21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq

Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq

Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq.

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu.

Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Dövrünün partiya və dövlət xadimləri arasında özünəmsəxsus geniş siyasi və mədəni dünyagörüşü ilə seçilib. Əziz Əliyevin həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat dərsləri olub. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə başqalarından tamamilə fərqlənirdi. Öz gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.

O dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı və traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Zərifə xanım Əliyeva məhz belə bir dövrdə Moskva şəhərindən vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.

Böyük alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, daha sonra isə kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım həkimlik fəaliyyəti ilə daha çox məşğul olmağa başlayır: cərrahiyyə əməliyyatları aparır, xəstələrə yeni üsullu müalicələr yazır, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya şöbələrini, təşkilatları əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.

Tibbi təcrübə və kadr hazırlığı ilə ciddi məşğul olmasına baxmayaraq alim elmi-tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verirdi. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın zəruri problemlərinə xüsusi diqqət yetirir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunması ilə əlaqədar idi. Zərifə xanım sözün əsl mənasında bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim bütün dünyada birinci olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə, akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Yeri gəlmişkən, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim-qadın idi. Məhz akademikin apardığı tədqiqatlardan sonra istehsalatda əmələ gələn zərərli maddələrin görmə orqanlarına mənfi təsirinin qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər həyata keçirmək mümkün olub. Alim bu müəssisələrdə işçilərin gözlərinin peşə zədələnmələrinə qarşı kompleks sanitar-gigiyenik, texnoloji tədbirlərin işlənilməsi və həyata keçirilməsinə nail olmuş, əmək şəraitinin yaxşılaşdırılması, hava hövzəsinin təmizlənməsi, zavod və ona bitişik ərazilərdə çirklənmə və qazla zəhərlənmənin aşağı salınmasında misilsiz işlər görüb.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

 

Əliyeva Afət Rəfi qızı

  Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın