Cari ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir
Cari ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir.
Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü gələcəyə yönələn mühüm addımdır. İllər öncə dövlət başçısı öz doğum gününü məcburi köçkünlərlə birgə keçirərək, bir gün doğma yurdlarımıza qayıdış mesajını vermişdi. Bu gün ölkəmizdə o qayıdış böyük sevinc və coşqu ilə qeyd olunur. İndi də eyni gündə Prezidentin Qərbi Azərbaycandan olan ziyalılarla görüşü qədim torpaqlarımıza dönüşümüzün ilkin işartıları sayıla bilər.
Görüşdə qədim Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyasını təhlil edən Prezident bu prosesin Ümummilli Lider Heydər Əliyevin 1987-ci ilin noyabrında sovet rəhbərliyindən uzaqlaşmasından sonra başladığını bildirdi. Ulu Öndərin sovet rəhbərliyində təmsil olunduğu illərdə səslərini belə qaldıra bilməyən nankor qonşularımızın dahi şəxsiyyət vəzifədən gedəndən sonra əl-qolu açılmışdı. Həmin hadisədən iki həftə sonra erməni millətçiləri səslərini qaldırdılar və o vaxtkı Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Moskvanın susqun qaldığı deportasiya nəticəsində azərbaycanlılar tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan vilayətlərindən zorakılıqla çıxarıldı.
Prezident İlham Əliyev çıxışında tarixi statistikanı da xatırladaraq qeyd etdi ki, Ermənistan adlanan ərazidə, hətta o vaxt 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Eyni zamanda, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı, təqribən 200 min soydaşımız öz dədə-baba yurdlarından çıxarıldı, xeyli sayda azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü və bütün bu cinayətlər sovet hökumətinin gözü önündə baş verirdi. Bütün bunlar azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi.
Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məqam ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı idi. Bununla əlaqədar dövlətimizin başçısı informasiya mübarizəsinin mühüm əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin gücləndirilməsini, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini qeyd etdi.
Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu əməli ilə sübuta yetirib. Zəfər savaşında tam hərbi üstünlüyə malik olduğu zamanda belə ölkəmiz müharibəni dayandırıb, torpaqların mərhələli şəkildə azad olunmasına razılıq verdi. Amma Ermənistan bu humanizmi yetərincə dəyərləndirmədi və kapitulyasiya aktından sonra da hərbi siyasi təxribatlarını davam etdirdi. Prezidentimizin bildirdiyi kimi, bu ilin sentyabrında son təxribatlara Azərbaycan cavab verməyə məcbur oldu.
Beləliklə, Ermənistan yenidən hərbi iflas yaşadı və nəticədə bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir və sentyabr toqquşmaları həm də ermənilər üçün daha bir dərs olmaqla yanaşı, bizi gələcəkdə böyük problemlərdən sığortaladı.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər ideoloji xəritə kimi hər birimizin qarşısına ciddi məsuliyyət qoyur. Hədəf və məqsədimiz aydın, Azərbaycan naminə fəal olmalı və birgə addımla tarixi ədaləti bərpa etməliyik.
Prezidentin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü bir çox maraqlı məqamlarla yadda qaldı. Həmin təşkilat “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adlanırdı, ancaq cari ilin avqust ayında artıq Qərbi Azərbaycan İcmasına çevrildi. Bunların hamısının rəmzi mənası var. Bilinməlidir ki, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Özü də biz oraya sülhlə qayıdacağıq. Yeni dünya düzəni qurulur və bu siyasi mənzərədə Azərbaycan xüsusi çəkiyə malik dövlətlərdən biridir.
Xalqımızın tarixi yaddaşı güclüdür. Bizim bu yaddaşımız doğma torpağa olan sevgimizi, inamımızı həmişə qoruyub-saxlayıb. Biz işğaldan azad olunmuş bölgələrimizə qayıtmaqla bağlı xüsusi dövlət proqramı qəbul etmişik. Ağalı kəndi gördüyümüz işlərin kiçik bir nümunəsidir. O kəndimizdə “ağıllı kənd” konsepsiyası işləyir və digər şəhər və rayonlarımızın bir çoxunda da belə nümunələr olacaq. Keçmişdə baş verən ədalətsiz yanaşmalar nəticəsində insanlarımızın soyqırımına məruz qalmaları, öz dədə-baba yurdlarından didərgin düşmələri və bunlara rəğmən Azərbaycanın güclənməsi, hətta heç vaxt olmadığı qədər dünyanın güclü dövlətlərindən birinə çevrilməsi reallıqdır. Bütün bunlar Prezidentin xalqımızın bütün yerlərdə hərtərəfli inkişafı üçün atdığı addımların nəticəsidir.
Qərbi Azərbaycan bizim torpağımızdır, bunu tarixi sənədlər və xəritələr təsdiqləyir. Həmin torpaqların hər qarışı bizə məxsusdur. Gələcək zamanlarda biz Qərbi Azərbaycana qayıdacağıq. Prosesləri çox məntiqlə və sürətlə aparırıq. Keçmişdə baş verən qanlı hadisələr insanımızın genetik koduna təsir göstərməyib. Hər bir Qərbi azərbaycanlı öz kəndini, hətta öz küçəsini, evini çox yaxşı xatırlayır. Bunlar hər bir azərbaycanlının yaddaşındadır. Bizim yurdumuza qayıtmağımız üçün böyük stimul var. Dövlət başçısı icma nümayəndələri ilə görüşdə bütün bu məsələlərə toxundu və qeyd etdi ki, tarixdəki bu ədalətsizlik bərpa olunmalıdır. Tarix bir çox məsələləri unutmur. Müasir Azərbaycanın güclənməsi bizim gələcəkdə həmin torpaqlarda olmağımıza, yaşamağımıza gətirib çıxaracaq. Tarixi ədalətin bərpa edilməli olduğunu biz Vətən müharibəsində də göstərdik.
Ülkər Muradova Saatlı rayonu Kamallı kənd ümumi orta məktəbin müəllimi.