Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür
Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür
Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Beləliklə Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova