22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Minimum əməkhaqqı artıq 345 manata çatıbdır

Minimum əməkhaqqı artıq 345 manata çatıbdır

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır.

Müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq. Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır. Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır.Bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq.  Mənzillərin verilməsi təcrübəsi davam edəcək. Şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb.

Zərdab rayon heydər Əliyev Mərkəzinin elmi işçisi – Alagöz Namazova

 

Ötən il ölkəmizin ümumi daxili məhsulu

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 121,4 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,2 faiz artıb.ÜDM istehsalının 52,7 faizi sənaye, 8,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib..

Əhalinin hər nəfərinə düşən ÜDM 12 064,2 manata bərabər olub.

2022–2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 2025-ci ilin sonunadək 20 faizdən aşağı səviyyədə saxlanılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə əksini tapıb.

Gəncliyə dəstək ictimai birliyinin sədri -Vəfa Xəlilli

 

İnflyasiya

İnflyasiya günümüzün hər bir ölkənin fərdi deyil, öncül qlobal problemlərindən olub, demək olar ki, dünyanın bütün miqyasını əhatə edir. İnflyasiyanın artmasının əsas səbəbi ilk növbədə, pandemiya şəraitində dünya ərzaq qiymətlərinin artmasıdır.

Dünya Bankının məlumatlarına əsasən, 2021-ci ildə enerji daşıyıcıları qiyməti illik müqayisədə 77 faiz, qeyri-enerji məhsullarının qiyməti isə 20 faiz artıb. Dünya ərzaq qiymətləri ötən il 10 illik rekord vurub.Azərbaycanda isə orta illik inflyasiya 6,7 faiz, ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz, illik inflyasiya isə 12 faiz təşkil edib.

Azərbaycanda inflyasiya baş verməsinin başlıca səbəbi sırf xarici səbəblərlə bağlı olmuşdur.Səbəbləridən ən əsası isə 2019 – cu ilin sonlarından etibarən başlayan Koronavirus xəstəliyinin yayılması olmuşdur.Koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər ölkələrin iqtisadiyatına zərbə vurmuşdur.Məhdudiyyətlərin ləğvindənsonra isə iqtisadiyyat yenidən canlanmağa başlandı, nəticədə Azərbaycana idxal olunan məhsulun qiymətində artım baş verdi.

Hal – hazırki günümüzdə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması üçün azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialının istifadə olunması planlaşdırılır. Kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət baxımından dəyişikliyin əldə olunması, məhsuldarlığın artırılmasıdır. Bunlarla yanaşı, müvafiq orqanlara antiinflyasiya tədbirlərinin gücləndirilməsi üçün təlimatlar verilmişdir. 2022 – ci ilin ortalarından günümüzə tənzimləyici, qlobal inflyasiyanın stabilləşməsinin Azərbaycanda inflyasiyaya təsirini xeyli azaldıb.

Gəncliyə dəstək ictimai birliyinin sədri -Vəfa Xəlilli

 

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin cənab Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə “Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir, mən bunu çox yüksək qiymətləndirirəm. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin” söyləyərək vurğuladı ki, bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki  idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparır və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyi – bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq. Ölkəmizdə kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır.Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdə bu statistik rəqəmi də açıqladı ki, ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. Dünyada idman sahəsində rəqabət artır,  yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi.   Türkiyənin Konya şəhərində isə 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.” Cənab İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə də tarixi Zəfərimizdən böyük qürurla bəhs edərək belə bir çağırışı səsləndirdi ki, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

Laçın şəhərinin azad olunması tarixi hadisədir.

Tarixin özü qədər qədim olan Azərbaycan zəngin təbii sərvətlərinə, əlverişli, coğrafi və strateji mövqeyinə görə əsrlər boyu yadelli qəsbkarların, imperialistlərin təcavüzünə məruz qalıb. Çoxəsrlik, dövlətçilik tarixinə sahib xalqımız minilliklər boyu müstəqilliyi, suverenliyi yolunda mübarizə aparıb. Uğrunda can verməyə hazır olduğumuz Vətən üçün əcdadlarımız sinəsini sipər edib, bu torpağın hər qarışında qanı ilə tarix yazıb.
Laçın rayonunun işğaldan azad olunması tarixi bir hadisədir. Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Meşələr planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən işğaldan azad olunan ərazilərin meşə sahələrini 30 il ərzində qırıb, talayıb və yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük sahəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir.
Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq şübhə yoxdur ki, Azərbaycan dövləti bütün rayonları, eləcə də gözəl və füsünkar Laçını tamamilə bərpa edərək, orada vətəndaşlarımızın normal həyatı üçün şərait yaradacaq.Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.
Düşmən yenildi. Məğrur Laçınımız itkisiz işğaldan azad edildi. Xalqımız bu günlərdə Qələbə sevincini yaşayır. Tariximizin ən şanlı, şərəfli günlərini yaşayırıq. Bu böyük xoşbəxtlikdir. Müzəffər Ali-Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda regionu, o cümlədən, dünyanı beynəlxalq terror və faşizm təhlükəsindən xilas etdi.
Erməni faşizminin üzərində çalınan bu tarixi qələbə Azərbaycan Respublikası Prezidentinin, Ordusunun və Xalqın birliyindən güc aldı. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının Anım Günü, noyabrın 8-i isə Azərbaycan Respublikasının Zəfər Günü kimi qeyd ediləcəkdir.
Bu birlik var olduqca üç rəngli bayrağımız daima yüksəklərdə dalğalanacaq, ölkəmiz neçə-neçə uğurlara imza atacaq.
Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır !

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi

Prezident cənab İlham Əliyevin bir neçə gün öncə televiziyalara müsahibəsi Azərbaycan vətəndaşları qarşısında onun liderinin növbəti hesabatı olmaqla bərabər, həm tarixi, həm bugünkü, həm də gələcəyə dair kifayət qədər ciddi məlumatlarla zəngin idi. Azərbaycan xalqının etimadını qazanmış, dünya siyasətini dərindən bilən Azərbaycan Prezidenti, ilk növbədə, dünyaya ölkəmizlə bağlı həqiqətləri çatdıra bildi. Azərbaycan dünya səviyyəsində siyasi müstəvidə özünün milli maraqlarını təsdiq edə bilib. Bu gün qüdrətli, güclü Azərbaycan dövləti qurulmaqdadır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycana ola biləcək hər hansı bir təhdidin, – bizim ərazimizdə və kənarda olmasına baxmayaraq, – qarşısı qətiyyətlə alınacaq. Bu, Ermənistan və onu müdafiə edənlər üçün də çox ciddi bir mesajdır. Həmçinin ölkə Prezidenti faktlarla, xronoloji ardıcıllıqla göstərdi ki, məsələnin sona kimi həll edilməsi üçün Azərbaycan bütün müvafiq addımları atır. Ermənistan isə hər hansı bir möcüzə gözləyir. Bu ölkə hələ də özünün uydurduğu yalanlardan xilas ola bilmir. Atdığı addımlar onu gücləndirmək əvəzinə daha da zəiflədir. Ona görə də, Prezident İlham Əliyevin səmimi müsahibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı güclü dövlət yaratmağa, tarix səhnəsinə qüdrətli lider çıxarmağa və dünya birliyində layiqli yer tutmağa layiqdir. Bunu hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında görür.Bu gün heç kəsdə şübhə doğurmur ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olacaqdır. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminik ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik.Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf davam edəcək. Bu isə ölkəmizin daha da güclənəcəyindən, diplomatik və lazım gələrsə hərbi sferada yeni uğurlara imza atacağından xəbər verir İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

«Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq.» Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır,  insanlar qayıdır. Tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlandı və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var: «Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.»Son iki ildən artıq dövrdə dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanın uğurlarından böyük qürur hissi ilə bəhs edilir, hədəflər açıqlanarkən işğaldan azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi bərpası, yenidən qurulması qarşıya mühüm vəzifə kimi qoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin daha vətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir.Tarixi Zəfərimizin reallıqlarından biri budur  ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev  bildirir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən, hazırlıq dövrü kimi xarakterizə etdiyi 2003-2020-ci illərdə görülən işlərdən bəhs edərkən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini, torpağa bağlılığını, Vətən sevgisini xüsusi diqqətə çatdırır: «Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.»Ölkə Prezidenti İlham Əliyev tarixi paralellər fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı duruma nəzər salaraq bu reallığı diqqətə çatdırır ki, ölkəmiz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.» Müstəqililk tariximizin 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan mərhələsində yaradılan möhkəm bünövrə bugünkü reallıqlarımızda öz əksini tapıb. «Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Nizami ordu formalaşdı. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı ki, hazırda o kadrlar ölkəmizin müxtəlif sahələrdə inkişafına öz töhfələrini verirlər.Bunları sadalamağımız səbəbsiz deyil. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri barədə gəncləri məlumatlandırmalıyıq. Azərbaycanın son 19 ildə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlət başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırır. Zəfərimiz bu uğurların zirvəsində dayanır. Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı.Ölkəmiz inkişafın yeni mərhələsindədir. Azərbaycan gəncliyi daim yenilik axtarışındadır. Azərbaycan gəncliyi enerjili, sabaha böyük ümidlərlə addımlayan, qalib ölkənin gəncləridir. Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdə Azərbaycan gənclərinin idman uğurlarından geniş bəhs edərək idman yarışlarında qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanmasını böyük qürur hissi ilə qeyd etdi. Ölkəmizdə idmanın inkişafı üçün bütün imkanlar yaradılıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bu Oyunlar dünyaya birlik, həmrəylik çağırışlarını ifadə etməklə yanaşı, Azərbaycanın malik olduğu imkanların təqdimatı kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında «Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var» söyləyərək bildirdi ki, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses davam etdirilir: «Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.»

İki ildən artıqdır ki, idmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün  səylərini daha da artırırlar. Dövlət başçısı ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı da etdi ki, idmanın kütləviliyinə gəldikdə  bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə aparılmalı, orada tətbiq edilməlidir. Ümumilikdə  sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.

 Könül Rəhimova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın