21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi

Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi

Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

“Euronews” telekanalınin “Qlobal dialoq” proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Suşa şəhərində kanalın beynəlxalq müxbiri Aneliz Borjeslə müsahibəsi efirə verilib. Dünyanın əksər ölkələrində yayımlanan “Euronews” telekanalında göstərilən müsahibə geniş ictimaiyyət tərəfində böyük maraqla qarşılanıb.Cənab Prezident müsahibəsində bildirib ki, ölkəmizin Ermənistana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Dövlət başçısı bildirib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq: “Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.

“Euronews” telekanalına müsahbəsində Prezident cənab İlham Əliyev həm də Ermənistandakı ermənilərə müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləri ilə sülh istəyirik. “Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, – deyə Prezident İlham Əliyev bildirib.

Ölkə başçısı öz müsahibəsində 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəyə xüsusi olaraq toxunaraq bildirdi ki, “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik”.

“Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”, – deyə Prezident İlham Əliyev bildirib.

 Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Leyla Əliyeva.

 

 

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi Azərbaycan reallıqlarının, ən əsası 30 illik torpaq həsrətimizə son qoyan, ərazi bütövlüyümüzü və  tarixi ədaləti bərpa edən tarixi Zəfərimizlə bağlı bütün məqamların dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbədir. Bu baxımdan “Euronews” televiziyasına müsahibəsi də olduqca əhəmiyyətli və zəngin mənbədir. Cənab İlham Əliyev diqqəti dünyaya səs salan, bir dastana çevrilən Şuşa əməliyyatına yönəldərək bu  fikri xüsusi vurğuladı ki,  Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə – siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.”

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Hər daşı, qayası tarix olan Şuşanın mütəmadi olaraq iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz olaraq  tədbirlərə ev sahibliyi etməsi bura gələn  xarici qonaqlarımızın erməni vəhşilikləri barədə dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar yaradır.  Cənab İlham Əliyev müsahibəsində onu da qeyd etmişdir ki, Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir. Ağdamda da vəziyyət eynidir.

20 faiz torpaqlarımızın işğalı bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuşdur. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Artıq Zəngilanın Ağalı və Tərtər rayonunun Talış kəndləri sakinlərinə qovuşub, həyatının yeni mərhələsini yaşayır. Laçın şəhərinə qayıdış hələ mərhələli şəkildə davam edir. Qısa zamanda bu torpaqlarda aparılan bərpa-quruculuq işlərinin miqyası iqtisadi və maliyyə imkanlarımızın, eyni zamanda, xalqımızın necə qurucu xalq olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında hazırkı dövrün hədəflərini açıqlayaraq bildirir ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, müdafiə gücümüzün artırılması prioritetdir. Bir müddət əvvəl cari ilin dövlət büdcəsinə əlavələrdə də qeyd olunan istiqamətlərə ayrılan vəsaitlər artırıldı.

Qeyd edilən müsahibəsində «İndi sülh bizim gündəliyimizdədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər: «Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur.»

Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı – Gülbəniz Əhmədova

 

 

Önəmli görüşlər.

Dövlət başçısı cənab İlham Əliyevin çıxışlarında, yerli və xarici televiziyalara müsahibələrində diqqət çəkən əsas məqamlardan biri  dünyada baş verən hər bir məsələ ilə bağlı ölkəmizin mövqeyini əsaslı şəkildə, ədalətə və beynəlxalq hüquqa söykənərək bildirməsidir. Bu fakt inkaredilməzdir ki, Azərbaycan bütün dövrlərdə dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin dövlətimizin real faktlara, tarixi həqiqətlərə əsaslanan müstəqil  siyasəti hər bir  qərəzli yanaşmanın cavablandırılmasında öz sözünü deyir. Hazırkı dövrdə Ermənistanın «humanitar vəziyyət», «blokada» kimi şoularına dəstək verildiyi, bəzi dünya güclərinin işğalçı dövləti müdafiədən irəli gələn narazılıqlarının  daha qabarıq şəkildə  yer aldığı hazırkı dövrdə dövlət başçısı İlham Əliyevin  49 ölkədən 150 jurnalisti bir araya gətirən Şuşa Qlobal Bakı Forumundakı çıxışının  ardınca,  “Euronews” televiziyasına müsahibəsi mühüm məqamları ilə ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.  Azərbaycana qarşı geniş təbliğatın aparıldığı bir vaxtda dövlət başçısı həmişəki kimi birbaşa kommunikasiyaya gedərək bütün məsələlər üzrə ölkəmizin haqlı, ədalətli mövqeyini diplomatik ustalıqla ortaya qoyur.

Cənab  İlham Əliyev xarici siyasətimizin əsas prinsiplərinin dəyişməzliyini söylədiyi fikirləri ilə bir daha təsdiqlədi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Bu nöqteyi-nəzərdən  yanaşdıqda dövlət başçısı cənab İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın regionda, həmçinin dünya siyasətində rolunu açıqlayaraq, hazırkı dövrün əsas çağırışlarının nədən ibarət olduğunu bir daha diqqətə çatdırdı. Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətimizin uğurları biri-birini əvəzləməkdədir.

Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın çoxəsrlik tarixinin  yazılan Zəfər səhifəsi daim vərəqlənir, 30 illik işğal dövründə yaşananlar əsaslı şəkildə diqqətə çatdırılır. Əbəs yerə deyilmir ki,   zaman hadisələrin düzgün təhlili və dəyərləndirilməsi baxımından zəngin mənbədir. Arxada qalan bir il 10 noyabr 2020-ci il tarixli  Bəyanatın imzalanmasına gedən yola daha aydın işıq salaraq, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, kimin kim olduğunu göstərdi. 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə imitasiya naminə danışıqlara qatılan Ermənistanın fürsət düşən kimi, Azərbaycanı sülh danışıqlarında maraqlı olmamaqda, həmçinin guya hazırda arxivə atılan   ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etməyərək  digər təşkilatları münaqişənin həllində vasitəçiliyə cəlb etməkdə günahlandıraraq  diqqəti yayındırmağa çalışan Ermənistan hakimiyyətinin bu kimi qərəzli təbliğatlarını  nəyə hesabladıqları  bugünümüzdən  baxdıqda daha aydın görünür. Azərbaycanın müdafiə xərclərini artırmasını məsələnin sülh danışıqları yolu ilə həllində maraqlı olmamaq kimi təqdim edən işğalçı dövlət və havadarları niyə illərdir  Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstərəndə, silahlandıranda özlərinə məlum, amma başqaları üçün sual doğuracaq məqamları   cavablandırmaq  barədə düşünmürdülər? 44 günlük İkinci Qarabağ  müharibəsi dövründə  Azərbaycan ordusu tərəfindən məhv edilən, yaxud qənimət kimi götürülən erməni hərbi texnikasının say tərkibinə və onların alınması üçün lazım olan vəsaitin miqdarına diqqət yetirmək kifayətdir. Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa Zəfərindən  sonra düşmənə növbəti ağır zərbə vuruldu. Belə ki, noyabrın 9-da  növbəti şanlı hərbi qələbəmizlə 71 yaşayış məntəqəsi, bir qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edildi.  27 sentyabrdan 10 noyabradək  300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və  strateji yüksəkliklər azad edildi. İşğal altında olan digər rayonlarımızın – Ağdam, Laçın və Kəlbəcərin  10 noyabr Bəyanatına uyğun olaraq qan tökülmədən Azərbaycana qaytarılması hərbi-siyasi qalibiyyətin bariz nümunəsidir. Azərbaycan xalqı Vətən müharibəsində  nə qədər böyük,  vətənpərvər, dəmir iradəyə malik  xalq olduğunu bir daha göstərdi. 30 ilin əziyyəti,  ümidsizliyi,  əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik,  mətinləşdik, gücləndik, özümüzü topladıq, “artıq yetər” deyib  işğalla barışmadığımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdik. Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla  Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Hansı ki, dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində bildirirdi ki, Ermənistan torpaqlarımızdan çıxmaları ilə bağlı tarixi versinlər, müharibəni dayandıraq.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova

 

 

Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq.

Dövlət başçısı cənab İlham Əliyev  iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində diqqəti tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına, eyni zamanda,  beynəlxalq aləmdən gözləntilərə yönəltdi.  «Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi» söyləyən cənab İlham Əliyev qeyd etdi ki,  2020-ci il noyabrın 10-da Bəyanatı imzalayan  zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə  Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq: «Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.»

Dövlət başçısı cənab İlham Əliyev bu fikirləri ilə bir daha Azərbaycan dövlətinin, xalqının 30 illik işğal dövründə yaşadıqlarına baxmayaraq humanistlik göstərib Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirir. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. 30 illik işğal dövründə qarşı tərəf danışıqlara imitasiya naminə qatılıb vaxt qazanmağa çalışsa da Azərbaycan tərəfi sülh danışıqlarının nəticə verəcəyinə ümid edirdi. Çünki ədalətin və beynəlxalq hüququn tərəfində olan ölkəmiz dünyanın haqqı müdafiə edəcəyini düşünürdü. Lakin əksər  dünya gücləri ədalət və beynəlxalq hüquq məfhumlarını maraqlarının arxasında gizlədərək ikili standartlara əsaslanan siyasətləri ilə  beynəlxalq aləmdə bir etimadsızlıq mühitini yaratdılar. Hansı ki, bu gün bəzi dünya gücləri həmin dövrün reallıqlarını unutmuş kimi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına səy göstərir, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğunu bildirirlər. 30 illik işğal dövründə bu reallığı təsdiqləsəydilər sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-VəfaXəlilli

 

 

Ermənistandakı ermənilərə önəmli mesaj.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına müsahibə verib. Müsahibə avqustun 1-də  “Euronews“da yayımlanıb. Bu müsahibə İkinci Qarabağ müharibəsini, müharibənin xarak­te­rini, üçtərəfli bəyanatın mahiyyətini, nəticələrini, müharibədən sonrakı vəziyyəti – qalib və məğ­lub dövlətlər arasındakı müna­si­bətləri əhatələyib. Bütün müharibələrin sonu danışıqlardır. Bu müharibə də sonda danışıqlarla, razılaşma ilə başa çatdı, bu razılaşmanın şərtlərini qalib Azərbaycan müəy­yən­ləşdirdi ki, bura da ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanın­ması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləri daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verilən suala cavab olaraq dedi: “Azər­­­­­bay­can 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”.

İllərlə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi tanıdılan torpaq iddia­sını beynəlxalq təşkilat kimi ATƏT-in Minsk qrupu həll etməyə səlahiyyətli idi. Ancaq birtərəfli mövqe bu problemin həllini 28 il uzatdı. Bu təşkilatın həll edə bilmədiyini Azərbaycan Ordusu döyüşlə həll etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu haqda da fikir bildirdi: “Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir”.

İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər bölgədə siyasi münasibətlərə də təsir göstərdi, ədalətli müharibə aparan Azərbaycana da, işğalçı Ermənistana da münasibətlərdə ciddi dəyişiklik­lər yaratdı. İşğala meyillər də üzə çıxdı, bəşəriliyə meyillər də. Bu nöqteyi-nəzərdən ölkə başçımız dedi ki, “İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlan­dı­rılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayan­ma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi”.

Beynəlxalq təşkilatlar bir qayda olaraq tərəfsizlik prinsipi ilə fəaliyyət göstərməlidir. Bu fəaliyyət dürüstlük, doğruluq, aşkarlıq əsasında tənzimlənməlidir. Həmişə belə olmur. Ermənis­ta­nın işğalçılıq siyasətinə bələd olan beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən sonra da bu dövlətə qayğı ilə yanaşmağa meyil göstərir, bəzən ciddi qanun pozuntularına da əl atır. Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində belə bir mühüm məqamı da diqqətə çatdırdı: “Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç Ko­mi­tə­sinin yük ma­şın­larının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaq­mal­çılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir”. Bu fakt Qırmızı Xaç Komitəsinin nüfuzunun eroziyası deyilmi?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də bildirdi ki, “Biz onların döv­ləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”…

Bu müsahibə Azərbycan gerçəkiliklərinin ictimailəşdirilməsi baxımından olduqca gərəkli müsahibə kimi tarixləşdi və bir daha təsdiq olundu ki, Azərbaycan bəşəri dövlətdir, dünyəvi döv­lət­dir, tolerant dövlətdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru– Könül Rəhimova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın