22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Dövlətimiz özünün müstəqil inkişaf yolunda dahi rəhbərin respublikaya rəhbərliyinin ilk dövründə əsası qoyulmuş zəngin iqtisadi – siyasi potensiala arxalanmışdır. Ulu öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən biri idi. O, gələcəyə hesablanmış müdrik siyasət yürüdərək milli iqtisadiyyatımızı formalaşdırmağa, inkişaf etdirməyə, güclü iqtisadi baza və milli kadr potensialı yaratmağa nail olmuşdur. Bununla da,  Azərbaycanın iqtisadı cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya iqtisadi sisteminə inteqrasiyası və bu sistemdə özünə layiqli yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

“Azərbaycanın ən böyük sərvəti Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil. Məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur.”

Azərbaycan xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi.  Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Neft sənayesi tamamilə tənəzzülə uğramışdı. Müstəqillik tariximizi  vərəqlədikdə  1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xidmətləri sırasında   iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək, malik olduğumuz təbii resurslardan səmərli istifadə etmək məqsədilə  müəllifi olduğu neft strategiyası önə çəkilir, onun uğurları qeyd edilir. “Əsrin müqaviləsi”nin iqtisadi  tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də daha çox təhlil olunur. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Ölkəmizlə  iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı.

Ümummilli Liderin müəllifi olduğu neft strategiyası üç istiqaməti özündə ehtiva edirdi: xarici sərmayə və təcrübənin ölkəyə cəlb edilməsi; çoxvariantlı ixrac sisteminin qurulması və təbii sərvətlərdən əldə olunan gəlirlərin şəffaf və səmərəli idarə edilməsi.

Ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması Azərbaycanın qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. Yenə də müstəqilliyimizin ilk illərindəki vəziyyətə nəzər salsaq ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb  olmuşdur. Baxmayaraq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Lakin  müstəqilliyimizin ilk illərindəki anarxiya, özbaşınalıq xarici dövlətlərdə, şirkətlərdə Azərbaycan iqtisadiyyatına  qoyacaqları investisiyaların təhlükəsizliyinə şübhələr yaratdığı üçün tərəddüdlərinə səbəb olurdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi “açıq qapı” siyasəti Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasına öz müsbət təsirini göstərdi. Belə ki, Ümummilli Lider Azərbaycanın qapılarının bura xoş niyyətlə ayaq basan xarici iş adamlarının üzünə açıq olduğunu bildirərək qoyacaqları təhlükəsizliyə tam əmin olmağa da çağırışlar etdi.

Məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

“Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir.”

İndi Azərbaycanın daxili həyatında ictimai-siyasi sabitlik var. Xarici siyasətə gəldikdə isə, Azərbaycan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, bərabər hüquqlu əlaqələr saxlamaq prinsipini rəhbər tutur və xarici siyasəti bu istiqamətdə aparır. Azərbaycan bütün beynəlxalq təşkilatlarda imkan daxilində fəaliyyət göstərməyə çalışır və beynəlxalq aləmdə müstəqil bir dövlət kimi fəaliyyət göstərir. Respublikamız bütün dövlətlərlə müstəqil ikitərəfli əlaqələr yaradır, eyni zamanda qonşu ölkələrlə münasibətlərə daha çox fikir verir. Azərbaycanın Türkiyə ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycanı Türkiyə ilə çoxəsrlik tarix bağlayır. Azərbaycan Respublikasının müstəqilliyini dünyada ilk dəfə Türkiyə Cümhuriyyəti tanımışdır. Azərbaycan xalqını və Türkiyə xalqını birləşdirən milli köklər, adət və ənənələr, dil və mədəniyyətin yaxınlığı iki dövlət arasındakı münasibətləri daha da əhəmiyyətli edir.

Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olmuşdur. Keçmiş SSRİ-nin indi həmin birliyin üzvü olan on iki respublikasından biri kimi, Azərbaycan bu dövlətlərlə tarixən yaranmış iqtisadi, mədəni, elmi-texniki əlaqələri daha da möhkəmləndirmək yolu ilə gedir.

Azərbaycan bütün dövlət quruculuğunu, cəmiyyətdə dəyişiklikləri yalnız və yalnız demokratik prinsiplər əsasında həyata keçirmək əzmindədir. Azərbaycan dünya demokratiyasının bütün imkanlarından istifadə edərək bundan sonra da demokratiya yolu ilə gedəcəkdir. Milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdirlər. Azərbaycanda insan hüquqlarının qorunması üçün təminat yaranmışdır və bu sahədə bütün tədbirlər görüləcəkdir. Bir sözlə, Azərbaycan Respublikası demokratiya yolu ilə gedir.

Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır. Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır.

Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil edib və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

“İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.”

Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz Ümummilli Lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.

Kifayət qədər mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən uzaqgörən siyasət və gərgin fəaliyyət nəticəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanı təmin etmişdir. Ulu Öndərin gərgin zəhməti, uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqil iqtisadiyyat formalaşmış, Azərbaycanın öz suveren iqtisadi siyasətini həyata keçirməsi üçün ilk növbədə neft-qaz sektoru inkişaf etdirilmiş, xarici investorlar Azərbaycana cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Neft-qaz sektorunun sürətli tərəqqisi digər sahələrin inkişafına da ciddi təkan vermişdir. Makroiqtisadi sabitliyə nail olunması fonunda isə həyata keçirilən sürətli islahatlar Azərbaycanın qarşısında tamamilə yeni inkişaf mərhələsi açmışdır. Xüsusən də aqrar sahənin bazar iqtisadiyyatına məxsus prinsiplər əsasında yenidən qurulması, bu sahədə dövlət mülkiyyətinin özəlləşdirilərək əhaliyə paylanması, həyata keçirilən struktur dəyişiklikləri kənd təsərrüfatının yenidən canlanmasına, sürətli tərəqqisinə, istehsalın həcminin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olmuşdur.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatı prinsipinə xas olaraq təsərrüfat subyektləri arasında yeni münasibətlər formalaşmış, infrastrukturun inkişaf etdirilməsi, xarici sərmayədarlar üçün əlverişli mühitin yaradılması, perspektivli sektorların beynəlxalq miqyasda məharətli təbliği xarici investorların Azərbaycana gəlişini sürətləndirmişdir. Sosial sahədə mövcud problemlərin kompleks həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin həcm və keyfiyyəti artırılmış, insanların maddi rifah halı yüksəlməyə başlamışdır.

Azərbaycanın hazırkı dinamik inkişafı deməyə əsas verir ki, Ulu Öndərin modernləşmə strategiyasının gerçəkləşdirilməsi üçün təməlini qoyduğu islahatlar Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət isə yeni əsrdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına sürətlə daxil olmasını təmin etmək məqsədinə hesablanmışdır. Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

“Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.”

Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır.  Dövlətimizin başçısı cənab İlham Əliyev xalqa qeyd olunan müraciətində bu məqamı da xüsusi olaraq bildirmişdir: «Gəlin fərz edək ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan  səmərəli istifadə edəcəyik.»

Artıq dünya 2018-ci ildə işə düşən  Cənub Qaz Dəhlizinin, onun əsas seqmenti olan TANAP-ın iqtisadi və siyasi əhəmiyyətindən bəhs edir. Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi  kimi öz sözünü deyir.  Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bu günümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin təsdiqidir.

Xəzər hövzəsinin zəngin  enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur, onların icrasında dövlət büdcəsinə milyardlarla vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir. Azərbaycanın,  iqtisadiyyatımızın onurğa sütunu olan neft-qaz sənayesinin uğurlarını bir yazıda əhatə etmək qeyri mümkündür.

Göründüyü kimi, düzgün müəyyənləşdirilən siyasət davamlı uğurların əsasıdır. Uğurlu sonluqla başa çatan hər bir layihə yeni layihənin başlanğıcı kimi dəyərləndirilir.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

 

“On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.”

1993-cü il oktyabrın 3-də xalqın səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin oktyabrın 10-da andiçmə mərasimi keçirilmişdi. Zamanın indiki prizmasından-XXI əsrin ilk beşdə birindən həmin dövrə nəzər saldıqda aradan keçən müddətdə yeni, inkişaf etmiş, qüdrətli Azərbaycan tablosu gözümüz önündə canlanır.

Birinci prezidentlik müddətində Heydər Əliyev Azərbaycanda güclü və nizami ordunun formalaşmasına, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs sazişinin imzalanmasına, suveren respublikamızın ilk Konstitusiyasının qəbul edilməsinə, yeni neft strategiyasının hazırlanmasına, özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsinə, iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına nail olması ilə yaxın tarixə öz imzasını atıb. Ulu Öndərin ilk andiçmə nitqi bu baxımdan hazırkı qüdrətli Azərbaycanın haradan hara gələrək indiki inkişaf dinamikasına nail olması istiqamətində bir mühüm yol xəritəsini, ideya manifestini xatırladır.

Ümummilli Liderin dahiliyi, uzaqgörənliyi və qətiyyəti sözügedən nitqində bir daha bütün detalları ilə diqqəti cəlb edir. Xalqın məhz öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığı bir vaxtda çiyinlərinə taleyüklü missiya götürən Ulu Öndər xalqın yekdil səsi ilə ona göstərilən etimadın, üzərinə qoyulan vəzifənin məsuliyyətini dərindən dərk etməklə yanaşı, ilk növbədə özünün də hər zaman qeyd etdiyi kimi, millətinin zəkasına, müdrikliyinə, qüdrətinə güvənir və arxalanırdı. Heydər Əliyev zaman-zaman xalqının ona bəslədiyi ümidləri doğrultmaq üçün əlindən gələni əsirgəməmiş, həyatının qalan hissəsini də bu işə həsr etmişdi.

Azərbaycanın müstəqilliyini tarixi bir hadisə kimi dəyərləndirən Ulu Öndər suverenliyi xalqımızın milli sərvəti və milli nailiyyəti kimi səciyyələndirirdi.

Respublikamızda ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi çöküşün pik həddə çatdığı 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın həmin dövrdəki dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında vətəndaş müharibəsi həddinə gəlib çatan ölkəni böyük fəlakətdən qurtardı. Ulu Öndər bütün bunların qarşısını aldı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı.

Ümummilli Liderin oktyabrın 10-da andiçmə mərasimindəki nitqində ilk növbədə vurğulanan məsələ də məhz dövlət quruculuğu idi: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.

Bu fikirləri bəyan edərkən Ulu Öndər bütün müdrikliyi ilə dərk edirdi ki, dövlətin əsas vəzifələrindən biri demokratik, sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunmasıdır. Zaman keçdikcə Heydər Əliyevin bu fikirləri əməli şəkildə real təsdiqini tapdı.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

“Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir.”

Ulu Öndərin Prezident seçildiyi il Azərbaycan iqtisadiyyatının tamamilə dağıldığı, vətəndaşlarının rifah səviyyəsinin həddindən artıq aşağı olduğu vaxta təsadüf edirdi. İqtisadi cəhətdən son dərəcə çətin bir vaxtda respublikaya rəhbərlik etmək kimi ağır və məsuliyyətli yükü öz çiyinlərinə götürməyi sadəcə Heydər Əliyev dühası bacara bilərdi. Həmin dövrdə iqtisadi-sosial vəziyyətin son dərəcə ağır olduğuna baxmayaraq, Ulu Öndər öz xalqına arxalanaraq böyük ruh yüksəkliyi ilə bu çətinliyin öhdəsindən gəldi. Bu şərəfli və çətin yolun bəzən hətta keçilməz kimi görünən ağırlığı Ulu Öndərin gözünü qorxutmurdu, çünki o, bu işdə öz xalqı ilə yanaşı, həm də respublikanın iqtisadi-sosial, elmi-texniki potensialına güvənirdi: “Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik. Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın”.

Ulu Öndərin andiçmə mərasimindəki nitqində ərz etdiyi mətləblər, verdiyi vədlər respublikanın inkişafı naminə onun yorulmaz fəaliyyəti ilə real həyatda zaman-zaman təsdiqini tapdı. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lideri ölkə daxilində demokratik prinsipləri bərqərar etməklə respublikanın xarici siyasətində dövlət müstəqilliyini daim qoruyan xətti əsas götürərək söz verdiyi kimi həyatının son dəqiqələrinə qədər millətinə sədaqətlə xidmət etdi, bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına yönəltdi.

Bu gün də həmin siyasi xəttin davamı olaraq, həmin ideyaların təməli üzərində ucaldılmış inkişaf strategiyası ilə Prezident cənab İlham Əliyev də eyni ilə öz dahi sələfinin and içərkən söz verdiyi kimi, Azərbaycan Respublikasına və Azərbaycan xalqına ləyaqətlə xidmət edərək bütün gücünü qüdrətlənmiş dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında ləyaqətli yer tutması üçün səfərbər edir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin müəllimi Asim Xəlilov

 

 

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur.

Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ulu Öndərin gərgin əməyinin nəticəsində dövlət müstəqilliyinin ilk illərində dərin böhrana düçar olmuş ölkə iqtisadiyyatı yenidən və müasir dövrün tələblərinə uyğun qurulub, dünya iqtisadiyyatına inteqrasiya edilib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi kurs hazırkı dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır.

Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Hazırda  Azərbaycan iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdədir. Etibarlı  tərəfdaş kimi nüfuz qazanan Azərbaycan reallaşdırdığı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ümummilli Lider  Heydər Əliyevin  siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev dünyaya səs salan tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir ki, bunun da təməli Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qoyulub. Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaq

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir.”

Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ümummilli Llider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

Ulu Öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu.

Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb. Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunması ən böyük məqsədimizdir. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi – bunlar hamısı bizim əsas prinsiplərimizdir.

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

“Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir.”

Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir.

Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir.

Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir. Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır.

Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir. Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə qurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan ibarətdir. Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır. Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu biz hamımız dərk etdik. Əgər bu kompleks yaranmasaydı, bu gün müstəqil Azərbaycan bu sərvətlərə malik olmayacaqdı. Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür. Neftin və qazın Avropa istiqamətində ixrac olunması – təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu eyni zamanda böyük bir siyasi məsələdir. Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır.

Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi – bunlar hamısı bizim əsas prinsiplərimizdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

“Mən birmənalı deyirəm: biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq bu yolu keçməliyik.”

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı sahəsində verdiyi töhfələr deyəndə, ilk xatırlanan məhz bu cümlədir.

1993-cü ildə müstəqilliyini yeni bərpa etmiş ölkə düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Ölkədə yaranmış xaos, hərc-mərclik nəticəsində xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Müstəqil Azərbaycan dövlətinin xaosdan çıxarılması, günü-gündən möhkəmləndirilməsi, inkişaf edirilməsi, iqtisadiyyatının gücləndirilməsi istiqamətində vacib və təxirəsalınmaz addımların atılması lazım idi. Bu isə uzun illər Azərbaycan üçün çalışan, onu qabaqcıl ölkələrdən birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan bir şəxsiyyətlə-Heydər Əliyevlə mümkün olardı.

Hələ 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə ölkənin iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verilib. Məhz iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycanın dünya ölkələri sırasında yer almasına, dünyada vacib ölkələrdən birinə çevrilməsinə səbəb olub.

Dahi siyasətçinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnib, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşıb. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranıb. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılıb. Həmin vaxtlar Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmçinin 1970-ci ildən Azərbaycanda neft sənayesinin inkişaf etdirilməsi ilə “qara qızıl” Azərbaycan xalqına xidmət edən sahəyə çevrilməsinin əsası qoyulub.

Paytaxt Bakıya, Azərbaycanın rayonlarına gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Həmin dövrdə ölkə iqtisadiyyatının inkişaf tarixinə nəzər salanda məhz Heydər Əliyevin sətləri ilə 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodunun tikilərək istifadəyə verilməsini xüsusi qeyd etmək lazımdır. SSRİ-də yeganə olan bu zavod çox az vaxt zamanında tikilmiş və tezliklə öz fəaliyyəti ilə ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutmağa başlamışdır. Zavod fəaliyyətə başlayandan sonra dəfələrlə burada olan Ulu Öndər hər zaman bu müəssisə barəsində xoş sözlər demişdir.

Məhz Ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi-siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Müstəqil Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Bir sözlə, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.

Əsası Ulu Öndər tərəfindən qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi təmin olunub, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Prezident cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanaqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın