SOCAR “Azəriqaz” İB-yə daxil olan müraciətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə azalıb-FOTO
“Bu ilin 9 ayı ərzində Qəza Çağrı Xidmətinə ötən ilin analoji dövrü ilə müqayisədə 67 562 müraciət az daxil olub. 2021-ci ildə müraciətlərin sayı 795 273-ə çatıb”.
Qanunla.Az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib. Şöbə rəisi daxil olan müraciətlərin müxtəlif istiqamətlərdə olduğunu qeyd edib.
“Əsasən mənzil-tikinti kooperativlərin 40 minə yaxın abonentinə yeni sayğaclar quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş ödəniş sisteminin tətbiqi ilə daxil olan müraciətlərin sayında azalmaya səbəb olacaq”. Bu sözləri Birliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev yeni quraşdırılan sayğacların üstünlüklərindən danışarkən qeyd edib. Qurum rəsmisi bu cür smart sayğacların tətbiqi nəticəsində abonentlərlə Birlik arasında yaranan bəzi narazılıq və mübahisələrin nəzərəçarpacaq dərəcədə azalacağını vurğulayıb.
Aksiyada çıxış edən Socar “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev elektron sənəd dövriyyəsindən söz açıb. Şöbə rəisi cari ilin 9 ayı ərzində qeyd edilən proqram vasitəsilə 6251 müraciətin daxil olduğunu vurğulayıb. O, qeyd edib ki, elektron sənəd dövriyyəsi daxil olan müraciətlərə çevik və operativ baxılmasına zəmin yaradır.