Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır.
Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir. Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı.
Etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas məqsədi ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır.
BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclasında görüldüyü kimi, Fransa Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibəti sərgiləyir. Rəsmi Paris Azərbaycanofobiya siyasətindən əl çəkməli və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməlidir
Fransanın aşkar dəstəyi də fayda vermədi. Rəsmi İrəvan Laçın-Xankəndi yolu ilə bağlı əsassız iddiasını himayədarı Fransanın aşkar dəstəyi ilə hələ 2022-ci ilin dekabrında BMT-nin müzakirəsinə çıxarmağa cəhd etsə də, ölkəmizə qarşı hansısa qərəzli qərarın qəbuluna nail olmayıb. Erməni lobbisinin, Ermənistanı aşkar şəkildə dəstəkləyən bəzi dövlətlərin qeyri-konstruktiv yanaşmasına, müzakirələrə təsir göstərmək cəhdlərinə baxmayaraq, İrəvanın gözləntiləri puça çıxıb. Bu ilk növbədə, rəsmi Bakının yürütdüyü hücum diplomatiyasının səmərəliliyini, İrəvanı informasiya müstəvisində üstələdiyinin əyani göstəricisidir.
Azərbaycan rəsmi İrəvanın iddialarının əsassızlığını 2022-ci ilin dekabr ayından etibarən beynəlxalq ictimaiyyətə göstərmək üçün təkzibedilməz fakt və arqumentlərdən istifadə edib. Laçın-Xankəndi yolunun açıq olduğunu göstərən foto və videogörüntülər yerli və beynəlxalq KİV-lərdə yayılıb. Eyni zamanda, əcnəbi qonaqların, jurnalistlərin, ölkəmizdə akkreditasiyadan keçmiş beynəlxlaq təşkilatların nümayəndələrinin, diplomatik korpus və səfirliklərin təmsilçilərinin əraziyə davamlı səfərləri təşkil edilib. Beləliklə, Ermənistanın yalan kampaniya apardığı konkret faktlarla sübuta yetirilib.
Hücum diplomatiyasının məntiqli nəticəsi. Rəsmi Bakı regiondakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində kifayət qədər dolğun və obyektiv təəssürat formalaşdıra bilib. Bu həm də ölkəmizin uğurlu diplomatik-siyasi fəaliyyətinin, hücum diplomatiyasının və bütün məsələlərdə beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir.
Laçın-Xankəndi yolu ilə iddialarını BMT müstəvisində qəbul etdirmək cəhdi bir daha təsdiqləyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Ermənistan reallıqda buna zidd davranışlara yol verir. Rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. BMT-də aparılan müzakirələr bir daha göstərdi ki, bəzi Qərb dövlətlərinin və təşkilatlarının əsassız çağırışlarına, qərəzli bəyanatlarına baxmayaraq, dünya ictimaiyyəti rəsmi Bakının haqlı mövqedə olduğundan xəbərdardır. Əməkdaşlığa daim açıq olan Azərbaycan. Ermənistanın son təxribatlarından sonra belə Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidinə, sözügedən humanitar təşkilat vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Laçın-Xankəndi yolundan hərbi təchizat və təxribat məqsədləri üçün yararlanmağa çalışdığını dəfələrlə bildirib, bununla bağlı əyani faktları təqdim edib. Azad edilmiş ərazilərdə, xüsusilə də Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkarlanması buna əyani sübut olub.
BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyusluq yaradıb. Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Əslində, BMT-nin son qərarından sonra bu prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı