İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı möhtəşəm qələbə ilə nəticələndi. Uğurlarımızın başlıca səbəbi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edir ki, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Cənab İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir. Ordusunu vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran Ali Baş komandan ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur. Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sürsat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Belə ki, 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bugün də Kəlbəcərdə komando qüvvələrinin ikinci hərbi hissəsinin açılışı ordumuzun gücünün nümayişidir. Bu onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixi uğurlar qazanacaq, əhalimizin sosial rifahı daha da yaxşılaşacaq və Vətənimiz gündən-günə çiçəklənəcək. Heç şübhəsiz ki, bu mühüm işdə hər birimiz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımıza fəal dəstək verməli, onun ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu sarsılmaz birlik və həmrəylikdən asılıdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Danılmaz həqiqət.
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoydu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı cənab İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının yumruq kimi bir olması ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.
“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçımız ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Bu gün Azərbaycanın bütün sahələrində yüksək inkişaf və tərəqqi özünü göstərir. Bu sözləri Azərbaycan Ordusuna da şamil etmək olar. Belə ki, ordumuzda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Bu baxımdan ordumuzun əsas aparıcı qüvvələrindən sayılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin fəaliyyəti daha çox diqqətçəkəndir. Şübhəsiz, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. Yüksək döyüş təcrübəsinə malik olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 2016-cı ilin aprelində erməni faşistləri ilə döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri misli görünməmiş şücaət göstəriblər. Belə ki, Şuşanın erməni dığalarından təmizlənməsi onların adı ilə bağlıdır. Hətta xüsusi təyinatlıların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etmələri artıq dünya hərb tarixinə düşüb. Bir sözlə, hazırda onların döyüş təcrübəsi öyrənilməkdədir. Bu mənada Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ordumuzun şah damarı adlandırmaq olar. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışında bir daha onlardan söz açaraq deyib: “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.
Məlum olduğu kimi, Azərbaycan Ordusu öz döyüş qabiliyyətinə görə regionda lider olan hərbi gücdür. Beynəlxalq reytinq təşkilatlarının hesabatları da göstərir ki, Azərbaycan öz hərbi gücünə görə dünyanın bir çox dövlətini qabaqlayır. Təbii ki, bütün bunların səbəbi ordumuzun döyüş qabiliyyətinin artırılması üçün dövrün nəbzini tutmaqla həyata keçirilən tədbirlərdir.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq.
Erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva.