Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Bərpaolunan enerjilərə nisbətən bərpaolunmayan mənbələr qazıntı-yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib çıxarır. Bu səbəbdən də son dövrlərdə dünya ölkələri bərpaolunan alternativ enerji mənbələrinə sürətli keçidi prioritet məsələ hesab edirlər. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə olunur. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmizin bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunu bir neçə amil şərtləndirir: “Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov