Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır
Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi xarakterizə edən xüsusiyyətlər sırasında mükəmməl dövlətçilik idealı və səriştəsi, böyük siyasi uzaqgörənlik, xalqa və vətənə dərindən bağlılıq, heyrətamiz dərəcədə yaddaş, geniş tarixi dünyagörüşü, möhkəm iradə və qətiyyət, tarixi əhəmiyyətə malik qərarlar qəbul etmək və həmin qərarların yüksək səviyyədə icrasını təmin etmək kimi dünya liderlərinə xas olan keyfiyyətlərlə yanaşı, həm də bu mütəfəkkir dövlət xadiminin ədəbiyyat və incəsənətə dərindən bələd olması və həmin faktordan yerli-yerində bacarıqla istifadə etməsi də xüsusi yer tutur. Obrazlı şəkildə belə demək olar ki, dünya liderləri arasında Heydər Əliyev qədər ədəbiyyat və incəsənətə dərindən bələd olan, bu amildən dövlət idarəçiliyinin və siyasi-ideoloji proseslərdə yaradıcı şəkildə istifadə etməyi bacaran dövlət xadimi göstərmək çətindir. Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimidir. Ulu öndərin siyasi dünyagörüşünün formalaşmasında da ədəbiyyat faktoru mühüm yer tutmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin aşağıdakı fikirləri onun taleyində və dünya görüşündə ədəbiyyat amilinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini əyani surətdə nümayiş etdirir: «Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm.… Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur». Azərbaycan Respublikasına birinci rəhbərliyi dövründə (1969-1982) respublika rəhbərinin 6 yanvar 1979-cu il tarixdə «Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında» dövlət səviyyəsində xüsusi bir qərarı imzalaması dahi sənətkarın zəngin yaradıcılığının ölkədə və dünyada tanıdılmasında və irsinin sistemli şəkildə tədqiq edilməsində mühüm rol oynamışdır. Bundan başqa, 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin geniş miqyasda və yüksək səviyyədə təntənə ilə qeyd olunması keçmiş Sovetlər İttifaqına görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsi üçün müəyyən edilmiş qaydaların sədlərini aşmış, ədəbiyyatın inkişafında Nizami Gəncəvi kimi böyük xidmətləri olmuş dahi sənətkarlara fərqli yanaşma ənənəsinin əsasını qoymuşdur. Məlum olduğu kimi, Nizami Gəncəviyə qədər SSRİ miqyasında böyük sənətkarların yalnız yuvarlaq rəqəmlərlə ifadə olunan yubileylərinin keçirilməsi ənənəsi mövcud idi. Sovetlər İttifaqında görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Nizami Gəncəvinin 840 illik yubileyi yuvarlaq olmayan rəqəmlərlə ifadə olunan birinci və axırıncı rəsmi yubiley tədbiri olmuşdur. O zaman Sovetlər İttifaqı miqyasında və onun hüdudlarından kənarda da görkəmli dövlət xadimi kimi qəbul olunan Heydər Əliyev özünün xüsusi nüfuzundan və dəmir məntiqindən istifadə edərək Nizami Gəncəvinin 840 illik yubileyini keçirməyə nail ola bilmişdir. Sonralar məlum olmuşdur ki, Heydər Əliyeva sovet dövlətinin yubiley keçirmək ənənəsini qıran bu addımın qarşısını almaq istəyən yuxarı rəsmi təbəqələrin yaratdıqları baryerləri də ağıllı yanaşmalar ilə aşıb keçmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev 12 ildən sonra, 1993-cü ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirilməsinin ibrətamiz tarixçəsini aşağıdakı kimi ictimaiyyətin diqqətinə çatdırmışdır: «Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tutdular ki, 840 il yuvarlaq tarix deyil. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi edə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər».Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin «Nizami Gəncəvi İli» elan edilməsi haqqındakı 5 yanvar 2021-ci il tarixli Sərəncamı ölkəmizdə və dünyada Nizami Gəncəvinin tərcümeyi-halının və zəngin ədəbi irsinin tədqiqi və təbliği işini daha yüksək səviyyəyə qaldırmaq üçün geniş perspektivlər açır. Prezident İlham Əliyevin imzaladığı mühüm tarixi əhəmiyyətə malik olan dövlət Sərəncamında irəli sürüldüyü kimi «bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifələr açmış, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş, qüdrətli söz və fikir ustadının daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi» tədqiq təbliğ edilməsi aid dövlət qurumlarının elm, təhsil, ədəbiyyat və mədəniyyət adamlarının qarşısına daha mühüm vəzifələr qoyur. Prezident Sərəncamının imzaladığı vaxtdan keçən müddət ərzində müxtəlif dövlət qurumlarının həyata keçirdikləri tədbirlər Nizami Gəncəvinin xalqımıza və dünyaya yenidən tanıtmağa xidmət göstərir.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov
Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaqdır. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaqdır.
1982-ci ildə H.Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi ulu öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirədə demişdir: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır”. Heydər Əliyevin həmin çıxışında tənqidi bir məqam da var: “Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib”. Heydər Əliyev 1981-ci il qərarına böyük önəm verir, fəqət onun vaxtında həyata keçirilməməsinə dönə-dönə təəssüflərini bildirirdi. Ümumən o, bütün fəaliyyətində ardıcıl şəxsiyyət idi, başladığı işi, verdiyi qərarı mütləq axıra çatdırırdı. Ulu öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdir: “Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, “Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”.
Tarix Heydər Əliyevin böyük uzaqgörənliyini əzmlə təsdiq etdi. Bu gün Naxçıvanda Cavid məqbərəsi xalqın müqəddəs ziyarətgahına çevrilib, xalqımız onu yaradanları dualar və təhsinlərlə yad edir. Hüseyn Cavid məqbərəsi həm də ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə daxil olub.Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof Hüseyn Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.Heydər Əliyev ədəbiyyat və incəsənətin tarixi, fəlsəfi mahiyyəti ilə bərabər, poetik novatorluğuna da xüsusi önəm verirdi: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. Beləliklə, ulu öndər yaradıcılıq psixologiyasına, forma və üslub axtarışlarına önəm verirdi ki, Hüseyn Cavid yaradıcılığı bu baxımdan nümunə idi. H.Cavid Şərq şeirinin ən yaxşı poetik ənənələrini, Füzuli sənətkarlığına xas cəhətləri, Türkiyə romantiklərinin novator xüsusiyyətlərini inkişaf etdirərək yeni forma və fərdi üslub yaradırdı. Hüseyn Cavid min ildən artıq tarixi və sənət yaratmaq təcrübəsi olan əruz vəzninə yeni elementlər gətirdi, demək olar ki, əruzun özünəməxsus poetik fiqurlarını yaratdı. Ulu öndərin dəyər verdiyi cəhətlərdən biri də məhz bu idi. Əlibəy Hüseynzadə Azərbaycan romantizminin estetikasını, Hüseyn Cavid isə poetikasını yaratdı.Hüseyn Cavidin irsi bizim milli-bədii sərvətimizdir. Onun faciəli taleyi Heydər Əliyevin böyük qəhrəmanlığı sayəsində ibrətli bir sonluqla nəticələndi. Bu gün Naxçıvanda Cavidlər məqbərəsi əzəmətlə ucalır. Bu məqbərənin tikilməsi onun sərt tələbkarlığı və Hüseyn Cavidə ümumən ədəbiyyat və mədəniyyətimizə məhəbbəti ilə bağlı idi. O, bir peşəkar memar kimi məqbərənin strukturunu, mənəvi-texnoloji xarakterini də özü vermişdir: “Həmin fikirlər bundan ibarətdir ki, nəhənglikdən uzaq olmaq, oradakı yeri mütləq nəzərə almaq lazımdır. Elə olmalıdır ki, məqbərə nə çox böyük, nə də çox kiçik olmasın. Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin yanında dursun, düşünsün. Məqbərənin o tərəfdən, bu tərəfdən açıq olmasının tərəfdarı deyiləm. Mən belə fikirdəyəm ki, bu məqbərəni xaricdən görəndə də gərək fikir cəmlənsin və onun içərisində olanda da fikir dağılmasın”.Ümummilli lider Heydər Əliyevin Cavid taleyinə münasibəti, siyasi liderin, dövlət başçısının mənsub olduğu xalqın klassik irsinə, mənəvi mədəniyyətinə münasibətinin ən parlaq nümunəsidir.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov
Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir.
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, tərcüməçi, publisist, teatrşünas və ictimai xadimdir. O,milli dramaturgiyamızın yeni mərhələsinin yeni tarixi şəraitdə yaradıcısıdır. Görkəmli sənətkar milli azadlıq ideyaları və istiqlal idealının iştirakçısı və tərənnümçüsüdür. Cəfər Cabbarlının sovet və müstəqillik dövrü Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi vardır. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Azərbaycan milli şüurunun inkişafında, ədəbiyyatımızda vətənpərvərlik mövzusunun möhkəmlənməsində görkəmli dramaturq Cəfər Cabbarlının rolu əvəzsizdir. XX əsrin ikinci onilliyində yaradıcılığa başlayan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə edir, istedadını sınayır. C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazıb və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınıb. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərib. XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlı məhz dramaturq kimi tanınmış, yüksək və dərin məzmunlu dramlar müəllifi kimi şöhrəf qazanmışdır. Görkəmli ədib özünün dram əsərlərində əhəmiyyətli ictimai mövzulara toxunmuş, geriliyi, köhnə qayda və qanunları tənqid etmiş, pulpərəstliyin, tamahkarlığın insan cəmiyyətindəki pulun rolunu insanları bədbəxt etməsini göstərmişdir. Milli teatrımızın nailiyyətlərinə əsaslanan, Azərbaycan dramaturgiyasının realist ənənələrini davam və inkişaf etdirən C.Cabbarlı bir dramaturq kimi ədəbiyyatımızın tarixində yeni səhifə açmışdır. Onun dövrün mühüm ictimai məsələlərinə həsr olunan dram əsərləri böyük estetiktərbiyəvi əhəmiyyətə malikdir və hər bir dövr üçün öz aktual mövqeyini qoruyub saxlayır. Bu əsərlər bu gün də oxucular tərəfindən sevilərək oxunur və teatrlarımızın səhnələrində tez-tez tamaşaya qoyulur.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
“Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun“Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi.”
Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində, ictimai fikrində özünəməxsus yeri olan ictimai xadim, publisist, novator yazıçı, dramaturq, XX əsrin əvvəllərində Azərbaycanda və türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadə həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əksetdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmış, ana dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. Azərbaycanın ictimai fikir tarixində böyük demokrat olan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakıXX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyoton, məqalələ, məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edirdi. Azərbaycan ictimai fikrində ideya-məzmun və bədii-estetik cəhətdən yeni bir səhifə açmış sənətkarın müxtəlif janrlı ədəbi irsi bugün ətraflı tədqiq və təhlil edilməkdədir.Onun yaradıcılığı XX yüzil Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında təkan rolunu oynadı. “Molla Nəsrəddin” jurnalının xəlqi ruhumuzda, ictimai düşüncəmizin inkişafında oynadığı rol həmişə uca və dəyərli olub, indi də belədir. Obrazlı desək, jurnal xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq imkanı əldə etmişdi.C.Məmmədquluzadə bütün çərçivələri dağıtdı, ədəbiyyatın dilini xalq ruhuna, xalq dilinə yaxınlaşdırdı, qovuşdurdu. Böyük yazıçı anlaşıqlı dildə xalqın fəlakətinin səbəblərini göstərməyə çalışırdı.Cəlil Məmmədquluzadə öz qələmini yalnız nəsr, dramaturgiya, publisistika sahəsində deyil, poeziya sahəsində də uğurla işlətmişdir. Onun poeziyası mollanəsrəddinçi ruhuna uyğun olaraq satirik səciyyə daşıyır. Bu satirik şeirlərdə azərbaycançılıq, millilik ideyası özünü qabarıq göstərir.Bütün şeirlərin canında mollanəsrəddinçilik yaşayır. Cəlil Məmmədquluzadənin satirik şeirlərinin hədəfi Azərbaycan millətinin mənəvi özünüdərki, oyanışı və dirçəlişi, Vətənin taleyi, ana dilinin daim yaşadılması olmuşdur.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Mirvarid xanım Dilbazi Azərbaycan qadınının, anasının ən parlaq, ən gözəl nümunəsidir
Ədəbiyyatımızda qədim dövrlərdən bəri qadın şairlərimiz az olmayıb. Məhsəti Gəncəvi, Heyranxanım, Xurşidbanu Natəvan, Ağabəyim ağa Ağabacı,və başqaları öz lirik şeirləri ilə tariximizdə əbədi yaşayırlar. Mirvarid Dilbazi iyirminci yüzilliyin görkəmli şairlərindəndir. O elə xoşbəxt sənətkarlardandır ki, uzun ömür yaşayıb, yetmiş il sərasər yazıb-yaratmaq ona nəsib olub. Mirvarid xanımı keçmiş zamanların qadın şairlərindən fərqləndirən başlıca xüsusiyyət əsərlərində ictimai məzmunun, xəlqilik, vətəndaşlıq duyğularının bədii ifadəsidir. Onun ədəbi irsi çoxlu lirik şeirlər, poemalar, uşaqlar üçün müxtəlif janrlı əsərlərdən ibarət olsa da, daha çox lirik şair kimi tanınıb sevilmişdir. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy kəndində anadan olub. Atası Paşa bəy, anası Cavahir xanımdır. Atasını erkən itirən Mirvarid Dilbazi babası Mustafa ağanın mülkündə Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyüyüb. Böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun tutumlu bir şəxsiyyət kimi formalaşmasına münbit zəmin yaradıb.1921-ci ildə ana və bacısı ilə Bakıya köçən Mirvarid Dilbazi qızlar seminariyasında təhsil alıb, Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsilini davam etdirib. Doğma Azərbaycanı qarış-qarış gəzən şairə onun hər guşəsinin gözəlliyini dərindən duya-duya mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. Daha çox lirik şairə kimi tanınan və sevilən Mirvarid Dilbazi səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman xanım aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övladın bir-birinə olan duyğularına, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir.Şair ana-vətəndaş Mirvarid Dilbazinin lirikası Azərbaycan poeziyasının elə bil toplusudur ki, onun səhifələrində yarıməsrlik ictimai-siyasi dövrün poetik salnaməsi inikas etməkdədir. Həm də bu yaradıcılıqda tipik bir azərbaycanlı qadının ömür yolu canlanmaqdadır. O, xalqımızın əbədilik tarixində yaşayıb-yaratdığı zamanı lirik şeirlərinə sənətkarlıqla həkk etmiş qüdrətli bir şair kimi yaşayır və yaşayacaqdır.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova