Xalq və ordu birliyi
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Bu gün ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Belə ki, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar həmçinin Vətən Müharibəsi zamanı, dövlətimizin, Ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşına həkk olundu.
Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi – işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.
44 günlük müharibə ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşı davam etdirsinlər. Bu, eyni zamanda, Azərbaycan əsgərinin əhval-ruhiyyəsinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir.
Ali Baş Komandanın müəllifi olduğu “Dəmir Yumruq” ifadəsi xalqımızın birliyini və gücünü nümayiş etdirərək milli həmrəylik simvoluna çevrildi. Azərbaycan gəncləri dəmir yumruq kimi birlik göstərərək on minlərlə insanın orduya könüllü yazıldığı anlarda, Ermənistan ordusunda on mindən çox fərarinin olması bir daha göstərir ki, təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova