“Səyyar qəbul otağı” növbəti dəfə Mingəçevir şəhərində quruldu-FOTO
“SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyasının məqsədi sakinlərin qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərlə bağlı müraciətlərinin qeydə alınmasıdır. Bu gün bu fürsət Mingəçevir sakinlərinə verilib”.
Qanunla.Az xəbər verir ki,bunu SOCAR “Azəriqaz” İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov müraciətçilər önündə çıxışı zamanı bildirib. Mingəçevirdə baş tutan aksiyada ümumilikdə 15 müraciət ünvanlanıb. Mikrofon önünə keçən Ruslan Heydərli həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.Tutu Məmmədova küçə qaz xəttinin çəkilməsini xahiş etdiyi halda, Rəvanə Abdullayevanın müraciəti qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub. Səslənən digər müraciətlər arasında debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi və sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi ilə bağlı çıxışlar yer alıb. Hər bir müraciət Birliyin Tərtər RQİİ-nin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.