Qarabağın bərpası və Böyük qayıdış strategiyası
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, soydaşlarımızın öz yurdlarına, evlərinə qayıtmasıdır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Hazırda qarşıda duran ən vacib məsələ “ Böyük Qayıdış ” strategiyası vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdırmaqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə əldə olunan parlaq Qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyatın canlanmasını təmin etməkdir. Artıq bərpa-quruculuq işlərinə başlanılıb. Bu qayıdış “Böyük Qayıdış” olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlara qayıdışını əhatə edəcək. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mükəmməlliyinin və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirdiyini, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bir daha göstərir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Zərdab rayon Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun