Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb
Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. Ən önəmlisi isə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsidir ki, bu da sistemli şəkildə həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılır. Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradımasıdır. Üçüncü mərhələ sosial və inzibati binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır.
Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilən ərazilərdə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb. Böyük Qayıdışın təmin edilməsi, 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir. Prezident cənab İlham Əliyevin müvafiq tapşırığına əsasında Qarabağın tacı Şuşa şəhərində də quruculuq işləri aparılır. Şəhərin müfəssəl hazırlanan baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməlini qoyulub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Böyük Qayıdış planına uyğun olaraq, hazırda Qarabağ regionunda yol infrastrukturu da yenidən qurulur. İlk pilot layihə olaraq məhz Zəngilanda 200 evdən ibarət “ağıllı kənd” salınıb. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub. Məhz Azərbaycan xalqının birliyinə, həmrəyliyinə görə biz bu gün “Böyük Qayıdış”ın qürurunu yaşayırıq .
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva