Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir
Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi dəvəti ilə Tacikistana dövlət səfəri iki ölkə arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafının göstəricisidir. Bəli, bu gün 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyəti özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən Tacikistanla əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, iki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılıb, ölkəmizin Tacikistandakı səfirliyi 2007-ci ildə açılıb. Bir il sonra – 2008-ci ildə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Son illər dünyada baş verən proseslər ölkələrdən qarşılıqlı əməkdaşlığı, səmərəli fəaliyyəti və birgə səylər göstərməyi tələb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı bildirib ki, 30 ildə təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirən müstəqil Azərbaycan dünyanın əksər dövləti, eləcə də mötəbər təşkilatlarla əlaqələrini daha da inkişaf etdirir: “Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq”.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir: “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular”.
Bir sözlə, bu gün iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə də, son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə edilən qarşılıqlı səfərlər, türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov