor MÜSABİQƏDƏ QALİB OLDUĞU HALDA ödəmənin ən azı 65%-ni Özəlləşdirmə Çeklərinin NOMİNAL DƏYƏRI ilə etməlidir!

Ən əsası Ulu Öndər Heydər Əliyev Dövlətin ən kasıb vaxtında bütün özəlləşdiriləcək orta və böyuk dövlət müəsisələrinin 65%-inin  xarici investorlara satılmasına ancaq  əvvəlcədən çek opsionlarını alaraq bazardan və vətəndaşlardan özəlləşdirmə çekləri əldə etdikləri halda özəlləşdirmədə iştirakına icazə verdi. Bu Ulu Öndər Heydər Əliyevin İqtisadi Siyasətinin, Kapitalizmə -xüsusi mülkiyyətə dinc kecid ücün əsas olan Tarixi Sosial Ədalət Siyasəti prinsipi və uzaqgörənliyinin nəticəsi kimi Konstitusiya və Qanunlarla təsdiqləmışdir.

Mövzu ilə bağlı Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, vəkil Mübariz Yolçiyev İnterpress.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri tədavüldə olmasa da, hələ də qiymətli kağız kimi qüvvədədir. Bu baxımdan vətəndaşlar əllərində çekləri qorumalıdır:

“Özəlləşdirmə çekləri ayrı hüquqi anlayışdır, özəlləşdirmə payları isə başqa anlayışdır. Yəni, bu iki hüquqi anlayış bəzən eyni ifadə ilə ifadə olunur. Ona görə də elə hesab olunur ki, eynidir. Lakin hüquqi mahiyyətləri tamamilə fərqlidir. Özəlləşdirmə payı bir dəyərdir, əmlak payıdır. Onun üzərində vətəndaşın mülkiyyət hüququ var. Özəlləşdirmə çeki isə həmin dəyərin bağlandığı qiymətli kağızdır. Özəlləşdirmə çeki qiymətli kağız olaraq vətəndaşa verilib və vətəndaş bu qiymətli kağız vasitəsilə özəlləşdirmə payına sahib olduğunu təsdiqləyə bilir. Özəlləşdirmə payının və çeklərinin üstünlüklərini müəyyən etmək istəsək, ayrı-ayrı məsələlərə baxmalıyıq. Birincisi, özəlləşdirmə çeklərinin tədavülü çox asandır. Yəni, qiymətli kağız olması fonunda bütün qiymətli kağızlar kimi tədavülü çox sadədir. Burada notariusa və ya digər yerlərə getməyə ehtiyac yoxdur. Vətəndaş sadə yazılı müqavilələr vasitəsilə sahib olduğu özəlləşdirmə çekini başqasına sata bilər. Bu, olduqca önəmli üstünlükdür. Bir örnək kimi desəm, bir mənzilin satılması və alınması çətin bir prosedurdur. Vətəndaş notariusa, daha sonra reyestrə getməlidir. Yəni, bir neçə prosedurlardan keçməlidir. Lakin mənzili qiymətli kağız olan mənzil sertifikatı ilə ifadə etdikdə, bu zaman dövriyyəni sadə bir şəkildə həyata keçirmək mümkündür. Eyni zamanda bu qayda səhm məsələsinə də aiddir. Səhmdar cəmiyyətlər üzvlük hüququnuzu təsdiqləyir, səhmdar cəmiyyətdəki payınızı müəyyən edir. Səhmin dövriyyəsi çox sadədir.

Əgər özəlləşdirmə payı yoxdursa, onu qiymətli kağızla ifadə etmək mümkün deyil. Eyni zamanda səhmdar cəmiyyət yoxdursa, onu səhmlə ifadə edə bilmərik. Bu baxımdan öncəliklə iqtisadi dəyərin olması vacibdir. Özəlləşdirmə çekinin ən böyük üstünlüyü onun tədavülüdür. Bundan başqa, girov qoyulması və digər xüsusiyyətlər sırf özəlləşdirmə çeklərinin üstünlükləri kimi göstərilə bilər. Özəlləşdirmə payının üstünlüyü isə dövlətin sahib olduğu əmlakdan bir miqdarı vətəndaşa əvəzsiz və qarşılıqsız olaraq verməsini təsdiqləyən bir dəyərdir. Vətəndaş dolasıyı ilə mülkiyyət hüquqi sahib olur. Həmin mülkiyyət hüququ özəlləşdirmə çeki ilə ifadə olunur. Öncəliklə qanunla özəlləşdirmə payı çıxarılıb, daha sonra isə həmin payın tədavülünün dövriyyəsini asanlaşdırmaq və girov qoyulmasını təmin edə bilmək üçün qiymətli kağıza bağlanıb. Özəlləşdirmə payının xüsusiyyətlərindən biri də onlardakı nominal dəyərin inflyasiyadan qorunan dəyər olmasıdır. Yəni, hər nə qədər inflyasiya baş versə də, özəlləşdirmə çekləri və payının dəyəri itmir, dəyişmir. Bir sözlə, inflyasiyadan qorunur.

Özəlləşdirmə çekləri qiymətli kağız olaraq, tədavüldən fərmanla çıxarılıb. Əgər bu çek tədavüldən çıxarılırsa, bu halda   özəlləşdirmə payının dəyəri vətəndaşlara ödənməlidir. Çünki burada mülkiyyət hüququ var və bu hüquq ortadan qaldırılırsa, bu halda mülkiyyət hüququnun ödənməsi vacibdir. Bu baxımdan özəlləşdirmə çekinin tədavüldən çıxarılması proseduru Mülki Məcəllənin tələb etdiyi çərçivədə həyata keçirilməyib. Özəlləşdirmə payı deyilən anlayışın dəyər olaraq ortadan qaldırılması üçün kompensasiya vacibdir. Kompensasiyanın ödənməməsi fonunda yaranan vəziyyətin vətəndaşlar arasında narazılıq yaratması başadüşüləndir. Mövcud sosial narazılıqların həll olunması üçün özəlləşdirmə ilə bağlı yeni qəbul olunacaq qanunda bu məsələ aydınlaşdırılacaq. Çünki ortada bir sosial etiraz var, cəmiyyətin kişik bir hissəsini təşkil etmir. Əhalinin təxminən 20 faizə yaxını bu narazılıqda iştirak edir. Ona görə də dövlət kompensasiya etmədən tədavüldən çıxardığı özəlləşdirmə çeklərinin təsdiqlədiyi dövlət özəlləşdirmə payı üzərindən vətəndaşın mülkiyyət məsələsini həll etməlidir. Güman olunur ki,  yeni qanunda bu problem öz həllini tapacaq. Bu fonda vətəndaşlar çeklərini satmasa daha yaxşı olar. Çünki bu çeklərin gələcəyinin olması hüquqi çərçivədə təsdiqini tapıb.

Özəlləşdirmə çeklərinin tədavülünün bərpası iqtisadi həyatda mühüm faydalara səbəb olacaq. Belə ki,iqtisadi dövriyyə arta bilər. Özəlləşdirmə çekinin qiymətli kağız kimi tədavülü pula ehtiyac olan bazarlarda ehtiyacın aradan qalxmasına təsir edə bilər. İnanırıq ki, yeni “Özəlləşdirmə haqqında qanun çərçivəsində müəyyən addımlar atılacaq və problemlrin həllinə nail olunacaq. Cənab Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə yeni özəlləşdirmə qanunu ən geci 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində qəbul olunacaq. Biz demokratik və hüquqi dövlətin vətəndaşlarıyıq. Konstitusiyaya, qanunlara, Ulu Öndərin tarixi sosial ədalət siyasəti və prinsipinə, eləcə də Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Ulu Öndərin siyasətinin layiqli davamçısı olmasına güvənirik, güvənməliyik. Bu mənada 100 faiz əminliklə deyə bilərəm ki, Cənab Prezident artıq özəlləşdirmə çekləri ilə bağlı yeni qanun layihəsini hazırlayan hüquqşünas və mütəxəssislərə bu barədə öz göstərişlərini verib”.

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Aanr Əsədli isə öz növbəsində vurğulayıb ki, bu məsələnin yenidən gündəmə gəlməsi ən azı vətəndaşlarımızın bu planda hüquqlarının bərpa edilməsi baxımından əhəmiyyətlidir. Buna qəti laqeyd yanaşmaq olmaz, çünki söhbət yüz minlərlə vətəndaşın əsas qayğılarından biridir:

“90-cı illərdə Postsovet məkanı ölkələrinin əksəriyyətində birinci mərhələ özəlləşdirilməyə münasibət birmənalı olmadı və proses kifayət qədər pozuntularla müşayiət olundu. Əvvəlki dövrdə yaradılmış xalq mülkiyyətinin özəl sistemə transformasiyasının formaları müxtəlif olması səbəbindən, bir çox vətəndaşlar keçmişdə yaratdıqları maddi dəyərlərdən öz paylarını götürə bilmədilər. Zamanla özəlləşdirmənin başqa yollarının tapılması ilə ictimai əsaslı şirkətlərin yaranması səngidi, bununla da insanların ixtiyarında olan özəlləşdirmə çekləri üstünü toz basan ev əşyasından başqa bir şeyə çevrilmədi. Bununla belə, xeyli insanımız var ki, bu çekləri atmayıb, yaxud dəyər-dəyməzinə satmayıblar. Hərçənd elə bir ağır dövr gəlmişdi ki, vətəndaşlarımız ən xırda məişət ehtiyaclarını ödəmək üçün bu qiymətli kağızları çox ucuz qiymətə satışa çıxarırdı.

Əslində, özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlıq mühitinə böyük ölçüdə müsbət təsir edərdi. Söhbət əlavə çeklərin buraxılması yox, məhz vətəndaşların əllərində uzun illərdir istifadəsiz qalan qiymətli kağızlardan gedir. Xüsusi olaraq qeyd edək ki, çeklərin əsas funksiyası dövlət əmlakının ümumxalq mülkiyəti olduğunu nəzərə alaraq, onun vətəndaşlar arasında ədalətli bölgüsünün təmin edilməsidir. Vauçerlər, özəlləşdirmə çekləri müxtəlif ölkələrdə fərqli qaydalarla tətbiq olunub, bizdə də özünəməxsus prinsiplər və qaydalarla həyata keçirilmişdi. Vətəndaşların bilməsi gərəkən vacib nüans bundan ibarətdir ki, əgər dövlət mülkiyyətində olan bir müəssisə birbaşa alıcıya satılırsa, o zaman səhmdar çeklərin ona verdiyi imkanları səfərbər edə bilər. Müəssisə hansısa idarəçiliyə veriləndə isə, müvafiq pay üzrə səhmdar kimi prosesdə iştirak etmək imkanları məhdudlaşır. Bu məqamlarda diqqətli olmaqda fayda var.

Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasını doğru addım hesab etmək olar. Hələ 1997-ci ildə qiyməti iki min ABŞ dolları olaraq müəyyənləşdirilən özəlləşdirmə payı son 11 ildə tədavüldə olmasa da, vətəndaş hesab edir ki, bunun özü qanunsuzluqdur. Elə bu səbəbdəndir ki, əllərində özəlləşdirmə çekləri qalan vətəndaşlar bir gün hüquqlarının bərpa olunacağı günü gözləyirlər. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Ümumilikdə götürəndə isə əlində çeki qalan şəxslərlə bağlı konkret addımların atılması artıq gecikir, təcili tədbirlər görülməlidir, insanların haqqı yeyilib, hüquqları tapdanıb və hökumət məsələnin nə dərəcədə həssas olduğunu anlayaraq, ya özəlləşdirmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir, ya da mövcud qanunvericilik hüquqi cəhətdən mübahisələndirilib daha təkmil və işlək hala salınmalıdır.

Son 10 ildə ölkədə aparılan özəlləşdirmə, əslində, qanunsuz hesab oluna bilər. O mənada ki, Azərbaycanda özəlləşdirmə prosesi, faktiki, əlində özəlləşdirmə çekləri olan vətəndaşlarımızın sözügedən prosesdə iştirakı olmadan keçirilib. Hökumət 2011-ci ilə qədər özəlləşdirmə çeklərinin müddətini uzadaraq onları tədavüldə saxlayırdı. 2011-ci ildən isə bu proses dayanıb, yəni daha müddət uzadılmayıb. Özəlləşdirmə çekləri olan vətəndaşlar isə nə edəcəklərini bilmirlər, məmur özbaşınalıqları, müstəqil olmayan ədalətsiz məhkəmələr vətəndaşlara bu prosesdə öz haqq və hüquqlarını bərpə etməkdə ciddi maneəyə çevrilib. Buna baxmayaraq, vətəndaş başa düşməlidir ki, hazırda əlində qalan və ya uzun illərdir saxladığı özəlləşdirmə çekləri müddəti bitmiş qiymətli kağızdır. Nə qədər ki, onun tamamilə dövriyyədən çıxarılması barədə prezidentin fərmanı yoxdur,  dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi prosesində vətəndaşın yenidən iştirakına ümid etmək olar. Əslində, elə uzun müddətdir əllərində qiymətli kağızlarını satmayıb saxlayan vətəndaşlar, həm də o ümidlə yaşayıblar ki, nə zamansa yüksək rentabelli iri dövlət müəssisələri özəlləşdirilməyə çıxarılacaq, onlar da əllərindəki pay sənədlərilə bu prosesdə iştirak etməklə yaxşı divident əldə edəcəklər. Ancaq hələ ki, belə bir tendensiya hiss olunmur, baxmayaraq ki, özəlləşməsini gözləyən xeyli sayda mülkiyyət var. Bundan başqa, vətəndaşlarda qalan və istifadə olunmayan özəlləşdirmə çeklərinin tədavüldən çıxarılmasının, proses olaraq, özü də qanunsuz bir aksiyadır.

Təsəvvür edin ki, dəyəri bugünkü nominal bazarı qiymətlərilə götürüləndə, 300 milyard ABŞ dollarına yaxın dəyəri olan dövlət mülkiyyəti hələ də özəlləşdirilib qurtarmayıbsa, o zaman bu çeklər hansı hüquqi-iqtisadi əsaslarla tədavüldən çıxarılıb? Yox əgər, proses tam olaraq başa çatdırılmayıbsa və hələ saysız-hesabsız dövlət mülkiyyətində olan obyektlər, sahələr qalıb ki özəlləşdirilməsini gözləyir, o zaman vacib bir sual əmələ gəlir: vətəndaşların əlində qalan qiymətli kağızların özəlləşdirmə hərraclarından kənarda saxlanması hüquqi cəhətdən nə dərəcədə əsaslıdır?

Bəllidir ki, burada da şübhəli məqamlar kifayət qədərdir və Azərbaycanda son 25 il ərzində həyata keçirilən özəlləşdirmə proseslərinin ciddi haqsızlıqlar, o cümlədən qanun pozuntuları ilə müşaiyət olunmaqla keçirilməsi, özəlləşdirilməyə çıxarılan dövlət mülkiyyətində olan müəssisələrin tezbazar dəyər-dəyməzinə satılması halları kimsəyə sirr deyil. Elə bu prosesin özündə də, əlində özəlləşdirmə çekləri olan nə qədər vətəndaşın haqqı yeyilib desək, yalan olmaz. Heç şübhəsiz ki, burada kifayət qədər açıq sulları qalan məsələlər mövcuddur və daha çox problemin mübahisələndirilərək hüquqi tənzimlənməsinə gərək var.

Ümumiyyətlə, vətəndaşlarımızın çek hərraclarında iştirak edə bilməsi üçün uzun illərdir əlverişli imkanların yaradılmaması da ayrı bir problemdir. Əslində, qanunvericilikdə də göstərildiyi kimi, indiyə qədər sözügedən çeklərin tədavülü ilə bağlı Çek İnvestisiya Fondu yaradılmalı idi. Ancaq görünür, bu da hansısa mübhəm səbəblərdən bu günədək yubanır. Biz yaxşı bilirik ki, Azərbaycanda dövlət mülkiyyətində olan müəssisələrin alqı-satqısı, özəlləşdirmə prosesi daha çox formal əsaslarla, ən çox da uzaq-yaxın əlaqələr, dostluq, simsarlıq, qohumbazlıq prinsiplərilə, şübhəli sövdələşmələr əsasında gerçəkləşdirilir. Bu zaman müəssisələrin, balansındakı əsas vəsaitlə birlikdə dəyərinin sahib olduğu real dəyərdən kifayət qədər aşağı göstərilməsi, belə bir hərracda iştirakı da vətəndaş üçün maraqsız edə bilir. Belə olduqda, təbii ki, “…ortada divident yoxdursa, özəlləşdirmə çeki evdə yatsa, daha yaxşıdır” prinsipi aktual olur. Əslində, bu vəziyyət də müvafiq qanunvericiliyin kobud şəkildə pozulması, əllərində özəlləşdirmə çeki qalan vətəndaşların haqq və hüquqlarının çeynənməsindən başqa bir şey deyil. İndi xırda bir araşdırma aparsaq öyrənərik ki, hazırda əhalinin hardasa 20 faizə qədərində özəlləşdirmə prosesinə cəlb olunmayan xeyli sayda vauçer var. Yəni, bu qiymətli kağızlar özəlləşdirmə prosesində faktiki iştirak etməyib.

Elə buna görə də vətəndaşlarımıza tövsiyəm budur ki, əgər görsələr ki, yaxın zamanlarda prezidentin özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması barədə fərmanı, yaxud Milli Məclisin bununla bağlı hansısa qərarı olmayacaqsa, o zaman onlar hüquqlarının təminatı üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Yaxşı yadımdadır, hələ eks-prezident Heydər Əliyev üzünü camaata tutub deyərdi ki, o əlinizdəki çekləri dəyər-dəyməzinə satmayın, onlar çox qiymətlidir. Yeri gəlmişkən qeyd edək ki, ümumiyyətlə, Azərbaycanda vətəndaşlara verilən dövlət təminatlı özəlləşdirmə çeklərini başqa ölkələrdə buraxılmış özəlləşdirmə qiymətli kağızlarından fərqli edən bir neçə üstün keyfiyyəti var: Əvvəla, sənədli adsız qiymətli kağızın özünün (bir pay) çapı 8 ABŞ dollarına başa gəlib və dollardan daha çox qoruyucusu var; başqa tərəfdən, özəlləşdirmə çeki qanunla İnvestisiya Fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün nəzərdə tutulub; Hər biri dövlət tərəfindən əvəzsiz verilmiş 1/32000000 hissə Dövlət Əmlak Ekvivalenti hissəsidir və hamısı eyni dəyərdədir, yəni birbaşa mülkiyyət hüququ verir; daha bir üstün cəhəti budur ki, inflyasiyadan qorunan Əmlak Ekvivalenti dəyərində olması özəlləşdirmə çeklərini daha qiymətli edir; Ən sonuncusu isə, sözügedən qiymətli kağızın dövlət təminatlı olması və Dövlət Əmlakı Ekvivalentində olması müvafiq qanunlarda və çekin üzərində öz əksini tapıb. Bunun özü bizə imkan verir vətəndaşlarımıza tövsiyə edək ki, hələ çeklərlə bağlı tələsik qərarlar verməsinlər və proseslərin hansı istiqamətə inkişaf edəcəyi və hökumətin nə qərarlar verəcəyini gözləsinlər. Əgər bununla bağlı dövlətin hər hansısa dəyişikliklərə dair bir yeniliyi olacaqsa, yeni qəbul olunacaq Özəlləşdirmə Qanunu və Özəlləşdirmə Proqramı qanununda mütləq mənada Özəlləşdirmə Payına düşəcək inflyasiyadan qorunan nominal dəyər qiyməti aydın şəkildə açıqlansın ki, məmurların və maraqlı şəxslərin dələduzluq-manipulyasiya imkanları aradan qalxsın. Vətəndaşların müvafiq Qanunda qayda kimi göstərilən, Banklarda girov qoyma hüququ pozulmasın. Bununla da, Əmlak Komitəsi məmurlarının hər həftə keçirəcəyi hərracların sayı və çek auksionlarına çıxaracağı dövlət mülkiyyətinin (əmlakların) sayının, o cümlədən ümimi səhmlərinin dəyər qiymətləri ilə manipulyasiyası – Özəlləşdirmə Çeklərinin real bazar qiymətinə təsir imkanları aradan qaldırılmış olardı. İstifadəyə cəlb olunmamış özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır, dövlət təminatı altında özəlləşdirilmə hərraclarında bu planda incik düşmüş insanlarımızın iştirakı bərpa olunmalıdır. Zaman-zaman şikayətlərini eşitdiyimiz özəlləşdirmə çeklərinə sahib vətəndaşlarımız, çeklər tədavülə buraxılarsa, böyük məmnuniyyətlə prosesə qoşulmaqda israrlı olduqlarını bildiriblər.

Məsələnin bir də kriminal tərəfi var. Bu da ondan ibarətdir ki, işdi əgər bir gün böyük gəlirli iri dövlət müəssisələri özəlləşdirilməyə çıxarılsa və bu hərrac əllərində qiymətli kağızları olan vətənadaşlarımız olmadan həyata keçirilsə, bunun özü də böyük bir cinayət hadisəsi olacaq. Konkret olaraq, 2012-ci ildən bu yana xeyli sayda dövlət müəssisəsi yerli, həmçinin xarici investisiya cəlbi ilə özəlləşdirilib və nəzərə alın ki, o vaxtdan əllərdə qalan çeklərin müddəti uzadılmadığından, vətəndaşlar bu prosesin  kənarında qalıb. Kiçicik bir hüquqi araşdırma aparılsa, məlum olar ki, elə bu prosesdə də, heç şübhəsiz, qanunvericiliyin və qaydaların pozulma halları olub.

Sonda onu xüsusi olaraq vurğulayım ki, ümumiyyətlə özəlləşdirmə çekləri ilə bağlı istər hüquqi, istərsə də iqtisadi-praktiki baza elə qurulmalıdır ki, vətəndaş qalxıb sual verməsin ki, mən bu çeki harda, necə, neçəyə satım. Hökumətə tövsiyəmiz budur ki, bu məsələ ilə bağlı dəyişiklikləri elə planlaşdırsın ki, özəlləşdirmə çeklərini neçəyə satmağı düşünən vətəndaş, çeklərdən özəlləşdirmə hərraclarında necə istifadə edib divident qazanmağı fikirləşən vətəndaşa çevrilsin”.

Özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə ətraflı məlumatları təqdim edirik:

https://ayna.az/ozellesdirme-ceklerinizi-suya-atmayin

https://ayna.az/diqqet-ozellesdirme-cekleri-qanunla-quvvededir

https://ayna.az/dovriyyede-qalan-ozellesdirme-ceklerinin-qanuni-ve-faktiki-qiymeti

https://ayna.az/dovlet-ozellesdirme-ceklerinin-qiymeti-ve-manipulyasiyalar

Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın