22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan diplomatiyasının növbəti uğuru

Azərbaycan diplomatiyasının növbəti uğuru

Azərbaycan diplomatiyasının növbəti uğuru

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT-nin Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir. Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı.

Azərbaycan heç vaxt boş vədlər vermədiyini bir daha nümayiş etdirdi. Ağdam-Xankəndi yolunun alternativ yol kimi açıq olduğu və təmirdən sonra daha qısa, daha təhlükəsiz və daha istifadəyə yararlı bir yol olduğu sübuta yetirildi. Bununla da növbəti dəfə Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenaların müzakirə obyekti olmadığı dünyaya çatdırıldı. İndi Ermənistan baş nazirinin hökümətin iclasında bir daha “Dünyada elə bir ölkə, qurum yoxdur ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımasın. Dünya bizi eşitmək istəmir” ifadələrini səsləndirəcəyini sanki duyuram. Əslində isə dünya onları deyil, onların yalanlarını eşitmək istəmir. Azərbaycan və onun Müzəffər rəhbəri bir daha sözün bütün mənalarında dünyanın gözünü açdı. Yalanlar, yalandan yazıq kimi görünənlər, özlərinə yazıq imici yaradanlar artıq dünyada sayəmizdə qəbul olunmurlar.

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında əldə olunan növbəti qələbə həm də dünyanın heç də 1992-ci ildə Xocalı soyqırımı vaxtı olan dünya olmadığını nümayiş etdirdi. Azərbaycan müharibəni yalnız döyüş meydanında qazanmadı, o həm də informasiya müharibəsində qələbə əldə edərək reallıqları dünya ilə paylaşdı. Həqiqəti qəbul edənlər Azərbaycanla dost oldular. Azərbaycan cəmiyyəti, xüsusi ilə fəal gənclər öz sosial şəbəkə platformalarını yaradaraq, orada birləşərək dünyanı Azərbaycan həqiqətlərinə inandıra bildilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dörd dildə verdiyi müsahibələr isə Azərbaycan cəmiyyətinə mübarizənin yeni yolunu, istiqamətini göstərdi.

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səfir Yaşar Əliyevin sosial şəbəkələrdən nümunə gətirməsi və Xankəndidə əslində heç kimin acından ölmədiyini faktlarla sübut etməsi sosial şəbəkələrin gücünü və orada şəbəkələşən Azərbaycan cəmiyyətinin məsələlərə təsir imkanını göstərdi. Ermənilərin “blokada” yalanının ifşa edilməsi istiqamətində göstərilən şəkil-foto-kollajlar aylardır “#noblockade” “#fakeblockade”  həştəq və etiketlərdən istifadə edilərək Azərbaycan cəmiyyətinin təbii formada birləşməklə apardığı məqsədyönümlü kampaniyaların nəticəsidir. Bu ictimai və təbii formalaşan kampaniyalar dövlətimizə bir daha Ermənistan üzərində informasiya müharibəsində qalib gəlməyə kömək etdi. Budur bizim gücümüz, budur bizim birliyimiz!

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov

 

 

Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu

Günümüzün hazırda əsas müzakirə mövzusu avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı hissəsinin Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi və ölkəmizin növbəti diplomatik uğurudur. Ermənistan yenə də ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi və daim ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın diplomatik gücünün bir daha şahidinə çevrildi. Onu da qeyd edək ki, bu, Fransa və Ermənistanın növbəti iflasıdır. Belə ki, ötən ilin dekabrında da sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılmasına cəhd göstərilsə də, nəticəsiz qalmışdı. Təbii ki, Ermənistanın bu əsassız təbliğatları, yalanları, beynəlxalq ictimaiyyətin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmaq cəhdləri bizə 30 illik işğal dövrünün reallıqlarını yada salmağa çağırış edir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıq yaratsa da keçmişdə yaşananlar, eyni zamanda, dünyada ədalət və beynəlxalq hüquq prinsiplərinin hansı şəkildə tətbiq edildiyi və qorunduğu unudulmur. İşğalçını adı ilə çağırmağın bəzi güclər üçün nə qədər “çətin” olmasına baxmayaraq, Ermənistana hərtərəfli dəstək belə qənaət yaradırdı ki, sanki təcavüzkarı müdafiə etmək beynəlxalq hüququn prinsipidir. Amma Azərbaycan keçmişdə qalan Qarabağ münaqişəsinin həllində vacib amillərdən bəhs edərkən beynəlxalq dəstəyi önə çəksə də bununla kifayətlənmədi, əksinə, daxildə daha da möhkəmləndi və tarixi ədaləti öz gücünə bərpa etdi.

Ermənistanın BMT Təhlükəsizlik  Şurasından növbəti dəfə şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Belə bir ali orqanı Ermənistanın bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. Bəyanatda, həmçinin bildirilir ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülhün və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edildi və Ağdam yolunun açılması vacib sayıldı. Ən əsası Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktı qəbul edildi. Sual olunur: Ermənistan bundan sonra sülhdən necə danışacaq? Azərbaycanın irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir ki, onların sırasında ərazi bütövlüyünün tanınması əsas şərtlərdəndir. Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə bu prinsipləri dəstəkləsə də Azərbaycan bunun sənəddə qeyd edilməsinə çağırış edir.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova

 

 

Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır.

Mayası yalan, hiylə və xəyanətlə yoğurulan ermənilər beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün total böhtan və feyklərdən istifadə etsələr də, son nəticədə yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünün şahidinə çevrilirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasıdır. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri növbəti dəfə nəticəsiz qaldı. Qısa desək, toplaşdılar, söhbətləşdilər və dağılışdılar. Yaşanan bu mənzərə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində bütün çıxışlarında, xalqa müraciətlərində hər kəsin səbirsizliklə gözlədiyi bu ifadəni bir daha yada saldı: nə oldu, Paşinyan? Ermənistan və ona havadarlıq edən dövlətlər artıq bu reallığı qəbul etmək məcburiyyətindədirlər ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar Birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, ölkəmizin əleyhinə təbliğat aparan bəzi dünya güclərinin də bu gün Qarabağın Azərbaycana məxsus olduğunu söyləmələri Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənərək imza atdığı tarixi Zəfərinin təqdimatıdır. Azərbaycan Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və onun havadarlarına sübut etdi. Ermənilərin feyk xəbərləri tarixi Zəfərimizlə fiaskoya uğradı. Lakin postmünaqişə dövründə Ermənistanın və onu dəstəkləyənlərin etdikləri cəhdlərin kökündə sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, müxtəlif bəhanələrlə bu vacib addımı atmaqdan yayınmaq durur. BMT Təhlükəsizlik Şurasına edilən müraciət və qurumun bu məsələ ətrafında apardığı müzakirələr də bu siyasətin tərkib hissəsidir. Müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə sona çatsa da bu mühüm məqamı qeyd etməliyik ki, dünyada sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rola malik olan bir qurum sözsüz ki, belə müzakirələrdən əvvəl araşdırmalara, gündəmə gətirilən məsələnin nə dərəcədə reallığı özündə əks etdirməsinə xüsusi diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni təkbaşına icra edən Azərbaycan hər addımında ədalətə və beynəlxalq hüquqa söykəndiyini nümayiş etdirir.

Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Hadisələrin gedişi bir daha sübut edir ki, Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmağa çalışır. Müzakirələrdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu, olduğu kimi qalır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Belə bir əminlik də ifadə edildi ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək. Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova

 

 

Fransanın aşkar dəstəyi də fayda vermədi.

Hər kəs bilirki ki, ermənilərin “humanitar fəlakət”, “blokada” və “soyqırım” şoularını BMT Təhlükəsizlik Şurasının (TŞ) müzakirəsinə daşınmasının əsas müəllifi məhz Fransanın dövlət başçısıdır. Çünki Fransa Təhlükəsizlik Şurasının  beş üzvündən biridir. Görünür, hapa-gopa basan Emmanuel Makron hayları qələbə qazanacaqlarına ümidləndirib və arxalarında möhkəm duracaqlarına söz verib. Ancaq Makronun təkəbbürü güvəndiyi qurumda da sındırıldı və gözünə girmək istədiyi Ermənistanı isə dünyaya güldürdü. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Dünya beşdən böyükdür.” Elə də oldu. Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyevin nümayiş etdirdiyi “acından ölən” hayların “toy” fotoşəkilləri iştirakçıların gülüşünə səbəb oldu.

Makron ssenarisinin boşa çıxması ilə  Qarabağdakı  separatçı-terrorçu ermənilər Azərbaycanın təklifi və ya dəmir yumruğu ilə təkbətək qalıb. Bu da ona gətirib çıxarır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyası qaçılmazdır. Bu, bütün regionda sülhə, sabitliyə nail olmağın ən vacib elementlərindən biridir. Əgər sonuncu təklifdən də qaçsalar, onda öz bəxtlərindən küsməli olacaqlar. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan iki dəfə dialoq təşəbbüsü ilə çıxış edib. Üçüncü təklif olmayacaq. Haylar başa düşməlidirlər ki, Azərbaycan onların nazı ilə çox oynamayacaq. Onlara verilən vaxt limiti artıq tükənib.  Daha bir otuz il də gözləyən olmayacaq. Bunu başa düşmək, reallıqları anlamaq, sərsəm keçmişlə, xam xəyallarla yaşamaq əvəzinə normal gələcək barədə düşünmək lazımdır. Azərbaycanla hədə və təzyiq dili ilə danışmağın səmərəsiz olduğunu yaxın tariximiz dəfələrlə sübut edib. Bu gün də sübut edir. Bizim güclü dövlətimiz, müdrik liderimiz, perspektivlə bağlı aydın “yol xəritələri”miz var. Ermənistan bir dövlət üçün vacib olan bu cür imkanlardan və ehtiyatlardan məhrumdur və daha böyük məhrumiyyətlərlə üzləşməmək üçün reallıqları obyektiv qiymətləndirməyə cəhd göstərməlidir. Qızışdırıcı himayəçilərdən uzaqlaşmalı, sərsəm ideyaları unutmalı, ağılsız oyunlardan birdəfəlik əl çəkməli, qonşularla normal münasibətlər qurmalıdır. Dünyanın gedişatı belə tələb edir. Bunu qanmaq çətin bir şey deyil axı. O da çətin olsa, onda  qanmazı qandırarlar.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

Rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir.

Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq faktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı.Bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.

Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün  Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi. İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxınlıqdakı Yevlax şəhərində keçirilməsi razılaşdırılmışdı. Təəssüflər olsun ki, on gün əvvəl – avqustun 5-də Ermənistan qanunsuz qurulan rejimi vasitəsilə siyasi motivli və qeyri-qanuni ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürməklə hər iki razılaşmadan son anda geri çəkildi.

Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneə törədir.Bunun yalnız bir izahı var. Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırır. Avqustun 5-də BQXK vasitəsilə humanitar yüklərin çatdırılmasına dair razılaşmanın pozulması yeganə maneə deyil. Əslində bu, Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaqla və yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olmaqla bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməsinin, eləcə də humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin davamıdır.

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın