22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

XX əsrin 70-ci illərində SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan müttəfiq respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta, respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Belə ki, 1978-ci il 21 aprel tarixində Azərbaycan SSR Konstitusiyasının qəbul olunması, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu öndər Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adlandırmaqla millətin bütövlüyünün məhz onun ana dilindən keçdiyini qətiyyətlə bildirirdi. Dahi lider SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu öndərin bu mövqeyi əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ana dilimiz uğrunda yorulmadan mübarizə aparan ümummilli lider ziyalıları, xalqı öz ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda yorulmadan mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.

Ümummilli lider deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Dil mədəniyyətin əsasıdır. Dilçiliyin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir. Təsadüfi deyil ki, dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini öyrənərkən əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də mənimsəyirlər. Dil obyektləri, hadisələri düzgün qiymətləndirməyə kömək edir, insan fəaliyyətinin təşkili və əlaqələndirilməsini şərtləndirir. Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Doğma ana dilimizdə dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və qədim tariximiz var. Qürurla deyə bilərik ki, danışan milyonlarla həmvətənimiz bəşəriyyətə böyük şairlər, yazıçılar, alimlər, siyasətçilər və dahilər bəxş etmişdir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu öndər demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”. Xalqın tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin təkminləşdirilməsi məsələsinə xüsusi önəm verən ümummilli lider ana dilimizin mənsubiyyətini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması istiqamətində həyata keçirdiyi siyasi xətti Prezident cənab İlham Əliyev bu gün uğurla davam etdirir. Belə ki, ölkə başçımız tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də imzalanmış “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilimizin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdi. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi, məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Ölkə başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir

Ümummilli lider Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin saflığının qorunmasına, dilimizin zənginliklərinin aşkara çıxarılmasına xüsusi diqqət yetirib, müxtəlif qərarlar qəbul edib. Bu, Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin və vətənpərvərlik – milli ruhunun əyani təzahürüdür. Ulu öndər Heydər Əliyev “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” demişdi. O vurğulamışdı ki,  hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir: “Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir”.

Ulu Öndərin cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə – 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınması isə xüsusi vurğulanmalıdır. Məlumdur ki, XX əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibinə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox qətiyyətlə bildirmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni bu cür vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu öndər Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bu, Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət.

Ümummilli Liderimiz müstəqillik dövründə də ana dilinin qorunmasına xüsusi diqqət göstərib. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, rəylər ifadə olunmuşdu. Onların böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Ulu Öndər bununla bağlı bir sıra sənədlər imzaladı, mühüm tədbirlər həyata keçirildi.

Ulu Öndərin layiqli davamçısı olan, adı inkişaf və sabitliklə assosiasiya olunan Prezident cənab İlham Əliyev də dilimizin qorunmasına və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına xüsusi önəm verən dövlətimizin başçısı “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir” ,- deyə vurğulayıb. Dövlət başçısının bu istiqamətdə imzaladığı fərman və sərəncamlar qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunması, inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.  Təbii ki, Prezident cənab İlham Əliyevin Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşması müstəsna məsələdir. Çünki bu, eyni zamanda, Azərbaycan xalqının bütövlüyünün, milli-mənəvi dəyərlərin qorunması, azərbaycanlı milli kimliyinin təsdiqi, ölkənin qüdrətinin artırılması baxımından vacib və önəmlidir.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

 

Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərinin yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını həyata keçirən Ulu Öndər istər 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin hüquqi statuslarının qorunmasını qətiyyətlə həyata keçirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Respublikanın Konstitusiyasında Azərbaycan dilinin rəsmi olaraq xüsusi maddə kimi qəbul edilməsi bütün sahələrdə onun inkişafına təminat verdi. Aparılan dil siyasəti nəticəsində dil dövlətçiliyin əsas atributlarından hesab olundu. Azərbaycan siyasi müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına – Azərbaycan dövlətinin Əsas Qanununa dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi dövlət rəhbərinin ana dilinin inkişafı ilə bağlı apardığı çoxillik mübarizənin məntiqi nəticəsi idi.

Azərbaycan dilinin inkişafı, qorunması, fəaliyyətinin təmin edilməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun çıxışlarında dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba məsələləri dərin məntiqi mühakimələrlə əsaslandırılırdı. Ana dilinin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə yeni sərəncamın verilməsi dövlətimizin ana dilimizə – dövlət dilinə çox böyük önəm verdiyini, ona həm dövlətçilik atributu kimi, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir. Bu baxımdan Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Ulu Öndər bu fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən qeyd etmişdir ki, “Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, dövrün milli-mədəni inkişaf tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir”. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllinə yeni istiqamət verdi. Ulu Öndərin Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu

Azərbaycan xalqının milli müstəqillik və dövlət müstəqilliyi əldə etdiyi dövrdə yürüdülən dil siyasəti milli dilin inkişaf etdirilməsinin təməl daşları olaraq qəbul olunur və onun ideyaları fundamental konseptual əsaslarda inkişaf etdirilir. Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ulu Öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Belə bir qanunun qəbulu Ulu öndər Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla və dolğun aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinin dövlət dili kimi hüquqi statusu möhkəmləndirilir. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının etibarlı şəkildə müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri böyük dövləti əhəmiyyəti öz təsdiqini tapır. Bu qanunun hazırlanması müstəqilliyimizin bəhrəsidir. Müstəqillik illərində bir çox sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafında, qorunmasında dövlət siyasətinin tərkibi kimi həyata keçirilmişdir. Bu siyasət Ulu öndər Heydər Əliyevin 1969-cu ildən başlayaraq dil haqqında apardığı dil quruculuğu konsepsiyasının davamıdır. Ölkə daxilində dilin qorunması və inkişafının həyata keçirilməsində “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun Azərbaycan dövlətçiliyinin həyata keçirdiyi milli siyasətin tərkib hissələrindəndir. Ulu öndər Heydər Əliyevin tövsiyələri əsasında dilin inkişaf qanununun hazırlanması, onun dövlət dili səviyyəsində inkişaf təminatının yaradılması ana dili haqqında ardıcıl  siyasətin davam etdirilməsidir.

Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulamış, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkmişdir. Həmçinin qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərə bu dildə çevik, səlisliklə əksini tapa bilir. Azərbaycan dilinin zəngin lüğət tərkibi, minillər boyu xalqımızın varlığını yaşatması əvəzsiz hadisədir. Dil siyasətində  Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin dövlətçiliyin inkişafı və Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif dövlət tədbirlərində çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə həyata keçirilmişdir. 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının növbəti nümunəsidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”

Azərbaycan dövlətinin apardığı ardıcıl, əzmkar dil siyasətinin fonunda müşahidə olunan real mənzərə göstərir ki, dilimizin qorunması uğrunda mübarizənin səmərəli olması üçün dövlət dilinin statusunu və işləkliyini bütün sahələrdə təmin etməklə yanaşı, cəmiyyətimizdə, xüsusən ziyalı mühitində elmi dilin formalaşdırılması, ana dilimizi mükəmməl bilməyin, düzgün işlətməyin norması, yüksək insani dəyər və vətəndaşlıq keyfiyyəti kimi qəbul edilməsinə nail olmaq lazımdır. Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesini nəzərə alaraq Azərbaycan dilinin istifadəsi və tətbiqinə dövlət qayğısının artırılması, ana dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi təmin edilir. Buna görə də müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı kimi öz vəzifəsini əsaslı və davamlı olaraq yerinə yetirir.

Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir. Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlər daim nəzarətdədir. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənimsəmələri, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, onun qorunması zərurətini yaradır. Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq aləmdə diplomatiyaya yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dil siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Aparılan dil siyasəti Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın