Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur.
Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sistemi ilə də bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Belə ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.
“Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də Ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır. Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, həmin gün “Energetik günü” kimi qeyd edilir.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri