22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür

Azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür

Azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.

Mənfur və riyakar qonşularımız olan ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıqdır ki, ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər ən qəddar və qeyri-insani üsullarla davam edir. Ermənilər tarixi Qarabağ torpağımızda qeyri-qanuni məskunlaşdıqları ilk gündən Azərbaycana qarşı çirkin niyyətlərini işə salmış, bununla da məqsədli şəkildə toponimlərimizi dəyişməyə başlamış, Azərbaycanlılara qarşı etnik dözümsüzlüyün ən sərt formalarını reallaşdırmışdır. Tarixi diqqətlə oxuyub, araşdıran hər kəsə agah olar ki, ermənilər son 200 il ərzində etnik azərbaycanlılara qarşı misli görülməmiş faciələr yaşatmışdır. Bu tarix o qədər də uzaq keçmiş deyil və milliyyətindən asılı olmayaraq hər bir obyektiv tarixçi bu faktları etiraf etməkdən çəkinməməli və dünyada ədalətin, sülhün bərqərar olunması naminə haqq səsini ucaltmalıdır.

Zaman-zaman Türkiyə və Azərbaycanın dövlət rəhbərləri tarixi arxivlərin açılmasını təklif etmiş, lakin əfsuslar olsun ki, erməni tərəfi hər zaman olduğu kimi bu dəfə də tarixi faktlarla üzləşməkdən qorxuya düşərək bu təkliflərə müsbət cavab verməmişdir. Qarabağın Azərbaycana məxsusluğu, eyni zamanda ermənilərin tarixən xalqımızın başına gətirdiyi müsibətlər tarixi arxivlərdə öz yerini qoruyur. İstər 1905-1907-ci, istərsə də 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Belə ki, 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya olunmuş, 1988-ci ildə başlayan Qarabağ hadisələri, ermənilərin “dənizdən dənizə Ermənistan” xülyalarını reallaşdırmaq cəhdləri böyük fəlakətlərlə nəticələnmişdir. Tariximizin ən dəhşətli və ən acı səhifələrindən biri, qan yaddaşımıza çevrilmiş hadisə isə 1992-ci ilin əvvəllərində baş vermişdir. Erməni qəsbkarlarının – öz havadarlarının əlində maşaya çevrilmiş bu vəhşi millətin tarixi torpaqlarımıza hücumu nəticəsində ərazimizin 20 faizi işğal olunmuşdur. Həmin ilin fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı ermənilər bəşəriyyət tarixində misli görülməmiş soyqırımılarından birini törətmişdir. İşğal zamanı, eləcə də dünyada törədilən qətliamlar içərisində xüsusi qəddarlığı ilə seçilən Xocalı qətliamı nəticəsində yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmiş, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Bu və bunun kimi tarixə həkk olunmuş bir çox vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Təəssüflər olsun ki, ermənilərin işğalçılıq, soyqırımı və qəsbkarlıq siyasəti bütün dünyanın gözü qarşısında baş vermiş, heç bir dünya dövləti bu ədalətsizliyə və beynəlxalq hüququn qəsdinə dur deməmişdir. Üstəlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllində heç bir irəliləyişə nail olmamış, işğalçıya və işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmişdir. BMT-nin  Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmamış, dünya ölkələri, xüsusilə münaqişənin həllinə məsul olan dövlətlər tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Azərbaycan dövləti isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Ölkəmizin bu humanizm addımları isə Ermənistanın qeyri-konstruktiv və təxribatçı hərəkətləri ilə nəticəsiz qalmışdır. Belə ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə müxtəlif yollara əl atmış, Azərbaycanın dövlət sərhədlərində atəşkəsi kobud şəkildə pozaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlar törətmişdir. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan təxribatlara layiqli cavab verərək bu işğalla barışmayacağını bir daha nümayiş etdirmişdir.

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ötən ilin 27 sentyabrında başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan əks-hücum əməliyyatlarında dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi olaraq erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq xalqımız öz qətiyyətini, əzmini bütün dünyaya nümayiş etdirərək tarixi torpaqlarını işğaldan azad etmişdir.

Dövlətimiz və xalqımız yenilməz bir gücə sahib olduğunu göstərərək təkcə hərbi sahədə deyil, diplomatik və siyasi arenada da ermənilərə sarsıdıcı zərbələr endirmişdir. Növbəti mərhələdə düşmənin kapitulyasiya aktına imza atması ilə Ağdam, Kəlbəcər və Laçın rayonları müharibəsiz, qan tökülmədən Azərbaycana təhvil verilmişdir.

Azərbaycan Ordusunun zəfəri qarşısında acizliyini göstərən düşmən müharibə cinayətləri törədərək münaqişə zonasında olmayan şəhər və rayonları atəşə məruz qoymuş, həmçinin işğal zamanı tarixi torpaqlarımızda yerləşdirilən minaların partlaması nəticəsində yüzlərlə dinc sakinin həlak olması və yaralanmasına səbəb olmuşdur. Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcəkdir.

Azərbaycan dövləti ordumuzun bundan sonra daha peşəkar və dünyanın ən güclü orduları sırasında layiqli yerini qoruması üçün səylərini və addımlarını davam etdirir. Ermənistan və onun dəyirmanına su tökənlər isə Azərbaycan Respublikasının dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin çıxışlarında səsləndirdiyi kimi revanşa cəhd edəcəkləri təqdirdə daha ağır məğlubiyyətə uğrayacaqlar.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın