BAAU-nun prorektoru Brüsseldəki tədbirlərə qatılıb
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində Brüssel şəhərində növbəti tədbirlər başlayıb.
Qanunla.Az xəbər verir ki, layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri Avropanın nüfuzlu EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarlarda iştirak edəcəklər. Bakı Avrasiya Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Səyavuş Qasımov təmsil edir. Avropaya səfər iyulun 3-dən başlayıb.
Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra Christophe Terrasse EFMD təşkilatının fəaliyyəti barədə geniş təqdimat nümayiş etdirib. Növbəti təqdimatda isə Jean-Baptiste Maillard EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələrini Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə bölüşüb.
Məhsuldar günün yekun təqdimatları isə ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyalarının, eləcə də EFMD-nin bu istiqamətdəki təcrübələrinin, o cümlədən dövri nəşrlərinin müzakirəsinə həsr edilib.