21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qardaşlıq əlaqələrinin önəmli amili

Qardaşlıq əlaqələrinin önəmli amili

Qardaşlıq əlaqələrinin önəmli amili.

Ölkəmizə rəsmi səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuli rayonuna gəlişi bu günlərdə doğma yurd-yuvalarına qovuşan soydaşlarımızı daha da qürurlandırdı. Füzuli Beynəlxalq Hava Limanı növbəti dəfə Azərbaycana dost, qardaş ölkənin-Özbəkistanın dövlət başçısını qarşıladı. Qarşılanma mərasimində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Bu mühüm hadisə dünyaya bir daha türk birliyinin təqdimatı oldu. Onu da qeyd edək ki, Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edib. Həm bu məqam, həm də Füzuli səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə işıq salır. Səfərin gündəliyinin zənginliyi həm görüşlərdə səsləndirilən fikirlərdən, gündəmə gətirilən məsələlərdən, həm imzalanan sənədlərin say tərkibindən, həm də azad Füzulidə bilavasitə cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilən məktəbin açılışından, həmçinin Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdən və sair kimi məqamlardan daha aydın görünür. Dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə də tanış oldular. Özbəkistan Prezidentinin mətbuata bəyanatında səsləndirdiyi “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər. Bu gün Özbəkistanın xarici siyasət vektoru da bizim proqramı praktiki olaraq zənginləşdirməyə istiqamətlənib” fikirləri səfər çərçivəsində atılan addımların ümumi mənzərəsini təqdim edir. Cənab Şavkat Mirziyoyev, eyni zamanda, bildirdi ki, bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq: “İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik.”

İşğaldan azad edilmiş ərazilərimizə edilən hər bir səfər milli qürurumuzun, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğumuzun təqdimatıdır. Bu məkanlardan ünvanlanan hər bir çağırış Azərbaycanın hazırda regionda və dünyada sözünün imzası qədər əhəmiyyətli olmasının göstəricisidir. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz türk birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri, qardaş dəstəyi əsasında atılan addımın- tikilən məktəbin açılışında iştirakı özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev bildirir: “ Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.”

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin direktoru – Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın