Tarix yazan və adı tarixə əbədi yazılan dahi şəxsiyyət
Tarix yazan və adı tarixə əbədi yazılan dahi şəxsiyyət
Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi.
Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.
Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artdı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də
Tarixi faktlara nəzər saldıqda Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də.
Ulu Öndər 1993-cü ilin sentyabr ayında Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” – deyə söyləmişdir. Ümummilli liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev İli” kimi keçirilməsi cox məqsədəuyğundur və inanırıq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi
Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.
Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu.
Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi.
1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu.
Ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi. Çünki qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud siyasi kurs davam etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub saxlanılmalıydı. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bir çox hallarda uğurla inkişaf edən ölkələr məhz mövcud siyasi kursun dəyişdirilməsi nəticəsində tarixi nailiyyətləri əldən vermişdilər. Milli inkişaf xətti ilə ardıcıl və dinamik surətdə irəliləyən Azərbaycanın qarşısında isə güclü dövlət quruculuğunun tamamlanması və keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpa olunması kimi mürəkkəb məsələlər dayanırdı.
Cənab İlham Əliyevin xalqın böyük etimadını və dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi 2003-cü ildən sonrakı dövrdə ölkəmizlə bağlı öz mənafelərinə uyğun planlar quran bəzi daxili və xarici qüvvələrin ssenarilərinin üstündən xətt çəkdi.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü
XX əsrin 60-ci illərində Azərbaycanın yeni tarixində tale yüklü yeni bir hadisə baş verdi. Bu həmin dövr idi ki, Azərbaycan keçmiş İttifaq respublikaları arasında ən geridə qalan respublika sayılırdı. İqtisadi, siyasi, mədəni həyatında kəskin durğunluq yaşanırdı. Məhz belə çətin dönəmdə 1969-cu il İyulun 14-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan KPMK -nin birinci katibi vəzifəsinə seçilməsi ilə ölkənin həyatında yeni dövr başlandı. ” Qoy ədalət zəfər çalsın” şüarı ilə Ulu öndər ilk cəsarətli çıxışını etdi və İttifaq miqyasına səs saldı. Məhz həmin tarixdə respublika bütün sahələr üzrə köklü islahatlar və surətli inkişaf yoluna qədəm qoydu. Nəticədə ən geridə qalmış respublikadan ən qabaqcıllar səviyyəsinə qalxan və surətli inkişaf yolu keçən Azərbaycan keçmiş İttifaqın iki donor respublikasından birinə çevrildi. Məhz o illərdə sənaye, kənd təsərrüfatının böyük sürətlə inkişafı təmin olundu. Yüngül və ağır sənaye, neft sənayesində böyük işlər görüldü. Bütün bu uğurlar indi müstəqil Azərbaycanın inkişafına xidmət edir. Bütün ölkədə abadlıq, quruculuq işləri aparıldı. Qısa müddət içərisində respublikada yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. Bu çox mühüm istehsalat sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Məsələn: Respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmin illərdə sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Bir sözlə, Azərbaycan nəhəng tıkinti meydanını xatırladırdi.
İqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri İstehsal kompleksləri su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bütün varlığına hopmuş vətən sevgisinin nəticəsi idi. Məhz o dövrdən başlayaraq xalqın tarixi, keçmişinə də maraq artdı. Bu sahədə bir oyanış başlandı. Güclü kadr potensialı, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması bu baxımdan xüsusilə diqqət çəkir. Həmin illərdə iqtisadiyyatın çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta təhsil şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi və Heydər Əliyevin qətiyyəti ilə Bakıda ilk hərbi məktəb açıldı.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
1995-ci ildə keçirilən Ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiya si demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu
80-ci illərin əvvələrində Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən sonra Heydər Əliyev Azərbaycanın milli dövlətçilik maraqlarını daha yüksək səviyyədə müdafiə etməyə başladı. 1993 ildə onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası işlənib hazırlandı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994 -ci ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cu il Sentyabrın 20 isə xarici ölkələrin neft şirkətiləri ilə Xəzərin neft və qazla zəngin strukturlarının işlədilməsi barədə “Əsrin müqaviləsi” adlı tarixi sənəd imzalandı. Bununla da Azərbaycanın iqtisadiyyatının daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə keçirilən Ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiya si demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu.
Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi və sanki zamani qabaqlayaraq XXI ci yüzilliyin Azərbaycanı üçün çalışırdı. Bəli, Heydər Əliyev zamanın fövqündə duran, bir çox hallarda onu qabaqlayan nadir tarixi şəxsiyyət, görkəmli dövlət xadimi idi. Elə bu səbəbdən də Azərbaycan xalqı Heydər Əliyevi, bu tarixi şəxsiyyətin adi ilə bağlı olan hər anı sonsuz sevgi və sayqi ilə qeyd edir.
Azərbaycanın liderinin NATO, ATƏT, Aİ kimi beynəlxalq qurumların işində də fəal iştirakı da heç şübhəsiz Azərbaycanın xarici siyasətinin uğurları və ölkəmizin nüfuzunun göstəricisi sayila bilər. Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Onun bu sahədə ki, zəngin təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir.
Ulu Öndərin dövlət idarəçilik məktəbinin ən görkəmli nümayəndəsi, beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş Prezidentimiz İlham Əliyevin atdığı addımlar da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmisdir. Qazanılan hər bir uğur isə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Ümummilli liderin qeyd etdiyi ” Azərbaycan dünyaya günəş kimi dogacaqdir ” fikri artıq oz əksini tapmaqdadır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu
Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.
Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar.
XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.
Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.
Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.
Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi
Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Ötən ilin aprelində ordumuzun təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə üstün olan Azərbaycan Ordusu düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya qüdrətini nümayiş etdirdi.
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.
Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün, ilk növbədə, iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.
Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Ümummilli lider Heydər Əliyev ideologiyası milli şüur və milli özünüdərk dəyərlərində…
Ümummilli Liderimizin fəlsəfi fikirlərinin, ictimai-siyasi görüşlərinin, elmi nəzəri hədəflərinin hərtərəfli tədqiqi sayəsində artıq Əliyevşünaslıq İnstitutun bütün istiqamətləri fəaliyyətdir. Təsadüfü deyil ki, müasir Azərbaycan fəlsəfi fikrinin aktual problemləri şərh edilərkən, ölkəmizdə Şərq fəlsəfi fikir ənənələrinin bərpa edilməsini önə çəkilərək, müasir Qərb fəlsəfəsinə inteqrasiya ilə bağlı milli fəlsəfi fikrin inkişafının daha geniş vüsət alınması gündən-günə daha çox nəzərə çarpır.
Məlumdur ki, Şərq və Qərbin mənəvi həyatı, milli dəyərləri və təfəkkür formalarının araşdırılması elmi predmet olmuş, Şərq fikir və fəlsəfi elementləri Qərbdə də yayılmış və öyrənilmişdir. Başqa sözlə, Qərbin sözü gedən həmin sahələrdəki elementləri Şərqdə özünə geniş yer tapmışdır. Keçən yüzilliyin aparıcı filosofu və mükəfəkkiri olan A. Q. Şveytserin fikirləri bu gün də öz aktuallığını itirməmişdir: “Təsəvvür edək ki, Avropa və hind fəlsəfəsi arasında disput keçirilir: onlardan hər birinin özünün müstəsna dərəcədə doğru olduğunu iddia etmək hüququ vardır.
Çünki hər ikisi hədsiz dərəcədə qiymətli ideyalar xəzinəsinin mənbəyidir”. Bu barədə məhz bu günlərdə Heydər Əliyevin anadan olmasının 98 ci il dönümü ərəfəsində söz açmaq daha qürurvericidir. Ulu Öndərin həmişəyaşar ideologiyasını qiymətli ideyalar xəzinəsi kimi dəyərləndirən hər bir qədirbilən Azərbaycan övladı müasir Azərbaycan fəlsəfi fikrində Ümummilli Liderimizin dövlətçilik fəaliyyətinin , ideya-siyasi və milli-mənəvi amillər üzərində bərqərar olmasının bir daha şahidi olur. Milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsiplərindən biri olan millilik və ümumbəşəriliyin vəhdəti prinsipi Azərbaycanda fəlsəfənin inkişaf yolunun müəyyənləşdirilməsi üçün həmişə əsas götürülmüşdür. Bir manifest və istiqamətverici proqram kimi qəbul edilən bu kəlamlar ümummilli liderimiz Heydər Əliyevin millilik və ümumbəşərililiyinin vəhdəti prinsipininə daha böyük əhəmiyyət verərək milli şüurun ölkəmizdə milli özünüdərk prosesi ilə qüvvətlənməsini bir daha təsdiq etmişdir. Ümummilli lider Heydər Əliyev öz ideologiya siyasətində Azərbaycanda fəaliyyətdə olan sosial qrupların, ictimai-siyasi birliklərin, siyasi partiyaların, etnik və digər birliklərin inkişaf və qüvvələrini araşdırmış, dünyadakı ümumi sosial və siyasi situasiyanı dərindən öyrənərək, habelə dünyanın inkişaf perspektivlərini bir daha nəzərdən keçirərək, öz siyasi fəaliyyətinin əsasını təşkil edərək, milli-mənəvi sərvətləri və ümumbəşəri dəyərləri müəyyənləşdirərək Azərbaycançılıq ideyologiyası üçün əsas sayılacaq aşağıdakı məsələləri önə çəkmişdir: Tarix bir daha dünyaya nümayiş etdirdi ki, ölkəmizin və xalqımızın müstəqilliyini, milli varlığını yaradan, möhkəmləndirən Heydər Əliyev şəxsiyyəti və onun çoxşaxəli möhtəşəm rəhbər iradəsi oldu.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Əbədiyaşar rəhbərin millilik və ümumbəşəriliyinin vəhdəti prinsipinin böyük əhəmiyyəti geniş şərh edilir
Heydər Əliyev irsi dünya siyasi elminin qiymətli nailiyyətləri sirasında özünə layiqli yer tutaraq, Heydər Əliyevin ideyalarını bitkin elmi-nəzəri platforma olan Əliyevçilik ideologiyası bir bitməz-tükənməz işıq ,məna toplumu siqlətində Yeni Azərbaycan Partiyasının və bugünkü müasir Azərbaycanın inkişaf və tərəqqi yollarını nura qərq edir və edəcəkdir. Heydər Əliyevin siyasi portretinin çoxqatlı çalarlarının dolğun və rəngarəng dərinliklərinə baş vurarkən belə qənaətə gəlirsən: Ümummilli Liderin epoxasını bütünlüklə milli- mənəvi oyanış mərhələsi, özünəqayıdış dövrü adlandırmaq lazımdır. Məhz bu epoxada, iqtisadiyyatdan tutmuş mədəniyyətədək, habelə bütün milli-mənəvi dəyərlər sahəsində olan yenilikləri, irəliləyişləri misilsiz yüksəlişlər zamanları ilə ölçmək ədalətli olardı.
1992- 93-cü illərin qaynar günləri… dağılmaqda olan respublika. Hakimiyyətdə tam iflas vəziyyəti hökm sürür. Mürəkkəb və ağır şəraitdə Prezident İlham Əliyevin təbiri ilə desək “ milli maraqları hər şeydən üstün tutan 91-lər” Naxcıvana yollanıb xilaskar missiyalı Heydər Əliyevi Bakıya rəhbərliyə dəvət edirdilər…Elə günlər idi…Milli Məclisin qarşısında “yaş senzi ilə “ bağlı etiraz mitinqləri keçirilirdi…
…Parlamentin sədri seçilən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlqoyma proqramı ilə elə həmin gün çıxış edir. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil olur.
“İndi əlbəttə gələcəyi yaratmaq vaxtı gəlib çatmışdır, ən azı ona görə ki axın güclüdür və hər şey daim hərəkətdədir, fəaliyyətə başlamaq dövrü çoxdan çatıb” deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bu günü və gələcəyini məhz həmin günlər parlamentdə sədr kimi fəaliyyətə başladı. O günlər məhz Heydər Əliyevin dövlətçilik siyasətinin güclü axını ilə yaranırdı. Milli-mənəvi dəyərlərin paravozu sayılan milli dil-Azərbaycan dili anlayışı öz qanuni haqqına çatdı. Xalqın özünüdərki sahəsində milli dirçəliş dövrü başladı.
Artıq Azərbaycan vətəndaşlarının mənəvi birliyinin əsası kimi Azərbaycançılıq ideologiyası, cəmiyyətin həyatında, ölkə əhalisinin vətənpərvərlik və Azərbaycana məhəbbət ruhunda tərbiyəsində Heydər Əliyevin birləşdirici rolu hər yerdə qızğınlıqla bəyənilir, təbliğ edilir, alqışlanırdı. Hamıya tam və açıq-aydın məlum idi ki, bu ideologiyanın ideya ilhamçısı və yaradıcısı Heydər Əliyev olmuşdur. Məhz Heydər Əliyev ideyalarının qaynaqlarından bəhrələnən milli dövlətçiliyin və milli şüurun davamlı və yüksəlişin təzahürü kimi suveren Azərbaycan dövlətinin öz strateji maraqları bütün sahələrdə öz tarixi addımlarını atmışdır.
…Hələ keçən əsrin 70-ci illərindən üzü bəri Azərbaycan siyasi tarixinin elmi-nəzəri fəlsəfi səpkidə geniş tədqiqatını aparan alimlərin fikrincə, tarixi şəxsiyyət olan Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsinin rəhbərin dövlətçilik fəaliyyətindəki uğurlar və zəfərlər fenomeni fəlsəfə tarixinin aktual müstəviyə qovuşmasında müstəsna xidmətlər göstərmişdir. İdeal dövlət xadimi və siyasi lider obrazı zaman və ölkə çərçivəsinə sığmayan Heydər Əliyevin tarixi xidmətlərinin elmi-nəzəri fəlsəfəsi siyasi cəhətdən misilsiz məqamları üzə çıxardı. Əbədiyaşar rəhbərin millilik və ümumbəşəriliyinin vəhdəti prinsipinin böyük əhəmiyyəti geniş şərh edilir, müasir, müstəqil Azərbaycanın siyasi tarixi-fəlsəfi salnaməsinin səhifələrində milli müstəqillik, özünüdərk və özünütəsdiqin nəzəri-fəlsəfi əsasları həmin dövrdə Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazılırdı.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri