21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz, Ermənistanın öz Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırmağa çalışdığı mifi 44 günə dağıtdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan əldə etmək  istədiyi heç bir şeyə nail ola bilmədi və Böyük Ermənistan planı fiaskoya uğradı. Dağlıq Qarabağın status məsələsi tarixin arxivinə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.

Şanlı Qələbəmiz Azərbaycan xalqının  milli potensialının miqyasını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni Dəmir yumruğun zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.
Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.
Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir.  Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir. Dövlətimizin başçısı Qarabağa səfərlər zamanı əsas diqqəti erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrinin bərpasına yönəldir. Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın əyani sübutudur. Müharibədən sonra Qarabağda aparılan tikinti-abadlıq işləri göz önündədir. Şuşanın yenidən qurulması, Kəlbəcərə çəkilən elektrik xətti, Füzuli və Zəngilanda tikilən beynəlxalq hava limanları deyilənlərin təsdiqidir. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən, ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – ASAN, DOST, Kiçik və Orta Biznesə dəstək (KOB)xidmətləri mövcuddur.
Deputat qeyd edib ki, dövlət başçımızın Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinin göstəricisdir. 44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət  beşiyimiz Şuşamıza qayıtdıq, Xarıbülbül musiqi festivalı, Vaqif Poeziya Günləri – ənənələr bərpa edildi. Muğamlarımız yenidən Qarabağın səmalarında qanadlandı. Eyni zamanda, Qarabağın tacı Şuşa  Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra mesajlarını çatdırdı. Azərbaycan dost, qardaş ölkənin Prezidentini Şuşada qarşıladı. 28 il Şuşanı erməniləşdirməyə çalışanlar atılan bu addımların fonunda bir daha bu reallığın şahidi oldular ki, tarixi inkar etmək qeyri-mümkündür.

 

Samir Talıbov

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın