21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı.Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi.
XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Mübarizə deyiləndə heç də yalnız silahlı mübarizə nəzərdə tutulmur. Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, əsaslandırılmış xarici siyasətin həyata keçirilməsi, bütünlükdə milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün ardıcıllıq nümayiş etdirilməsi özü də mübarizənin bir formasıdır. Sadalanan və sadalanmayan ölkə əhəmiyyətli bu məsələlərin həyata keçirilməsi tarixi şəraitdən, mühitdən, müxtəlif təsirlərdən, obyektiv və subyektiv səbəblərdən asılı olaraq böyük məsuliyyət və həssaslıq tələb edir və o ölkələr öz inkişafında müvəffəqdirlər ki, onlar qarşıya qoyulan ən mürəkkəb vəzifələrin icrasını daha səmərəli, daha düzgün və daha dəqiq təmin edə bilirlər. Bu sahədə ölkə rəhbərliyinin də üzərinə böyük məsuliyyət düşür və tarix də bunu sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin inkişafında çox önəmli rol oynaya bilərlər.

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu

Dahi şəxsiyyət Heydər Əliyevin  hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə gərgin  səyləri nəticəsində  Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.    Müstəqilliyimizin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir.

Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi əsas vəzifələrdən hesab edilir. Bu məqsədlə təhsil müəssisələrinin bütün pillələrində gələcəyin memarlarına vətənpərvərlik ruhu aşılanır, onlar Vətənə, dövlətə məhəbbət hissi ilə tərbiyə olunur. Gənclərdə bu hisslərlə yanaşı, hərb peşəsinə məhəbbəti təbliğ edən yarım əsrlik tarixə malik Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müstəsna rolu vardır.

Hərbi lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb. Təsis edilən zaman ona “Respublika ixtisaslaşdırılmış internat məktəbi” adı verilmiş və həmin ildən etibarən məktəb general Cəmşid Naxçıvanski adını daşımışdır. 24 noyabr 1997-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. 2003-cü il aprelin 19-da Ulu Öndər liseyi ziyarət edərək “Döyüş bayrağı”nı təqdim edib, şəxsi heyətlə görüşüb, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Həmin gündən etibarən 19 aprel “Cəmşid Naxçıvanski adına Hərbi Lisey” Günü kimi qeyd edilir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi uşaq bağçasının müdiri

 

 

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə -əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan – Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan xalqı hər il 26 İyun- Silahlı Qüvvələr Gününü milli iftixar hissi ilə qeyd edir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır

Ordu quruculuğunda ən önəmli məsələ hərbi təhsil ocaqları, onların fəaliyyət dairələrinin genişləndirilməsi, milli zabit kadrlarının hazırlanmasıdır.

Hərbi təhsil ordu quruculuğunun təməl daşıdır. “Mən istəyirdim ki, bizim zabitlər korpusumuz olsun”- deyən ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli zabit kadrlarının hazırlığı məsələlərini daim önə çəkirdi. Ulu Öndər 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına və eyni zamanda azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail oldu. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirdi. Əsası C.Naxçıvanski adına Hərbi Liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi.

Ulu Öndər 2-ci dəfə hakimiyyətə qayıdışından sonra hərbi təhsilin inkişafına xüsusi diqqət ayırdı.1993-cü ildə ölkə tarixində ilk dəfə olaraq Hərbi Hava Qüvvələrinin tərkibində Uçuş Hazırlığının Təlim Mərkəzi yaradıldı. Sonradan bu mərkəz Ümummilli Liderimizin sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali hərbi təhsil müəssisəsi olan Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. 1998-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Muxtar Respublikasında filialı açıldı. 2004-cü ildə Naxçıvanda fəaliyyət göstərən Hərbi Liseyə ümummilli liderimiz Heydər Əliyevin adı verildi.

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsisi edilməsi hərbi sahədə milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi olmuşdur.

Aygün Mirzəyeva-Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu.

Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz hazırda müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizama və yüksək döyüş hazırlığına malikdir. 44 günlük Vətən Müharibəsində düşməni sarsıdıcı zərbələri ilə darmadağın edən qalib Silahlı Qüvvələrimiz müstəqil dövlətimizin ən böyük dayağı, təhlükəsizliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün ən sədaqətli təminatçısıdır.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir.

Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir.

İkinci Qarabağ müharibəsindən qalib çıxmağımız tarixə qızıl hərflərlə həkk oldu. Bu müharibə də Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

Qalib Ordunun hərbiçilərinin qəhrəmanlıqlarının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal –“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olundu.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın