Zəfər paradı haqqın və ədalətin təntənəsi idi
2020-ci il dekabr ayının 10-da bütün dünya Bakının Azadlıq Meydanında keçirilən möhtəşəm Zəfər paradının şahidi oldu. Bu parad sözün həqiqi mənasında qalib Azərbaycanın, haqqın və ədalətin təntənəsi idi. Zəfər paradında çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev demişdi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Bu gün həmin tarixi gündən cəmi bir il keçib. Lakin bu bir ildə Azərbaycan artıq həqiqətən də böyük nailiyyətlər, möhtəşəm uğurlar əldə edib. Bu uğur və nailiyyətlər ilk növbədə özünü ölkəmizin beynəlxalq nüfuzunun durmadan artmasında və mövqelərinin daha da möhkəmlənməsində büruzə verir. Azərbaycan getdikcə daha çox beynəlxalq məsələlərə müdaxilə imkanlarına sahib olur və bu məsələlərin həlli yönümündə aparılan müzakirələrdə əsas söz sahiblərindən birinə çevrilir.
2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı dövlətimizin qətiyyətinin və ordumuzun gücünün bütün dünyaya nümayişi idi: “Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdu. Bu iki faktor bir tərəfdən Azərbaycan Ordusunun gücünü-qüdrətini, digər tərəfdən də dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddət ərzində davam edən işğal dövründə bu məsələ ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatların durmadan vurğuladıqları və bütün hallarda ən vacib prinsip kimi istinad nöqtəsinə çevirməyə çalışdıqları əsas məqam bu idi ki, münaqişənin hərbi yolla həlli variantı mövcud deyil. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər dəfə bunun əksini söyləyirdi. Dövlət başçımız bütün bu illər ərzində bəyan edirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və Azərbaycan bu hüququndan istənilən an istifadə edə bilər. Nəhayət 2020-ci ilin sentyabr-noyabr aylarında davam edən hadisələr Azərbaycan Prezidentinin növbəti dəfə haqlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin davam etdiyi 44 günün hər biri şanlı tariximizin bir silinməz səhifəsinə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın hücum əmrini və Qələbə gününü gözləyən Azərbaycan xalqı öz ordusunun və öz rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruq yaratdı. Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçiləri arasında müharibə dövründə bir dənə də olsun fərarilik halı baş vermədi. Qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc