Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək
Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək
Müstəqil Azərbaycanın ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən ardıcıllıqla həyata keçirdiyi uğurlu enerji siyasəti, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizə regional və qlobal miqyasda böyük nüfuz qazandırıb. Təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyevin bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanın dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanındığı xüsusi olaraq nəzərə çatdırılıb. Qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir.
Son bir neçə ildə uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi deyilənlərə yaxşı nümunədir. Mütəxəssislərin yekdil qənaəti belədir ki, “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi və Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması ilə ölkəmizin “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq. Cənub Qaz Dəhlizi regional və qlobal əhəmiyyət daşıyan mühüm infrastruktur layihəsidir Məlumdur ki, hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur.
Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini