22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Erməni vandalizmi

Erməni vandalizmi

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir.  Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu. Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınılması faktı aşkarlanıb.

Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılıb.

Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı, bağ-park, monumental və xatirə abidələri, o cümlədən Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən məqbərəsi, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi və s. dağıdılmışdır. Vandalizmin qurbanı olan belə nümunələr isə çoxdur.

Əlbəttə, tarixi yaddaşımızı silmək erməni vandallarına qismət olmadı və əksinə, işğaldan azad olunan torpaqlarımızda yenidən tarixi izlərimizi bərpa etməyə ruhlanlandırdı, səfərbər etdi. Şübhə yoxdur ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan xalqının tarixi abidələri yenidən bərpa olunacaq, bəşəriyyətin ixtiyarına veriləcək. Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş şəhərlərimizi yenidən abadlaşdıracağıq, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq.

 

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın