Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir
Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişmişdir. Toplantı 2022-ci ildə Azərbaycanda keçirilmişdi. Dünya dəyişmişdir. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artmaqdadır. Enerji təhlükəsizliyi həqiqətən millitəhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar göstərilən səylər nəticəsində ərsəyə gəlmişdir. Bu olduqca vacibdir. Yaxşı haldır ki, ölkəmiz hər bir şeyi vaxt itirmədən etməyə nail oldu. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar olmasına rəğmən biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında işlərdən söhbət açırıq.
TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında müzakirələr getməkdədir. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir.
Bu gün Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaqdır. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.
Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, hələ ki, üç əsas enerji şirkəti ilə ölkəmiz arasında razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır.
Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.
Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalerayasının əməkdaşı