Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı
Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı
Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələr uzun illərdir davam edir. Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Bu baxımdan, Azərbaycanla Avropa ölkələri arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini bərpa elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.
Cənab Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə mətbuata verdiyi bəyanatın böyük əhəmiyyəti vardır. Cənab Prezident çıxışında önəmli məsələlərə toxunaraq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübut etdi. Cənab Prezident çıxışında uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəminin yaratdığını vurğulayaraq qeyd etdi ki, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.
Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir.
Nübar Qurbanova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi
Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır
Azərbaycanın tarix boyu tranzit ölkə kimi yüksək potensiala malik olub. Bu gün də Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan maksimum dərəcədə istifadə oluna bilər. Hazırda Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları vardır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlətin enerji siyasəti müəyyənləşdirildi. Prezident İlham Əliyevin yüksək diplomatik məharəti nəticəsində isə Azərbaycan beynəlxalq aləmdə enerji bazarının mühüm iştirakçısına çevrildi.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Bu sahəyə diqqət və sərmayələri cəlb etmək məsələsində Xəzər Neft və Qaz Sərgisi təşkilatçıları çox vacib rol oynayıblar. Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan «Şahdəniz» yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Ölkə başçısı Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda çıxışı zamanı qeyd etdi ki, “Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”
Azərbaycan hasilatın artırılması üçün ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə daim çalışır. Eyni zamanda, bunun üçün mövcud qurğular genişləndirilir. Azərbaycan həmişə öz öhdəliklərinə hörmət etmiş və tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir.
Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkələrdir
Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.
Cənab Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə arasında qarşılıqlı hörmət və ehtiram olduğu vurğulandı.
Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşıdır.
Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru
Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir
Azərbaycan dünya dövlətləri ilə əməkdaşlığa həmişə yüksək qiymət verir. Bu, həm iqtisadi, həm siyasi əlaqələrdə önəmli məsələlərdəndir. Əməkdaşlıq çərçivəsində dost ölkələrdən biri də Macarıstandır. Son dövrlər azərbaycanlı tələbələr də orada pulsuz təhsil alır və təqaüdləri Macarıstan dövləti tərəfindən ödənilir.
Azərbaycan 44 günlük müharibənin zəfər sevinci ilə yaşasa da, hələ də müharibənin törətdiyi fəsadlar, onlarla bağlı problemlər abadlıq-quruculuq işlərimizə maneçilik törədir.
Macarıstanın Baş Naziri Viktor Orbanla görüşən Azərbaycan Prezidenti İlham Əliyev bu barədə fikirlərini bölüşərkən Qarabağla bağlı məsələlərə toxunmuşdur. Belə ki, mənfur düşmən Qarabağdan çıxarılarkən torpaqlarımızda bir milyondan çox mina basdırmışdır. Dəfələrlə deyilməsinə baxmayaraq, mina xəritəsini verməmişdir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanmışdır. Minatəmizləmə sahəsində ciddi işlər gedir, dost ölkələr də bu sahədə köməkliklərini əsirgəmirlər.
Macarıstan dövləti ilə əməkdaşlıq, əminik ki, bu sahədə xeyli irəliləyişə səbəb olacaq. Azərbaycan Prezidenti, ali baş komandanımız İlham Əliyev cənabları da Macarıstanın Baş naziri Viktor Orbanla məfbuata bəyanatında minatəmizləmə sahəsində Macarıstanla əməkdaşlıq üçün yaxşı imkanlar görürük deyə xüsusi olaraq qeyd edib.
Bir Azərbaycan xalqı olaraq, biz də ölkəmizin, dövlətimizin inkişafında, problərinin həll olunmasında bütün dost ölkələri alqışlayır və dövlətimizin siyasətini dəstəkləyirik!!!
Səliqə İsmayılova Zərdab şəhər 1 saylı məktəb-liseyin direktor müavini
Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə mətbuata verdiyi bəyanatı ilə əlaqədar
Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan iki dost ölkələrdir.
Uzun illər ərzində apardığımız uğurlu siyasət bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə çox artırmağı planlaşdırır. Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir.
Macarıstan Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında bu sözləri demişdir: “Biz xarici siyasətdə bir birimizi başa düşürük. Mən son illər ərzində İlham Əliyevdən çox şey öyrənmişəm. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin direktoru
Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarli tərəfdaş adlandırır.
Müasir dünyamızda enerji ən önəmli strateji məhsul hesab edilir. Azərbaycan dünyanın ən zəngin neft-qaz yataqlarına və digər enerji resurslarına malikdir. Son illər Azərbaycanda yaşıl enerji sahəsində ciddi dəyişim olmuşdur. Artıq Azərbaycan dünyanın bir neçə dövləti ilə bu sahədə tutarlı müqavilə bağlamışdır. Azərbaycanın təbii qaz resursları Avropanın enerji təhlükəsizliyində mühüm bir əhəmiyyətə malikdir. TAP və TANAP kimi layihələrin reallaşdırılması Azərbaycan-Avropa münasibətlərində ciddi dəyişiklik etmişdir. Son dövrlərdə Rusiya – Ukrayna müharibəsi Avropanı ciddi enerji böhranı ilə üzbəüz qoymuşdur. Ancaq Azərbaycan bu sahədə Avropanın ən yaxın tərəfdaşı kimi öz funksiyasını lazımınca yerinə yetirməkdədir. Azərbaycan qazının dünya bazarına çıxması dövlət büdcəsini daha da zənginləşdirir. Artıq gəlirlərin sayəsində Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafına yeni yatırımlar edir. Bu da gələcəkdə Azərbaycanın böyük iqtisadi gücə sahib olacağına ümidlər yaradır. Avropaya əsas tərəfdaş və dost olan dövlətlərin Türkiyə, Macarıstan, İtaliyanın mavi yanacağa olan təlabatını tam ödəməkdədir.
Azərbaycan və Avropa enerji mübadiləsi özünün ən əhəmiyyətli mərhələsini yaşamaqdadır. Avropanın hazırda Azərbaycanla enerji sahəsində etdiyi əməkdaşlıq gələcəkdə digər perspektivlər açacaqdır. Artıq bir neçə Avropa şirkətləri Qarabağda investisiya layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edirlər.
Azərbaycan elektrik enerjisi istehsal edən ölkələrdən biridir. Bu sahədə Avropa və Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycan son qlobal hadisələr zamanı özünü Avropanın ən yaxın tərəfdaşı kimi doğrultmuşdur. Macarıstanın Baş Nazirinin və Serbiya Prezidentinin cənab Prezident İlham Əliyev haqqında olan çıxışları bunu söyləməyə tam əsas verir.
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi