Yenidənqurma işləri planlı şəkildə davam edir
Yenidənqurma işləri planlı şəkildə davam edir.
Müharibədən sonra keçən iki il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinin hamı şahididir. Qarabağın əraziləri düşməndən azad ediləndən sonra həmin ərazilərdə çox nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi də göz önündədir. Məqsəd əlbəttə ki, az qala əsrin üçdə biri müddətində Ermənistanın işğalı altında qalan və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqlara ən tez zamanda azərbaycanlıların, həmin torpaqların əsl sahiblərinin qayıdışı və firavan yaşayışının təmin edilməsidir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Bu planlar sayəsində əzəli torpaqlarımız öz sakinlərini qarşılamağa hazır olacaq. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qədimiliyi qalaraq öz tarixi izlərini saxlayaraq yenidənqurma işləri aparılır.
Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Zəngilan şəhəri isə onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Təbiətlə iç-içə olması şəhərin gözəlliyini daha da artırır.
Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.
İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri – artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır.
2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Ermənistanın işğalının mənfi fəsadlarından biri minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Rəsmi İrəvan onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Azərbaycan müasir minalardan təmizləmə texnikalardan istifadə edərək azad edilmiş əraziləri minalardan təmizlənməsi prosesini davam etdirir. Əfsuslar olsun ki, bölgədəki minalardan təmizlənmə səylərinə baxmayaraq, mülki şəxslər mina partlayışları nəticəsində yaralanmağa və həyatlarını itirməyə davam edirlər. Ermənistan təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.
Göründüyü kimi, mənfur qonşumuz Azərbaycana qarşı hələ də mina müharibəsini davam etdirir. 2022-ci ilin avqust ayından başlayaraq Azərbaycan tərəfi Kəlbəcər və Laçın istiqamətində 3 minə yaxın mina aşkarlamışdır ki, bunların işarələnməsi birmənalı olaraq həmin sursatların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu sübut edir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova
2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu.
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla tarix yazdı, dünyada yeni nümunə yaratdı. Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı diqqətə çatdırdığı kimi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, – deyirik!
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində xalq “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi.
Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Xüsusilə qeyd edək ki, Azərbaycanın COVİD – 19 – la mübarizəsi yalnız ölkə daxili ilə məhdudlaşmır. Təkcə onu misal göstərək ki, Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycan təşəbbüsü ilə BMT – nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvendlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80 – ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərib. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib. Eyni zamanda Azərbaycan hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi təşəbbüsünü həyata keçirir.
Təbii ki, bu ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Çünki vaxtilə maliyyə yardımı alan Azərbaycan artıq özü fəal donor ölkəyə çevrilib.
Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmiş, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli
Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu.
Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.
Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi. Azərbaycanın təşəbbüsləri göstərdi ki, çıxış yolu təkcə sərhədlər daxilində deyil, beynəlxalq səviyyədə həmrəyliyin inkişaf etdirilməsidir.
Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli
Fransa erməni separatizmini dəstəkləyir.
İyulun 5-də Qoşulmama Hərəkatının Bakıda keçirilən görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransanı dövlətlərin daxili işlərinə qarışmaqda, həmçinin Qarabağdakı separatçı rejimi dəstəkləməkdə ittiham etməsi haqqında da danışıb. Prezidentimiz Fransanın yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsinə baxmayaraq, əslində isə müstəmləkəçilik siyasətini davam etdirməyə çalışdığını söyləmişdir. Prezident Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılmaqdadır. Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir.
Qoşulmama Hərəkatının formalaşması tarixinə nəzər salsaq görərik ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərindən başlanan yol, 1961-ci ildə Belqrad Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsasının qoyulması ilə nəticələnib. “Bandunq prinsipləri”nə bağlı olan Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Heç bir hərbi alyansa qoşulmayan Azərbaycan Respublikası 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə sadiq olan Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına uğurla sədrlik edir.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev iştirak edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu deyən Prezident cənab İlham Əliyev, COVID-19 pandemiyası ilə mübarizədə məhz Qoşulmama Hərəkatının qlobal səyləri birləşdirdiyini vurğuladı: “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik”.
Hərəkatın institusional inkişafına toxunan İlham Əliyev, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın sədrliyinin növbəti nailiyyəti adlandırıb.
BMT-də ciddi islahatların aparılmasının qaçılmaz olduğunu deyən İlham Əliyev, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu bir daha qeyd edib.
Prezident İlham Əliyev çıxışı zamanı neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu dilə gətirərək bildirib ki, Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır: “Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.
İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya kimi məsələlərə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə toxunan İlham Əliyev, Azərbaycanın Hərəkata sədrliyi dövründə Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoymasından və işğalçı ölkə kimi Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olmasından danışıb. Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə transsərhəd ekoloji fəlakət törətməkdə davam etdiyini bildirən Prezident cənab İlham Əliyev Azərbaycanın hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasında yer aldığını vurğulayıb.
Azərbaycan Prezidenti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğundan, bölgədəki erməni hərbi və yarımhərbi elementlərin tərk-silah edilməsinin vacibliyindən danışıb.
Dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edərək təşkilatın təsir dairəsini genişləndirmək, nüfuzunu qat-qat yüksəltmək Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin bəhrəsidir. 120 ölkənin siyasi kordinatoru olan Azərbaycan Prezidentinin təşkilata uğurlu sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
Bir sözlə Prezident cənab İlham Əliyevin çıxışı zamanı vurğuladığı məqamlar onu göstərir ki, insan hüquq və azadlıqlarına, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etməklə bəşəri dəyərləri özündə ehtiva edən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata çevrilib. Azərbaycanın uğurlu sədrliyi Qoşulmama Hərəkatını böyük qüvvəyə çevirməklə Hərəkatın nüfuzunu daha da artırıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir.
Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib.
Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışında səsləndirilib. Dövlətimizin başçısı onu da əlavə edib ki, bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürüb. Azərbaycan Prezidenti, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
İrəvanın mina terroru ilə beynəlxalq hüququ kobud surətdə pozması dünya birliyinin gözü qarşısında baş verir. Ancaq nüfuzlu beynəlxalq təşkilatlar bu istiqamətdə də ikili mövqeyindən əl çəkmir, işğalçı ölkənin beynəlxalq hüquq normalarına hörmətsizliyinə laqeyd yanaşırlar. Bu, danılmaz faktdır ki, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən açıq-aydın pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürüb. Təəssüf ki, İrəvan bu öhdəliyə də əməl etmir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi 30 il ərzində bütün beynəlxalq konvensiyalara, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insan qətlə yetirməkdir. Belə ki, Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır.
Göründüyü kimi, mənfur qonşumuz Azərbaycana qarşı hələ də mina müharibəsini davam etdirir. 2022-ci ilin avqust ayından başlayaraq Azərbaycan tərəfi Kəlbəcər və Laçın istiqamətində 3 minə yaxın mina aşkarlamışdır ki, bunların işarələnməsi birmənalı olaraq həmin sursatların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu sübut edir. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77 min 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamayan hərbi sursat aşkarlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətdə də müəyyən işlər aparılır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Yüksək beynəlxalq etimadın rəmzi.
Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına sədrliyinin artıq ilk ilindən bu təşkilatın nüfuzunun yüksəlməsinə və eyni zamanda da bütün bəşəriyyətin rifahına xidmət edən önəmli töhfələr verməyə başlayıb. Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi təşkilata üzv dövlətlərin yekdil qərarı ilə 2019-cu ildən 2022-ci ilə qədər öz üzərinə götürüb. Elə həmin il dünya ölkələri bütün bəşəriyyəti təhdid edən COVID-19 pandemiyası ilə necə mübarizə aparacaqları barədə çaşqınlıq içərisində olarkən məhz Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə bu ölümcül təhlükə ilə mübarizədə qlobal səylərin birləşdirilməsinin əsas təşəbbüskarı oldu. Hərəkatın Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə etdiyi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, ölkəmiz Hərəkata sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub. Bundan başqa, Azərbaycan həmçinin Qoşulmama Hərəkatının institusional inkişafına önəmli töhfələr verib. Bu baxımdan Azərbaycanın təşkilata sədrliyinin növbəti nailiyyətləri kimi 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsinin və 2022-ci illərdə Gənclər Təşkilatının yaradılmasını qeyd etmək olar. Bütün bu uğurlar ona səbəb olmuşdur ki, yenə də üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-ilin sonuna qədər uzadılmışdır. Lakin Azərbaycan hər zaman olduğu kimi, artıq əldə olunan nailiyyətlərlə kifayətlənmir. Bu gün yenə də ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması istiqamətində çalışmalar aparılır. Möhtərəm dövlət başçımızın dediyi kimi, institusional davamlılığa doğru atılan bütün bu addımlarla Azərbaycan növbəti sədrlərə uğurlu bir miras qoyacaq.
Həqiqətən də Qoşulmama Hərəkatı yeni dünya düzəninin formalaşması prosesində aparıcı mövqelərdən birinə sahib olmaq üçün bütün imkanlara malikdir. Bu məqsədə çatmağın real yolunu isə cənab Prezident İlham Əliyev öz çıxışında konkret təklifləri ilə aydın şəkildə cızmışdır. Dövlətimizin başçısı bunun üçün ilk növbədə təşkilata üzv ölkələrin “Bandunq prinsipləri” üzərində qətiyyətlə durmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səslərini ucaltmalı olduqlarını qeyd etmişdir. Artıq heç kim üçün sirr deyil ki, bu gün beynəlxalq hüquq demək olar ki, tamamilə qeyri-işlək bir vəziyyətə gəlmişdir. İkinci dünya müharibəsindən sonrakı dövrdə dünyada sülhün və ədalətin qorunması üçün təsis olunmuş beynəlxalq təşkilatlar isə getdikcə daha çox öz nüfuzlarını və qlobal hadisələrə təsir imkanlarını itirirlər. Bunu BMT Təhlükəsizlik Şurasının timsalında ən bariz şəkildə görmək olar. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, bu gün BMT bəşəriyyətin gözləntilərinə cavab vermir və bu təşkilatda ciddi islahatların aparılması qaçılmazdır. O cümlədən dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının funksionallığının bərpa olunması üçün bu orqanda daha çox ölkənin təmsil olunmasının vacibliyini vurğuladı.”
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova