16.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır

Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır

İlk dəstək, ən böyük dəstək

Azərbaycanla  Türkiyə qardaş dövlətlər olaraq sevincli günlərdə bir yerdə olduqları kimi çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ilk dəstək göstərən ölkə məhz Azərbaycandır.

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib. Bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də isə Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”. Dövlət başçısının dediyi kimi, Azərbaycan sona qədər öz dəstəyini göstərəcək. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək

Dövlətimizin başçısının tapşırığına əsasən xilasedicilərdən ibarət ilk qrup elə həmin gün zəlzələ bölkəzsinə yola düşüb. Eləcə də zərərçəkənlər üçün zəruri ləvazimatlar göndərilib. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə  fevralın 9-da Qaziantepə uçub. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Eləcə də, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır

Hazırda dünyanın bir çox ölkələri Türkiyənin zəlzələ bölgəsinə dəstək qrupları göndəriblər. Amma ən böyük və operativ dəstək məhz Azərbaycandan olub. Hazırda 700-dən çox xilasedicimiz zəlzələ zonasında çalışır. Eləcə də, xəsarət alanlara yardım üçün tibbi personal və tibbi ləvazimatlar da qardaş ölkəyə göndərilib. Burada Azərbaycan vətəndaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərə könüllü yardım göstərmələri də xüsusi vurğulanmalıdır. Bir neçə gündür ki, nəinki paytaxt Bakıda, respublikamızın müxtəlif bölgələrində də vətəndaşlarımız türk qardaş və bacılarımıza dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Bununla da, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.

“Ümumiyyətlə, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edirik. Faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət almış insanlara şəfa diləyirik.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Türkün biləyi sınmaz, beli əyilməz!

Azərbaycan və Türkiyə dövlətləri kədərli, sevincli günlərində həmişə bir-birinin yanında olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dost, qardaş münasibətləri xalqlarımızı da bir-birinə daha da doğmalaşdırdı.

Vətən müharibəsinin ilk saatlarında Türkiyənin  Azərbaycana siyasi, mənəvi dəstək olması, cənab Ərdoğanın bütün dünyaya “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”  deməsi bizə böyük ruh və güc verdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Ərdoğanın Şuşaya, Füzuliyə, Zəngilana səfər etməsi qardaşlığımızın ən yüksək nümunəsi idi.

Türkiyədə baş verən dəhşətli, dağıdıcı zəlzələnin minlərlə insanın həyatına son qoymasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi.

Zəlzələ baş verdiyi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı və həmin gün cənab Ərdoğana zəng edərək zəlzələ nəticəsində çox saylı insan tələfatı və dağıntıların onu və Azərbaycan  xalqını çox kədərləndirdiyini və bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Ölkə başçımız həlak olanların ailə üzvlərinə, yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək yaralananlara şəfa dilədi. Fevralın 8-də Prezident cənab İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və çıxış etdi.  Ölkə başçımızın zəlzələnin fəsadlarının aradan qaldırılmasında sona qədər Azərbaycan dövləti və Azərbaycan xalqının Türkiyənin yanında olacağını, hər cür kömək və dəstək ediləcəyini söyləməsi Azərbaycan və Türkiyənin sarsılmaz tellərlə bir-birinə bağlı olmasının təzahürüdür. Bu qardaşlığa heç kəs mane ola bilməz.

Ölkə başçımız cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələ baş verdiyi ilk saatlarda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin böyük bir qrupu Türkiyəyə göndərildi və ardınca fəlakət zonasına təyyarələrlə humanitar yardımlar yola salındı. Artıq Azərbaycanlı həkimlər də zəlzələdə yaralanan insanların müalicəsi üçün Türkiyəyə ezam olunmuşdur. Prezident cənab İlham Əliyevin zəlzələdə xəsarət almış insanların Azərbaycanda müalicə almaları üçün bütün tədbirlərin görüldüyünü qeyd etməsi bu faciənin Azərbaycan dövlətinin də faciəsi  olmasının bariz nümunəsidir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Zəlzələ baş verdiyi ilk gündən bütün Azərbaycan xalqı qardaş Türk xalqına dəstək üçün ayağa qalxdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək bu hadisədən dərin kədərləndiyini, zəlzələ nəticəsində  həlak olanlara Allahdan rəhmət diləyərək Türk xalqına güc və səbr arzuladığını bildirdi.

Heydər Əliyev Fondu  və Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş ölkəyə tonlarla humanitar yardım, eləcə də zəruri dərman preparatları göndərildi. Artıq Fondun könüllüləri də Türkiyəyə yola düşüblər.

Zəlzələ baş verdiyi ilk gündən bütün Azərbaycan xalqı qardaş Türk xalqına dəstək üçün ayağa qalxdı.  Bakıda, daha sonra bütün rayonlarımızda xalq yardım kampaniyasına qoşuldu. Tonlarla isti geyim, məişət əşyaları, ərzaq məhsulları toplanaraq qardaş Türkiyəyə yola salındı və bu kampaniya sona qədər davam  etdiriləcək. İnsanlarımız bu kampaniyaya öz arzuları ilə, bacı-qardaşlarına, doğmalarına yardım etmək üçün qoşuldular. Bu gün hansı vəzifədə, peşədə çalışmalarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı maddi cəhətdən də Türkiyəyə dəstək olur. Türkiyə Prezidenti cənab Ərdoğan, hökumət üzvləri, sadə türk vətəndaşları da qeyd edirlər ki, bu çətin ağır günlərdə ilk yardım, kömək qardaş Azərbaycandan gəldi. Azərbaycan dövləti də öz qardaşlıq missiyasını  əsirgəyə bilməzdi. Bu yardımlar təmənnasız, qardaşın qardaşa olan sevgi və ehtiramından irəli gəlir.

Xarici dövlətlərdəki  insanlıqdan uzaq, əqidəsiz bəzi qüvvələr Türkiyədə baş vermiş bu fəlakəti sevinclə qarşıladılar. Onlar bilməlidilər ki, bütün çətinliklərə baxmayaraq, Türkün biləyi sınmaz, beli əyilməz. Türkiyə güclü, qüdrətli dövlət, Türk xalqı mərd , əzmkar xalqdır. Tezliklə Türkiyə öz gücünə, qardaş dövlətlərin, xüsusilə Azərbaycanın dəstəyi ilə bu çətinliyin də öhdəsindən gələcək. Türkiyə bir dövlət kimi dünyada bundan sonra da öz sözünü deyəcək.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Bir sinədə iki ürək döyünür

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bütün türk dünyasını sarsıtmışdır. Azərbaycan xalqının böyükdən kiçiyə hər bir vətəndaşı dərin hüzn içində olsa da, heç kəs öz nikbinliyini itirməmişdir. Hamımız inanırıq ki,  həmişə olduğu kimi, bu dəfə də böyük Türk xalqı hər bir çətinliyə sinə gərərək, bu faciəni də inamla dəf edəcəkdir.

Bütün  dünyaya məlumdur ki, yenilməz Türk dövlətinin iradəsi sarsılmazdır. Mən bir Azərbaycan vətəndaşı olaraq, bir ana kimi, bütün Türkiyənin vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm, “Türkiyə, başın sağ olsun!” deyirəm.

Azərbaycan Respublikasının Prezidenti,  Yeni Azərbaycan Partiyasının  Sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük humanizmi təqdir olunur. Eyni zamanda, çoxminli  Yeni  Azərbaycan Partiyasının ilk üzvlərindən biri kimi qeyd edirəm ki, bütün Azərbaycan xalqı kimi doğma, qüdrətli  partiyamızın üzvlərinin Türkiyə xalqına maddi və mənəvi köməyi, eləcə də YAP Mərkəzi Aparatının humanitar dəstəyi sarsılmaz həmrəyliyimizin ifadəsidir.

Bildirmək istəyirəm ki, paytaxt Bakıdan bir qədər uzaqda yaşasam da, bir ağbirçək ana, sabiq  millət vəkili  kimi Türkiyədə zərər çəkənlərə, bacı və qardaşlarıma ismarıc göndərirəm: bir neçə ailəni öz evimdə qəbul  edib  onların qayğısını çəkməyə hazıram.

Qoy dünya bilsin ki, daim olduğu  kimi,  biz  daim qardaş  Türk  xalqının  yanındayıq! Qoy hamıya aydın olsun ki, bir sinədə iki ürək döyünür. Ulu Öndərimiz Heydər Əliyevin təbiri ilə desək, bir millət iki dövlət olan Türkiyə- Azərbaycan birliyi heç vaxt sarsılmayacaqdır!

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Can yanğısı, qardaşlıq borcu

Türkiyədə baş verən dəhşətli zəlzələ qardaş ölkəyə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və faciə gətirdi. Bu xəbər Azərbaycana çatan andan bütün cəmiyyətdə eyni üzüntü və qəlb ağrısı ilə yaşanır. Türkiyə ilə Azərbaycan zamanın bütün sınaqlarından əzm və şərəflə çıxaraq yeni dünya düzəni üçün nümunə sayılacaq qardaşlıq manifesti yaradıb. Məhz buna görə, qardaş faciəsi hamımızı ayağa qaldırıb. Azərbaycan xalqı bütün duyğu-düşüncəsi, gücü-imkanı ilə Türkiyədəki zəlzələnin nəticələrini aradan qaldırmağa səfərbər olub.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubunda zəlzələnin hər kəsi olduqca kədərləndirdiyini və Azərbaycanın hər cür yardım göstərməyə hazır olduğunu qeyd edib. Həmin gün ölkəmizin rəhbəri Türkiyənin dövlət başçısına telefonla da zəng edərək, zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək olacağını söyləyib.

Səhəri gün isə Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verərkən xalqımızın bu kədərini dərin hüznlə belə ifadə edib: “Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar. Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Dövlətimizin başçısının vurğuladığı kimi, bu dəhşətli zəlzələ bizi çox sarsıdıb, hər birimizə böyük mənəvi əzab verib. Elə bu ağrının hökmü ilə də qardaş ölkəyə ilk yardım Azərbaycandan yola salınıb. Xalqımız mərhəmət, humanizmin zəlzələdən güclü olduğunu göstərmək üçün neçə gündür ki, kişili-qadınlı, cavanlı-qocalı, imkanlı-imkansız əlindən gələn köməyi əsirgəmir, bacardığı işi görür ki, zəlzələnin ağrıları az da olsa azalsın, insanlar xilas edilsin. Sağ qalanların zəruri ehtiyacları müəyyən qədər ödənilsin.

Bundan əlavə, Prezident İlham Əliyevin tapşırığı ilə axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ardıcıl olaraq qardaş ölkəyə göndərilib. Xilasedicilərimiz artıq zəlzələ dağıntıları altında qalan xeyli insanı xilas ediblər. Onlar ölüm-dirim, istiqlal savaşında imiş kimi daşların, beton parçalarının ölümsaçan ağırlığı ilə döyüşü gecə-gündüz bilmədən əzmlə davam etdirirlər. Zəlzələ Türkiyədə olsa da, onun ağrısı və ağırlığı Azərbaycana da sirayət edib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da zəlzələ ilə bağlı elə anındaca Türkiyəyə başsağlığı verib. Onun müvafiq tapşırığına uyğun olaraq, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə müxtəlif dərman preparatları, oksigen maskalar, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıq, isti geyim və çadır dəstləri göndərilmişdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 Bakıdan başlanan bu humanitar aksiya bütün regionlarımızı əhatə edi

Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı da Kahramanmaraşda fəaliyyətə başlayıb. Hazırda onlar yaralılara təcili yardım göstərirlər.

Göründüyü kimi, Azərbaycan dövləti maddi imkanları, xalqımız mənəvi dəstəyi və başqa yardımları ilə qardaş ölkədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına böyük dəstək verir. Mərhəmətli və xeyirxah xalqımız canı, qanı ilə qardaş Türkiyənin yanındadır. Bütün ölkədə qardaşlığa sadiq insanlar bu ağır günlərdə sevgisini və vəfa borcunu təkcə ürək yanğısı, göz yaşları ilə deyil, həm də zərərçəkmişlərə fəal və kütləvi yardım aksiyaları ilə ifadə edirlər.

Böyük ağrımız həm də böyük güc doğurur, can yanğısı qardaş dayağına çevrilir. Belə ki, hazırda Azərbaycan vətəndaşlarının qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstəyi durmadan artır. Bakıdan başlanan bu humanitar aksiya bütün regionlarımızı əhatə edir. Quruda və havada Türkiyəyə yan almış yardım karvanların ardı-arası kəsilmir. Bütün vətəndaşlarımız bu marafonla qardaş ölkənin ayağa qalxmasına zəruri yardım göstərir. Bu sevgidir, qardaşlıq borcudur, insanlıq ləyaqətidir, əbədiyyət yoludur. Dağılan binalardır, nə qədər acı olsa da, həlak olan qan qardaşlarımız. Amma türk iradəsi, qüdrəti heç zaman yıxılmayacaq, sarsılmayacaq! Ölkə olaraq Azərbaycan bütün vətəndaşları ilə bu gün Türkiyənin yanındadır və qardaş ölkənin bu sınaqdan çıxacağına zərrə qədər kimsənin şübhəsi olmasın.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixin hər sınağından şərəflə çıxır

Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Qardaş ölkədə böyük dağıntılara, insan tələfatına səbəb olan təbii fəlakətin yaratdığı acını Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz, xalqımız ilk gündən səfərbər oldu. Tarixin bütün sınaqlarından, çətinliklərindən hər zaman şərəflə çıxan qardaş ölkənin bu acını da arxada qoyub hədəflərinə doğru inamla irəliləyəcəyinə əminik. Türkiyə gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə güclü dövlətdir. Zəlzələnin baş verdiyi fevralın 6-dan dünyanın 70-ə yaxın ölkəsi dost, qardaş ölkəyə yardımlarını əsirgəmədi. İlk dəstəyini, yardımını göstərən isə Azərbaycan oldu. Bir daha nümayiş etdirildi ki, əsl qardaş dəstəyi necə olmalıdır. Prezident İlham Əliyev türk dünyasına “Gücümüz birliyimizdədir” çağırışını edərkən daim bu fikri də xüsusi qeyd edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, aradan qaldırılması üçün birgə səylər göstərilməli, addımlar atılmalıdır. Bu, Azərbaycan dövlətinin təqdim etdiyi dostluq, qardaşlıq formulunun əsas prinsipidir. Böyük öndərlər – Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” çağırışları tarixin sınaqlarından çıxan, illər keçdikcə daha da möhkəmlənən bağlılığın, birliyin, həmrəyliyin təqdimatıdır. Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Bu birlik beynəlxalq səviyyədə də belə qəbul olunur ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ölkələr yoxdur.

Zəlzələnin baş verdiyi gün dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək zəlzələ zamanı həlak olanlarla bağlı türkiyəli həmkarına, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi, faciə zamanı həlak olanlara rəhmət dilədi, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir dilədi.

Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də yaxşı günlərdə, çətin günlərdə Azərbaycanın yanındadır. Azərbaycan xalqı da bütün varlığı ilə Türkiyənin yanındadır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək

Çox da uzaq olmayan tarixi – 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi və siyasi dəstəyini xatırlamaq kifayətdir. Türkiyə Prezidenti ilk gündən “Azərbaycan tək deyil” bəyanatını səsləndirdi və sonadək dəstəyini əsirgəmədi. Müharibənin hər gününü xalqımızla birgə yaşayan qardaş Türkiyə xalqının tarixi Zəfərimizi necə coşqu ilə qeyd etdiklərini sözlə ifadə etmək belə mümkün deyil. Küçə və meydanlarımızı iki dost ölkənin bayraqları bəzədi. Budur, dostluq, qardaşlıq, sıx tellərlə bağlılıq. Dünyaya örnək olan bu birlik hər gün daha da möhkəmlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında səsləndirdiyi fikirləri bir daha yada salmaq istərdik: “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq… Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”.

Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir: “Bütün ictimai təşkilatlar öz dəstəklərini göstərirlər. Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti daim yüksək dəyərləndirilir. Mərhəməti, xeyirxahlığı fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Heydər Əliyev Fondu böyük təşəbbüsə start verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə qardaş ölkəyə yardım aparan Fond əməkdaşları ilə görüşündə Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə etdi: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” Bir daha münasibətlərimizə işıq salan bu fikir səsləndirildi ki, biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik”.

SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrdən biri qardaş Türkiyədir. İnvestisiya layihələri ilə dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanan SOCAR Türkiyədə böyük imkanlara malikdir.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Azərbaycan ondan sonra bərpa işlərinə də qoşulmağa hazırdır. Türkiyə-Azərbaycan artıq bir yumruq, bir ürək, bir candır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq Azərbaycan üçün böyük şərəfdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Türkün biləyi sınmaz, beli əyilməz!

Azərbaycan və Türkiyə dövlətləri kədərli, sevincli günlərində həmişə bir-birinin yanında olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dost, qardaş münasibətləri xalqlarımızı da bir-birinə daha da doğmalaşdırdı.

Vətən müharibəsinin ilk saatlarında Türkiyənin  Azərbaycana siyasi, mənəvi dəstək olması, cənab Ərdoğanın bütün dünyaya “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”  deməsi bizə böyük ruh və güc verdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Ərdoğanın Şuşaya, Füzuliyə, Zəngilana səfər etməsi qardaşlığımızın ən yüksək nümunəsi idi.

Türkiyədə baş verən dəhşətli, dağıdıcı zəlzələnin minlərlə insanın həyatına son qoymasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi.

Zəlzələ baş verdiyi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı və həmin gün cənab Ərdoğana zəng edərək zəlzələ nəticəsində çox saylı insan tələfatı və dağıntıların onu və Azərbaycan  xalqını çox kədərləndirdiyini və bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Ölkə başçımız həlak olanların ailə üzvlərinə, yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək yaralananlara şəfa dilədi. Fevralın 8-də Prezident cənab İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və çıxış etdi.  Ölkə başçımızın zəlzələnin fəsadlarının aradan qaldırılmasında sona qədər Azərbaycan dövləti və Azərbaycan xalqının Türkiyənin yanında olacağını, hər cür kömək və dəstək ediləcəyini söyləməsi Azərbaycan və Türkiyənin sarsılmaz tellərlə bir-birinə bağlı olmasının təzahürüdür. Bu qardaşlığa heç kəs mane ola bilməz.

Ölkə başçımız cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələ baş verdiyi ilk saatlarda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin böyük bir qrupu Türkiyəyə göndərildi və ardınca fəlakət zonasına təyyarələrlə humanitar yardımlar yola salındı. Artıq Azərbaycanlı həkimlər də zəlzələdə yaralanan insanların müalicəsi üçün Türkiyəyə ezam olunmuşdur. Prezident cənab İlham Əliyevin zəlzələdə xəsarət almış insanların Azərbaycanda müalicə almaları üçün bütün tədbirlərin görüldüyünü qeyd etməsi bu faciənin Azərbaycan dövlətinin də faciəsi  olmasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək bu hadisədən dərin kədərləndiyini, zəlzələ nəticəsində  həlak olanlara Allahdan rəhmət diləyərək Türk xalqına güc və səbr arzuladığını bildirdi.

Heydər Əliyev Fondu  və Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş ölkəyə tonlarla humanitar yardım, eləcə də zəruri dərman preparatları göndərildi. Artıq Fondun könüllüləri də Türkiyəyə yola düşüblər.

Zəlzələ baş verdiyi ilk gündən bütün Azərbaycan xalqı qardaş Türk xalqına dəstək üçün ayağa qalxdı.  Bakıda, daha sonra bütün rayonlarımızda xalq yardım kampaniyasına qoşuldu. Tonlarla isti geyim, məişət əşyaları, ərzaq məhsulları toplanaraq qardaş Türkiyəyə yola salındı və bu kampaniya sona qədər davam  etdiriləcək.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın