Prezident İlham Əliyev işğalçı Ermənistana və onun havadarlarına bir sıra mühüm mesajlar verdi
Prezident İlham Əliyev işğalçı Ermənistana və onun havadarlarına bir sıra mühüm mesajlar verdi
Prezident İlham Əliyev hər zaman təqvimdəki xüsusi günləri xalq arasında, ordumuzun əsgərləri ilə birlikdə qeyd edir. Bu dəfə də ənənəyə sadiq qalan Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər gününü Şuşada əsgərlərimizlə birlikdə qeyd etdi. Belə ki, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər. Tədbirdə çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistana və onun havadarlarına bir sıra mühüm mesajlar verdi.
İkinci Qarabağ Müharibəsində Ermənistanın ağır və biabırçı məğlubiyyətini xatırladan Azərbaycan Lideri, onların bu məğlubiyyəti heç zaman unutmamalı olduqlarını diqqətə çatdırdı. Çıxışı zamanı Müzəffər Ali Baş Komandanımız Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğuladı və öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycanın lazımi addımlar atacağını qeyd etdi. Əlbətdə dalana dirənmiş Ermənistan hakimiyyəti mövcud ağır vəziyyətdən qurtulmaq istəyirsə və ümumilikdə öz ölkəsinin gələcəyini düşünürsə, nəyi, necə və nə zaman etməli olduğunu çox yaxşı bilən Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlıqlarına əməl etməlidir. Əks halda uçurumun astanasında olan Ermənistan bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaqdır. Ermənistanın işğalçı siyasətinin nəinki Azərbaycana bütövlükdə müsəlman aləminə qarşı yönəldiyini qeyd edən dövlət başçımız, Azərbaycanın İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazanmasının ədalətin zəfəri ilə yanaşı Ermənistanın ifşası baxımından da böyük rol oynadığını diqqətə çatdırdı. Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu özü təkbaşına BMT Qətnamələrini və ədaləti bərpa etməklə yanaşı Ermənistanın işğalçılıq və təcavüzkar siyasətini də ifşa etmiş oldu. Daha sonra Prezident İlham Əliyev Azərbaycan Ordusunun peşəkarlığını, qəhrəmalığını qeyd edərək, heç kimin Azərbaycanı qorxuda bilməyəcəyini bütün dünyanın xüsusəndə sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlərin diqqətinə çatdırdı. Dünya bir daha Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətinə şahidlik etdi.
Çıxışını gənclər siyasəti ilə davam edən Ali Baş Komandan İlham Əliyev, Prezident olaraq öz siyasətində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsini xüsusi diqqətdə saxladığını qeyd etdi. Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı qələbənin əsas komponentlərindən biri də məhz ölkə başçımızın uzun illər ərzində həyata keçirdiyi gənclər siyasəti oldu. Bu müdrik siyasət nəticəsində işaldan azad olunmuş ərazilərimizi görməyən, heç zaman orada olmayan gənclər, Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirakı Zəfərimizə əlavə sevinc qatmaqla yanaşı bizlərə böyük qürur hissi yaşatdı. Eyni zamanda cənab Prezidentimizin tədbirdəki çıxışı Ermənistana və onun havadarlarına əsl siyasət dərsi oldu.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru