“Laçın” buraxılış məntəqəsini həzm edə bilməyən Ermənistan dezinformasiya yaymaqla məşğuldur
Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar.
Onların iddialarına görə, guya biz Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirir və Qarabağ bölgəsində humanitar böhran yaradırıq. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.
Laçın Azərbaycanın ərazisi olduğundan burada həyata keçirilən tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.
“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsi strateji əhəmiyyətə malikdir. Bu məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin cari ilin may ayında ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirdi ki, “Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Dövlətimizin başçısı Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağını da ABŞ rəsmisinin diqqətinə çatdırdı.
Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi Qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ölkəmizin legitim hüququ və onun gücünün təcəssümüdür
Avqustun 26-sı “Laçın Şəhəri Günü”dür və bu təqvim ölkəmiz üçün olduqca əlamətdardır. Şanlı Azərbaycan Ordusu məhz bu tarixdə 30 ilə yaxın müddət ərzində işğal altında qalmış Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olaraq, onları tam nəzarətə götürdü. Böyük Qayıdış Proqramı çərçivəsində artıq Laçına ilk köç başlayıb və Laçın yenidən qurulur. Uzun illər dədə-baba yurd-yuvasından, evlərindən məcburi köçkün düşmüş həmvətənlərimiz öz doğma yurdlarına geri qayıdırlar. Məhz bu gün şahidlik etdiyimiz tarixi anlar dövlət başçısının iradəsi və rəşadətli Ordumuzun əzmi sayəsində mümkün oldu.
Bu gün şanlı Azərbaycan Bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanması Qələbəmizin ən böyük sübutudur.
Tarixi Zəfərimizdən sonra ən böyük hadisələrdən biri də məhz dövlət sərhədimizin yaradılması oldu. Sərhədin toxunulmazlığı dövlətin qüdrətini təcəssüm etdirir. Bu məqsədlə də bu ilin 23 aprel tarixində Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı. Azərbaycan-Ermənistan sərhədi təsis edilməklə ölkələr arasında keçidin, hərəkətin təhlükəsizliyi təmin edildi. “Laçın” sərhəd-buraxılış məntəqəsi erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməklə bərabər, həm də işğal altındakı ərazilərimizdə vaxtilə yerləşdirilmiş qeyri-qanuni birləşmələrin rotasiyasının qarşısını alır. Terrorçu dəstələr vaxtilə sərhədin olmamasından istifadə edərək, rahat şəkildə hərəkət etmiş, eləcə də bu yoldan silah, sursat və başqa avadanlıqlar daşınmışdır.
Azərbaycanın legitim hüququ əsasında təsis edilmiş “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi terrorçuların silahlanmasının qarşısını almaqla bərabər, ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan vermir. Sərhəd rejimi qısa müddət ərzində öz uğurlu nəticəsini verməkdədir. Uzun illər həmvətənlərimizə qarşı kütləvi soyqırımı cinayəti törətmiş Vaqif Xaçaturyan məhz “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılmışdır. Bu gün Ermənistanın sərhəd buraxılış məntəqəsi ilə bağlı narahatlığının yeganə səbəbi də məhz terrorçuları himayə etməsi ilə bağlıdır”.
Məğlubiyyətlə barışmaq istəməyən Ermənistanın havadarlarından güc alaraq siyasi manipulyasiyalara cəhd göstərdiyini vurğulayan Milli Məclis sədrinin müavini qeyd edib: “İlk növbədə, bunu dəqiqləşdirmək lazımdır ki, bu gün əsassız olaraq humanitar böhranın olmasını qeyd edən bəzi dairələr nəyə görə BMT-nin Ermənistanın Azərbaycana təcavüzünü pisləyən 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistandan işğala son qoymasını tələb etməmişlər. 30 il ərzində torpaqlarımızı təcavüz altında saxlayan Ermənistana törətdiyi cinayətlərə görə bir dəfə də olsun münasibət bildirməyiblər. Ermənistanın hər addımda haqsız mövqeyini dəstəkləyən “himayədarları”nın bugünkü bəyanatları kimə lazımdır?!
Azərbaycan dövlətinin humanistliyi hər kəsə məlumdur. Məhz Ermənistan kapitulyasiya aktına qol çəkəndən sonra ölkəmizin hərbi əməliyyatları dayandırması, erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməsi bunun sübutudur”.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistanın başlatdığı kampaniya heç bir nəticə verməyəcək
Ermənistanla sərhəddə Həkəri çayının üstündə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra ən böyük tarixi əhəmiyyət daşıyan bir işdir. Sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsini qurması ölkəmizin daxili işidir, suveren hüququdur. Dünya birliyi tərəfindən tanınmış coğrafi siyasi sərhədləri daxilində hansı tədbirləri necə həyata keçirmək Azərbaycan dövlətinin müstəsna hüququdur, kimsə göstəriş, tövsiyə verə bilməz. Belə göstəriş və tövsiyələr anındaca rədd edilib və bundan sonra da rədd ediləcək. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ətrafında Ermənistanın başlatdığı kampaniya ucuz təbliğatdan başqa bir şey deyil, eyni zamanda, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməkdir.
Azərbaycan özünün daxili işlərinə Ermənistanın müdaxilə etməsinə heç bir zaman imkan verməyəcək və anındaca cavabını alacaq. “Humanitar fəlakət” ucuz təbliğatdan başqa bir şey deyil. Ermənistan Azərbaycan ərazisində yaşayan erməniləri girovluğunda saxlamamalıdır, Qarabağ iqtisadi rayonunda yaşamaqda davam edən ermənilər Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər. Hər hansı bir təşkilatda müzakirənin, başqa ölkələrin nümayəndələrinin səsləndirdikləri fikirlər gerçəklikdən uzaqdır, ermənipərəst mövqe daşıyır. Ona görə də belə müzakirələr və söylənmiş sözlər Azərbaycan dövləti üçün təyinedici və ya təsiredici ola bilməz. Ermənistanın bütün bu hərəkətlərinin arxasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesini uzatmaq, sülh sazişini imzalamama məqsədi dayanır.
Amma Ermənistan anlamalıdır ki, onun Laçın sərhəd buraxılış-nəzarət məntəqəsi ətrafında qaldırdığı hay-küy heç bir nəticə verməyəcək. Hansısa ölkələr, şəxslər bəyanat verə bilərlər, amma onların bəyanatı əhəmiyyətsiz kağız parçasından başqa bir şey olmayacaq. Azərbaycan müstəqil xarici siyasət yürüdür. Kimsə ona hökm edə bilməz. Azərbaycan coğrafi siyasi sərhədləri daxilində hökmü verən Azərbaycan dövlətidir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc