22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dağda olan vətən, ürəyimdəki vətən dağı

Dağda olan vətən, ürəyimdəki vətən dağı

Dağda olan vətən, ürəyimdəki vətən dağı.

Bir tablo təsəvvür edin. Kənd mənzərəsi, dağın ətəyində yerləşən kənd. Bir tərəfində dəniz qədər böyük Göyçə gölü. Dağdan gələn çay kəndin içindən keçərək həmin gölə yol alıb gedir, kəndin ətrafı taxıl zəmiləridi, içindən respublika əhəmiyyətli yol gedir, qatar dayanacağı var, bol yaşıllığı, laləli, güllü çiçəkli münbit torpağı var.

Və bir gün bu tablonu çəkən rəssamın əlindəki fırçanı bir erməni alıraq kəndin üstünə qara buludlar çəkir, evləri viran, yaşıllıqları boz təsvir, yerə qan damcıları əlavə edir. Və siz, ailəniz, nəsliniz, kəndinizin digər sakinləri başqa yerlərə, ayrı-ayrı rayonlara, şəhərlərə köçürsünüz. Malınız mülkünüz düşmənə qalır. Kəndinizdəki xoş günlər artıq xatirələrə çevrilir…

Bir müddət sonra ayrı-ayrı rayonlarda şəraitsiz evlərdə məskunlaşırsan.. Sərin dağ havalı yurdundan isti bir bölgəyə köçürsən. Ayağının altında münbit torpaq yox asfalt var, başqa adamın doğma kəndi, şəhəri var. İçdiyin saf yox xlorlu sudu, aldığın nəfəs zavodların, avtomobillərin tüstüsüdü. Sanki günəşdə əvvəlki kimi parlaq deyil.

Zaman keçir… Ayrı-ayrı rayonlarda məskunlaşan əmi uşaqları fərqli ləhcələrdə danışmağa başlayırlar.. Başqa rayona aid adət ənənələrlə toy təşkil edir, yas verir, bayramlar qeyd edirlər. Doğma insanları uzun məsafələr ayırır, yadlaşdırır, dəyərlər adiləşir. Və sən məhv olursan.

Ermənilərlə sülhlə bağlı müzakirələrdə hər zaman bir sual olur. Biz onlarla barışacağıqmı? Əlbətdə hə. Necə ki, almanlarla yəhudilər və sovet xalqları barışdı, biz də elə. Bəs mən? Əsla.. Niyə? Ona görə ki, mənin qohumlarımın ətrafında yaşadığım xoşbəxt günlərimi, qayğısız uşaqlıq dövrümü kim mənə qaytaracaq?. Onun dəyərini necə qiymətləndirib verəcəklər? Təsəlli necə olacaq? Təsəvvür edin uşaqlıq dövrümə aid bir dənə şəkilim yoxdu, hardasa qaçqın kimi məskunlaşma zamanı çəkdiyimiz əziyyətləri demirəm hələ, dəyişdiyim məktəbləri sayını unutmuşam. Deyiləsi dərd, yazılası çətinlik çoxdu. Yaşamayan bilməz, anlamaz, duymaz.

O xoşbəxt günlər. Tablodakı kəndi bir də təsəvvür edin. Balaca bir uşaq məktəbdən qayıdır. Evə gələnə kimi yolda səni bibilərin, əmilərin görür. Hərə bir dəfə sığal çəkir başına, öpürlər, əzizləyirlər. Bəzən ev əvəzinə bibin gilə gedib yeməyini orda yeyirsən. Yatıb qalırsan. Heç kim sənin itdiyini düşünmür. Axı kənddə hamı doğmadı…

O kənddə evlərin qapılarında qıfıl olmurdu, qonşuları uca hasarlar ayırmırdı. Evlər villa deyildi, ama hər kəs xoşbəxt idi. Oğurluq, güvənsizlik, pis vərdişli insalar olmurdu o kənddə. Sənə dərs deyən müəllimin həm də qonşun idi və dərsdən sonra başa düşmədiyin mövzuları sənə pulnan yox, sevgi ilə başa salırdı.

Fikirlər var ki, xalqlar yox, siyasi qüvvələr müharibələri yaradır. Ermənilərdə bu fərqlidi. Bu günkü 31 mart soyqırım günü 1918-ci ildə olan hadisələrə aiddir. O vaxtkı qırğınları törədən siyasi qüvvələr SSRİ dövründə qalmamışdı. SSRİ dağılandan sonra isə yeni hakimiyyət olsa da düşmənçilikləri davam etdi və etnik təmizləmələrdən, soyqırımlardan əl çəkmədilər.

Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğalda olan torpaqlarımızı qısa zamanda geri qaytardıq. Bu bizə öz ata-baba torpaqlarımız olan Qərbi Azərbaycanımıza qayıdacağımıza böyük ümid yaradır.

Yenə o kənd. Yaşamaq haqqımdı mənim orda, doğulduğum torpaqda. Hər gün ayağının altında qalan, bərəkətindən qidalandığın, yağış yağanda cənnət ətrini hiss etdiyin həmin doğma torpağım öləndə də çürütməlidi məni. Torpağa doğmalıq və sevgi ilə qovuşmalıyıq. Doğmadı o, çox doğma.

O mənimdi, mən də onun.

Seymur Səfərov AR-nın Vəkillər kollegiyasının üzvü, vəkil

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın