Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir
Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir.
Hazırda əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur.
Xüsusilə Azərbaycan yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarına diqqəti artırır. Bu xüsusda Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti böyükdür. Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Belə ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb, odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Türkiyənin Qərbindən başlayaraq Şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi və Türkiyəni seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaqdır.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri