Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir
Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir
Azərbaycanın xarici siyasətində Avropa ölkələrinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında qurulur. Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu əminlik də ifadə edilir ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədin mövcudluğu onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Prezident İlham Əliyevin martın 13-də Almaniya Federativ Respublikasına işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, səsləndirilən fikirlər də deyilənlərin təsdiqidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, eyni zamanda, Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, səfərin mahiyyətini, iki ölkə arasında əlaqələrin gələcək inkişafını açıqlayan mətbuata bəyanatları diplomatik münasibətlərinin 30 ilini arxada qoyan Azərbaycan-Almaniya əlaqələrinin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirir. Almaniya rəsmiləri Azərbaycanı daim ənənələri olan ölkə kimi dəyərləndirirlər. 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəd həm qurumla, həm də quruma üzv dövlətlərlə, o cümlədən Almaniya ilə ölkəmizin münasibətlərində yeni səhifə açdı.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Bu reallıq dövlətimizin başçısı İlham Əliyevin səfər çərçivəsində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə, həmçinin Azərbaycan Prezidenti ilə Almaniya Kansleri Olaf Şoltsın mətbuata birgə bəyanatlarından sonra media nümayəndələrinin suallarını cavablandırarkən də diqqətə çatdırıldı. Otuza yaxın almaniyalı iş adamı ilə iki saata yaxın davam edən görüşdə ölkəmizdə mövcud biznes imkanlarından geniş bəhs olundu. Dövlətimizin başçısı İlham Əliyev Almaniya iş adamlarını Azərbaycana dəvət etdi. Bildirdi ki, hazırda ölkəmiz yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev ilk gündən dost ölkələrin bu prosesdə iştirakına xüsusi önəm verildiyini diqqətə çatdırmışdır. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və artıq bununla bağlı müraciət ediblər.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal