Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır
Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır
2023-cü iin fevralın 6-da soyuq, şaxtalı bir gündə, Türkiyənin cənub-şərqində Kahramanmaraş vilayətində bir-birinin ardınca iki güclü dəhşətli zəlzələ Azərbaycan xalqı olaraq bizidə sarsıtdı. Dəhşətli zəlzələnin qurbanlarının sayı artdıqca ürəyimizin sızıltısı da çoxalırdı. Çünki dağıntılar altında qalanlar can, qan qardaşlarımızdır. Baş verən zəlzələdə həlak olanların və xəsarət alanların acısı təkcə Türkiyənin deyil, bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Hadisə ilə bağlı Prezident cənab İlham Əliyev qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çox sayda insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin”.
Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir. Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə kəlam deyil, gerçəklikdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri